إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Quran oxumağın fəzilətləri

Quran bəşəriyyətin dünya və axirət xoşbəxtliyini təmin edən ilahi həyat qanundur.

Quran ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Hər kim bu iki dünyada xoşbəxt həyata nail olmaq istəsə, gecə və gündüz Quranla ünsiyyətdə olmalı və onu özündə yaşatmalıdır. Hər gün onunla öz əhd-peymanını yeniləməli və əhdinə vəfadar olmalıdır. Quranla öz əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər, atdıqları böyük addımları Quranla uyğunlaşdırar və gördükləri bütün işləri Quranla yerinə yetirərlər.

İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Peyğəmbər (s) Quran tilavətinin fəziləti haqda buyurmuşdur:«Hər axşam on ayə Quran oxuyan şəxslər, qafil və Allahını unutmuş kəslərdən hesab olunmazlar, əlli ayə oxuyanların adı əməl dəftərinə daim Allahı yad edən şəxslər kimi yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki yüz ayə oxuyan qəlbən ibadətə qapılan və xalisanə bəndəlik edənlərdən, üç yüz ayə oxuyan səadətə nail olanlardan, beş yüz ayə oxuyan (məhşərdə) ibadətə tələsən və bu yolda qalmış kəslər kimi tanınarlar. Min ayə oxuyan kəslər isə, sanki Allah yolunda saysız-hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar.» (Üsuli-kafi, «Quranın fəziləti).

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Quran bəşəriyyətin səadət və xoşbəxtliyini təmin edən həyat qanunudur. Bu qanun toplusu Allah tərəfindən tərtib olunmuş və ən mükəmməl şəkildə onların ixtiyarına qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir ki, buna diqqət  yetirməklə, hər gün ən azı əlli ayə oxumuş olsun.» (Üsuli-kafi, «Quranın fəziləti).

Quran oxumağı sizlərə tövsiyə edirəm. Bilin ki, cənnətin sarayları Quran ayələrinin sayı qədərdir. Qiyamət günü Quran qarilərinə Quran oxumaq əmr olunar. Onlar nə qədər çox oxuyarlarsa məqamları bir o qədər ucalar və öz əməllərinə layiq dərəcələrlə mükafatlanarlar. (Üsuli-kafi).

Hədislərin bir qismi, Quranın üzündən oxunmasının onun əzbər oxunmasından daha fəzilətli olduğuna dəlalət edir. Bu məzmunda nəql olunmuş rəvayətlərdən birində deyilir: İshaq ibni Əmmar imam Sadiq (ə)-dan soruşur. Mən Quranı artıq hifz etmişəm (əzbərləmişəm), onu əzbər olaraq oxusam yaxşıdır, yoxsa üzündən? İmam (ə) buyurdu: «Üzündən oxu, bunun savabı daha çoxdur. Və bil ki, Quranın yazılarına baxmaq özü bir ibadətdir.»

İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: «Quranı üzündən oxuyan şəxslərin gözləri də Qurandan bəhrələnər. Ata-anasının günahları küfr ilə dünyadan köçsələr belə, azalar.»

Quranın üzündən oxunması insanın mənəviyyatına müsbət təsir göstərir. Eyni zamanda Quran yazılarına baxmağın faydaları vardır və bir çox hallarda göz ağrılarından amanda qalır.

Quran ayələrinə nəzər salaraq onun dərin mənalarını dərk etməyə çalışan oxucu, ondan vəsfolunmaz ləzzətlər alır. Nəticədə qəlbi nurlanır və mənəvi paklığa nail olur.

Quranın evlərdə tilavət olunması, haqq kəlməsinin  ev sakinləri tərəfindən dinlənərək qəbul olunmasına səbəb olur. Belə ki, ev sahibi vaxtaşırı Quran oxuyarsa, digər ev sakinləri də onun təsiri altına düşərək bu gözəl adətə meyl edər və nəticədə Quran oxuyan şəxslərin sayı birə on artar. Əgər müsəlmanlar Quran tilavət etmək üçün müəyyən zaman və yer təyin edərlərsə, təbiidir ki, hamının eyni zamanda həmin yerdə Quran oxuması mümkün olmayacaqdır. Bu səbəbdən də Quranın evlərdə oxunması islam hökmlərinin hamı tərəfindən rəğbətlə qəbul olunmasına səbəb olur.

Evlərdə Quran oxunarsa, səhər-axşam oradan Quran səsi ucalar və onu dinləyən şəxslərin qəlbləri bununla təskinlik tapar.

Quranın evlərdə oxunması, həmən evin daha da bərəkətli olmasına səbəb olur. Mələklər bu evlərə nazil olar, şeytanlar isə qorxuya düşərək oradan uzaq olmaq istəyərlər. Ulduzlar yer üzünü işıqlandırdıqları kimi, Quran oxunan evlər də səma əhlinə nur saçar. Quran oxunmayan evlərdə bərəkət olmaz, mələklər bu evlərə gəlməkdən çəkinər və oralar şeytanların daimi gediş-gəliş yerinə çevrilər. (Üsuli-kafi, 2-ci cild. «Quranın oxunma fəziləti).

İbni Abbasın Peyğəmbər (s)-dan nəql etdiyi hədisdə deyilir: «Quranı uca və açıq tərzdə oxuyun! Və onun sirr və qəribəliklərinə yol tapmağa çalışın.»

İbni Məsud, Osman və Ubeyddən nəql olunmuş rəvayətdə deyilir: «Peyğəmbər (s) səhabələrə on ayə təlim verər və onlar bu ayələri əməli olaraq icra etməyincə, növbəti ayələrə keçməzdi. O həzrət çalışırdı ki, səhabələr Quranı əməli olaraq öyrənsinlər.» (Təfsir Qurtəbi, 1/9).

«[Ya Məhəmməd!] Quranı [oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi] sənə vacib buyuran Allah, qayıdacağın yerə [hicrət edərək çıxdığın Məkkəyə] səni yenə də qaytaracaqdır.» (Qəsəs-85).

Əllamə Məclisi bu məzmunda nəql olunmuş hədis və rəvayətləri toplamış və Biharul-ənvarda ayrıca fəsil ayırmışdır.

Quran bəşəriyyətin dünya və axirət həyatının səadət və xoşbəxtliyini təmin etdiyi üçün hər zaman ona müraciət etməli və yetkin nəticəyə oradan gəlməlidir. Bu həqiqəti insanın əql və fitrəti təsdiqləyir, təəssüb, inadkarlıq hissi olmadıqda isə, ona doğru meyl edir.

Zəhəri, imam Səccad (ə)-dan nəql etdiyi hədisdə deyir: «Quranın hər bir ayəsi sənin üçün tükənməz bir xəzinədir. Qarşında açılan bütün xəzinə qapılarına diqqət yetirməli və mahiyyətini dərk etməyə cəhd etməlisən.» (Üsuli-kafi, 2-ci cild, Quranın fəziləti fəsli).

Qeyd edək ki,Quran surələrinin fəzilətləri,onların oxunuşunun müxtəlif təsir və savabları haqda ardıcıl olaraq oxucularımızı tanış edəcəyik.

Ahalibeyt.az

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Sentyabr, 2022  11:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!