إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Haçı Şeyx Əbdül-Hüseyn Lənkərani

Ayətullah Hacı Şeyx Əbdül-Hüseyn Lənkərani Mirzə İbrahimin oğludur. Şiənin böyük və adlı sanlı fəqihlərindən və müdərrislərindən Qum elmiyyə ocağının mücanidlərindən biridir. O, 1910-çu ildə Lənkəran şəhərinin "Dağ-bulaq" Dağının ətəklərində yerləşən Yel-ağacı adlı gözəl bir kəndində anadan olmuşdur. Uşaq çağlarından Lənkəranın Yazqrah və ya Şıxlı kəndində yaşayan və o məntəqənin fəzilətli alimlərindən hesab olunan dayısı Şeyx Əlidən Quran və təcvid elmini öyrənir.

Dayısının vəfatından sonra bir neçə alimdən fars və ərəb dilinin müqəddimat dərslərini öyrənir. 18 yaşında ikən (1927-ci ildə) kommunist rejiminin din və İslam əleyiinə yönəldilən siyasətinin nəticəsində İrana mühacirət edir və Ərdəbil şəhərində sakin olur. Ərdəbil şəhərində "Molla İbrahim" adlı mədrəsədə müqəddimatın orta və ali səviyyəsini həmin mədrəsənin bilikli ustadlarından öyrənir. Ərdəbildə məşhur ustadlardan Şeyx Həsən Ağa Tahiri və Hacı Mirzə İbrahim Kələntərinin adını qeyd etmək olar. Onun Ərdəbildə qalması on il çəkir. Ərdəbildə çoxlu fəaliyyət edib, gecə-gündüz təhsil və tədrislə məşğul olurdu və tanınmış müdərris idi. Gün ərzində fiqh, üsul və müqəddimatdan altı dərs verirdi. Bunlardan ikisi sübh azanından əvvəl idi. Bununla yanaşı Şeyx Ənsarinin "Məkasib" kitabından dərs deməyə başlayır. O zamanlar İranda hakimiyyətdə olan Rzaxan dini və məzhəbi fəaliyyətlərə qarşı şiddətlə mübarizə aparırdı. Ruhanilərə və qadınların hicabının ziddinə idi. Amma bütün bunlarla yanaşı, Şeyx Əbdül-Hüseyn öz ictihadi və dini fəaliyyətlərini məhz bu dövrdə başlayır. Ərdəbildə "cavanlar cəmiyyəti" təşkil edən ilk fəzilətli tələbə olur və onlarla müxtəlif iclaslar və bəzi mövzularda dərslər təşkil edir. Bu cəhətdən alim öz fəaliyyətlərində ulduz kimi parlayırdı. Amma bir çoxlarının kini və naraiatçılığı bu işdə özünü göstərir. Bəziləri ona deyirdilər: "Siz Azərbaycanı xarab etmisiniz, indi isə gəlmisiniz buranı viran edəsiniz?".

Şeyx öz həyatında çoxlu çətinliklərlə qarşılaşmışdı. Əvvəllər bir müddət Lənkəranda öz ailəsindən ona kömək olunurdu. Amma çox çəkmədi ki, o da kəsildi. Bundan sonra alim bəzi ev əşyalarını satmaqla öz yaşayışını təmin etməyə məcbur olur. 1938-ci ildə Rzaxan hökuməti tərəfindən ruhanilərin libaslarının çıxarılması haqqında əmr verilir. Şeyx Əbdül-Hüseyn və sair azərbaycanlı tələbələr İran vətəndqşı olmadıqlarına və İran qanunlarına etiraz etdiklərinə görə həbs olunur və bir çoxları ilə birlikdə Semnan şəhərinə sürgün olunurlar. O sürgündə Semnan şəhərinin "Sadiqxan" mədrəsəsində sakin olur. Bu müddətdə həm mədrəsədə dərs verir, həm də "Şah" məscidində camaat namazı qılırdı. Bir müddətdən sonra Ələvi (seyyidə) bir qadınla evlənir və onun evində qalır. Sürgündə olduquna görə Şeyx hər gün şəhər sovetində hazır olmalı və sürgündə olanlara məxsus dəftər imzalamalı idi. Başqa sözlə dövlət məmurlarının ciddi nəzarəti altında idi. Başına əmmamə qoymğqa və ruhani libası geyməyə icazə verilmirdi. 1940-cı ildə hökumət məmurları onun sürgünlük müddətini uzatdılar və bu dəfə də onu İranın Zəncan şəhərinə sürgün etdilər. O zaman Zəncan şəhərinin elmi mərkəzlər arasında məxsus yeri var idi. Şeyx Əbdül-Hüseyn burada "Mədrəseyi-Seyyid"də orta səviyyədə dərs verməklə yanaşı üsul və fiqh dəslərini yüksək səviyyədə Zəncanın seçilmiş ustadlarından öyrənməyə başlayır. Onlardan Ayətullah Şeyx Fəyyaz Zəncani (Şeyx hadi Tehraninin şagirdlərindəndir), Ayətullah Seyyid Mənmud Zəncanın və başqalarının adını qeyd etmək olar. O, Ayətullah Seyyid Məhmudu çox hörmətlə yad edir və onu özünün elmi və ictimai fəaliyyətlərində müvəffəq olmasının əsl səbəbkarı bilir. Bundan əlavə Şeyx Zəncanda bəzi fəlsəfə və hikmət elminin kitablarının(Şəvariqül-islam, Təcridil-ə'lam) mətnini məşhur alim Ayətullah Seyyid Əbül-Fəzl Musəvi Zəncanidən öyrənir. 1943-cü ildə İran Azərbaycanı, o cümlədən, Zəncanda hökumət Azərbaycan demokrat partiyasının əlinə keçir və ruslar bir çox yerləri işğal edirlər. Bundan sonra Şeyx sürgündən azad olunur. Amma Sovet hökumətinin İranda olan məmurları bu şəhərdəki sovet vətəndaşlarının adlarını dövlətə vermişdilər. Alimin də adı orada olduğundan öz vətəninə qaytarıla bilərdi. Sovet əsgərləri İranda olan Sovet vətəndaşlarını tutub zindana salırdılar. Bununla əlaqədar olaraq Şeyx Əbdül-Hüseyn Lənkərani gizli şəkildə öz ailəsi ilə birlikdə Qum şəhərinə gəlir və bu müqəddəs şəhərdə yaşamağa başlayır.

