|
Hacı Elşən Mustafaoğlu- Əməvi, Abbasi, Osmanlı xilafətləri də belə kütləvi qırğınlarla, qanla ərsəyə gəlmiş, yüzillərlə davam etmişlərHacı Elşən Mustafaoğlu: “Geniş maliyyə imkanlarına, hərbi qüvvəyə, ən müasir silahlara və xarici dəstəyə - havadarlara arxalanan bu cinayətkar terror qruplaşması bütövlükdə bəşəriyyət, ilk növbədə isə İslam aləmi üçün ciddi təhlükədir”
“Keçmişdəki xilafətlər əsas etibarilə sülalə xarakterli olmuşlar, indikilərin isə ipi kənar qüvvələrin əlindədir”
Xəbər verildiyi kimi, İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatı yeni İslam xilafətini təsis edib. Təşkilat bu barədə yayımladığı videogörüntü vasitəsilə məlumat verib. Əbu-Bəkr əl-Bəğdadi isə müsəlmanların xəlifəsi təyin olunub. Terrorçu təşkilatın bəyanatında onların, həmçinin yeni "dövlət"lərinin adını dəyişərək, "İslam Dövləti" adlandırdıqları da bildirilir. Qeyd edək ki, əsas hədəfi Yaxın Şərqin şiə şəhərlərini ələ keçirmək olan vəhhabi terrorçuların hazırkı məqsədi Bağdadı nəzarətə götürüb İraq dövlətinin varlığına son qoymaqdır. Maraqlıdır ki, görünməmiş qəddarlıqlar törədən təşkilatın bu hərəkətləri İslam ideyalarının dünyada sürətlə yayılmağı, özünə dayaq tapmağa başladığı bir dövrdə baş verir. Görünür, maraqlı qüvvələr bu prosesin qarşısını almaq üçün İslamın gözdən salınmasını ilkin hədəf kimi götürüblər. Və bu məqsədlə İŞİD-dən istifadə edirlər.
Əlbəttə, onların iyrənc vəhşiliklərini müşahidə edən böyük əksəriyyət xilafət adına iddia edən bu başkəsənləri qəbul etmir. Amma bu da bir həqiqətdir ki, arxasında nəhəng güc mərkəzlərinin durduğu İŞİD və onun məqsədli vəhşiliklərindən sonra bir sıra insanlarda “İslam” sözü qorxu hissi yarada bilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə “Mənəvi saflığa dəvət” İctimai Birliyinin sədri, ilahiyyatçı alim, fəlsəfə doktoru Hacı Elşən Mustafaoğlu Birlik.az saytına sözügedən terror təşkilatı ilə bağlı fikirlərini bölüşüb.
Hacı, hazırkı reallıqlar şəraitində İŞİD-in elan etdiyi "İslam xilafəti"nin uzun müddət yaşaması mümkündürmü?
- Əslində, Əməvi, Abbasi, Osmanlı xilafətləri də belə kütləvi qırğınlarla, qanla ərsəyə gəlmiş, yüzillərlə davam etmişlər. Onlar "İslam xilafəti" adı ilə diktatura, totalitarizm, təcavüzkarlıq və işğalçılığa bulaşmışlar. Görünür, İŞİD orta əsrlərin həmin tendensiyasının müasir təzahür formasıdır. Geniş maliyyə imkanlarına, hərbi qüvvəyə, ən müasir silahlara və xarici dəstəyə - havadarlara arxalanan bu cinayətkar terror qruplaşması bütövlükdə bəşəriyyət, ilk növbədə isə elə İslam aləmi üçün ciddi təhlükədir. Bütün bəşəriyyət səfərbər olub din adı ilə insan qanı tökən bu terrorçuluğa qarşı mübarizə aparmalıdır. Belə olmazsa, yeni "İslam xilafətinin" hələ uzun müddət yaşaması və ərazilər işğal etməsi, qanlar axıtması mümkün ola bilər.
Qeyd etdiyiniz kimi, İslam xilafəti əvvəllər də olub və hətta uzun əsrlər yaşayıb da. İndi elan olunan xilafət bütün mənalarda əvvəlkilərdən nə ilə fərqlənir?
- Zənnimcə, "İslam xilafəti" adı ilə tarixə düşmüş quruluşların hamısı bu və ya başqa şəkildə qüsurlu və bəşəriyyətin dinc yaşaması, inkişaf etməsi baxımından təhlükəli olub. Təsəvvür edirsizmi, xəlifələr hakimiyyətə gəlmək və hakimiyyətdə qalmaq naminə doğma övladlarını, atalarını, qardaşlarını məhv etmişlər. Yəni qan tökmək "İslam" adı ilə hökmranlıq edən xilafətlər üçün ənənəvi bir haldır. Bu baxımdan İŞİD həmin ənənənin davamıdır, sadəcə, bu fərqlə ki, qədimdəkilər daxili resurslar hesabına güc mərkəzinə çevrilə, hakimiyyətə gələ və hakimiyyətlərini davam etdirə bilmişlər, İŞİD isə güclü xarici dəstək hesabına. Yəni keçmişdəki xilafətlər əsas etibarilə sülalə xarakterli olmuşlar, indikilərin isə ipi kənar qüvvələrin əlindədir.
İŞİD İslam dünyasını Kəbəni dağıdacağı ilə hədələyib. Sizcə, Kəbənin dağılması regiona, müsəlman dünyasına, İslam dininə, bütövlükdə dünyaya nə vəd edir?
- Doğrusu, "İslam xilafəti" iddiasında olanların günümüzdə Kəbəni dağıtmaq istəməsi inandırıcı deyil. Kəbəni niyə dağıtsınlar ki? Amma onlar dinc insanların evinə basqın edib, evdəki dinc insanları tutub başlarını kəsirlər. Bax, bu qətllər heç də Kəbəni dağıtmaqdan kiçik günah deyil. Allah-taala Quranda öyrətdiyi kimi, bir günahsız insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir. İŞİD bu gün əqidə təftişi aparır, özləri kimi inancsız insanları, onlara tabe olmayanları amansızlıqla qətlə yetirirlər. Bu cinayətlər dünyaya nə vəd edir? Təəssüf ki, belə vəhşiliklərin müqabilində dünyamız, sadəcə, seyrçi mövqeyi tutub və elə bir ciddi reaksiya müşahidə olunmur.
Çıxış yolunu real olaraq nədə görürsünüz?
- Çıxış yolunu bütün bəşəriyyətin səfərbər olub, terrorçuluğa, işğalçılığa, təcavüzkarlığa, irticaya, xurafata, mövhumata, radikallığa, ekstremizmə qarşı qətiyyətlə mübarizə aparmasında görürəm. İnsanlıq naminə, insanların dinc yaşaması naminə, dünyada sülh və əmin-amanlığın bərqərar olması naminə... Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyul, 2014 16:51 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |