إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib(fotolent)

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Ahlibeyt.az-ın Azertag-a istinadən verdiyi xəbərə görə  Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, bunu İslam dininə ehtiram və milli mənəvi dəyərlərimizə verilən yüksək qiymət olduğunu vurğuladı. Şeyxülislam qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin bəhrəsi olduğunu və bu siyasəti Prezident İlham Əliyevin də uğurla davam etdirdiyini bildirdi. Ölkəmizin beynəlxalq imicinin daha da möhkəmləndiyini vurğulayan şeyxülislam respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini dedi.
Azərbaycanda milli mənəvi dəyərlərin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətlərini diqqətə çatdıran şeyxülislam böyük tarixə malik məscid və ziyarətgahlarımızın, sinaqoq və kilsələrin bərpasında dövlətin ardıcıl tədbirlər həyata keçirdiyini bildirdi.
Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza ən xoş arzularını çatdırdı.
Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın, nümunəvi multikulturalizmin beynəlxalq səviyyədə, o cümlədən Rusiyada da yüksək qiymətləndirildiyini bildirdi.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev respublikamızda dinlərarası dialoqun və millətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu söylədi, təbriklərini çatdırdı.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Prezident İlham Əliyev gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirdi. Əsası ulu öndər Heydər Əliyev və şeyxülislam Allahşükür Paşazadə tərəfindən qoyulan bu ənənənin indi də uğurla davam etdirildiyini bildirdi.
Dövlətimizin başçısı ölkəmizin daim milli və dini dəyərlərə sadiqlik nümayiş etdirdiyini dedi. Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını və bütün millətlərin bir ailə kimi yaşadıqlarını qeyd etdi. Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərini vurğulayan Prezident İlham Əliyev bəşəri dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq birliyə uğurla inteqrasiya edən Azərbaycanın İslam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini dedi.
Azərbaycanda əsaslı sosial-iqtisadi inkişafa nail olunduğunu bildirən Prezident İlham Əliyev dünyada maliyyə və iqtisadi böhranın hökm sürdüyü indiki dövrdə də respublikamızın uğurlu inkişafını davam etdirdiyini vurğuladı. Bunu ölkəmizin durmadan artan iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun əyani nümunəsi kimi qiymətləndirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev hərtərəfli güclənən Azərbaycanın işğal altında olan torpaqlarını da azad edəcəyinə əminliyini bildirdi.
Prezident İlham Əliyev şeyxülislam Allahşükür Paşazadənin dinlərarası dialoqun inkişafına dəyərli töhfələr verdiyini, Vətən qarşısında xüsusi xidmətləri olduğunu və beynəlxalq səviyyədə böyük nüfuz qazandığını bildirdi, ona və xalqımıza qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularını çatdırdı.
Şeyxülislam Allahşükür Paşazadə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi, bundan sonra da milli mənafe naminə səylərini əsirgəməyəcəyini vurğuladı, bir daha ən xoş arzularını bildirdi.
Sonra iftar süfrəsi açıldı.

 

32946-3188398e13764aff8401f1b43e1ff40c

32947-cc87c331c511fd1f80ba6d0409cc200f

32949-49c8f9e50ae94f35da5e9cf602558016

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyul, 2014  04:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!