O günlərdə Ayətullah Buruçerdi hələ Quma köçməmişdi və Qum elmiyyə hövzəsi Ayətullahül-Üzma Seyyid Məhəmməd Höccət Kuhkəməri Təbrizinin vasitəsi ilə idarə olunurdu. Şeyx bir müddət, Ayətullah Kuhkəmərinin üsul və fiqh xarici dərsində iştirak edir. Bir müddətdən sonra Şeyx bütün dərslərindən ayrılır və yalnız Ayətullah Kuhkəmərinin üsul və fiqh xarici dərsində iştirak edir. Öz dostları Ayətullan Şəhid Məhəmməd Əli Təbatəbai(Təbrizin imam çüməsi) və Ayətullah Şeyx Sadiq Nəsiri Sərabi ilə ömrünün axırına qədər o dərsdə iştirak edir və onlarla mübahisə edir. Habelə ustadın dərsdə dediklərini əlyazma şəklinə salır. 1945-ci ildə Ayətullah Buruçerdinin Quma gəlişindən sonra ustadı vəfat edir. 1961-ci ilə qədər onun üsul və fiqh xarici dərslərində iştirak edir. Həmçinin dostu Ayətullah Seyyid İzzuddin Hüseyni Zəncaninin təklifi ilə İmam Xomeyninin(r.ə) hikmət və fəlsəfə dərslərində də iştirak edir. Səkkiz il müddətində mərhum Molla Sədranın "Əsfari ərbə‘ə-sini və bəzi əqli elmləri o həzrətdən dərs alır. Bütün bu illər ərzində dərs almaqla yanaşı həm də ali dərəcədə elmi mətnləri tələbələrə tədris edir. Burada yetişdirdiyi tələbələri Semnan və Zəncanda yetişdirdiyi şagirdlərdən çox olur və onları yüksək elmi məqamlara çatdırır. 1961-ci ildə ustadı həzrət Ayətullah Burucerdi rəhmətə getdikdən sonra sürgün dövründə Semnan şəhərindəki şirin xatirələr səbəbi ilə dini hökmləri təbliğ etmək və öz şəri vəzifəsini yerinə yetirmək məqsədilə Semnan şəhərinə gedir. 1980-cı ilə qədər bu şəhərdə ali məqamlı, İslamda çoxlu elmi xidməti olan ictimai və mədəni-maarif məsələlərində yaxından iştirak edən körkəmli bir alim kimi tanınır. Şeyx öz hesabına "Sadiq xan" mədrəsəsində əlavə otaqlar tikdirir(indiki İmam Sadiq (əleyhis-salam) mədrəsəsi). Və müqəddimati dərsləri tədris etməklə bu mədrəsəni elmi ocaqlardan birinə çevirir. Bundan sonra Qum şəhərinə qayıdır və orada sakin olur. Hal-hazırda, alim Qum şəhərində yaşayır və ömrünün şirin xatirələrlə dolu olan qocalıq dövrünü keçirir. Özünün dərin elmi məsələhətlərilə ali dərəcəli fəqihlərdən hesab olunur. Alimin bir neçə əsərinin adını qeyd edirik:


1-Müsnədi-İmam Sadiq(ə) (3 cilddə).

2-İmam Əli(ə) haqqında fəzilət və hünər kitabı.

3-Ayətullah Höccət Kuhkəmərinin üsul və fiqh haqqında bəyanları.

4-Ayətullah Burucerdinin üsul və fiqh elmləri haqqında bəyanları.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2010  02:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!