إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mirzə Mehdi Nehrəmi Naxçıvani

Mübariz müctehid Mirzə Məhdi Nehrəmi Naxçıvani XIX-cu əsrin axırlarında Azərbaycanın Naxçıvan şənərində dünyaya gəlib. İslam elminə olan məhəbbəti onu Nəcəfi-Əşrəf elmi ocaqına çəkir. Burada yüksək səviyyədə dini təhsilini başa vuran fəqih öz vətəni Naxçıvana qayıdır. Gözü yolda olan əhali onu səmimiyyətlə qarşılayır. İslam alimi xalqı düzgün yola dəvət etməklə dini vəzifələrini yerinə yetirir. O ömrünü dini tələbələrin təlim-tərbiyəsinə və din yolunda düşmənlərlə mübarizə aparmağa sərf edir. Kommunist hökumətinin qurulması ilə İslam təbliğinin qarşısına möhkəm sədd çəkilir. Bu rejimdən zərrə qədər çəkinməyən alim ömrünün axırıncı dəqiqələrinə qədər dini vəzifəsini yerinə yetirir.

Ölkədə dinə və dini şəxsiyyətlərə qarşı olan birtərəfli qərəzli münasibətə görə bu vaxta qədər uca məqamlı İslam alimini Nehrəm kəndinin əhalisindən başqa heç kəs tanımamışdır. Heç kəs cürət edib bu şəxsiyyəti xalqa çatdıra bilməyib. Hətta öləndən sonra da, yerli camaat onun adını belə çəkməkdən çəkinərmiş.

İslam alimi Hacı Mirzə Məhdinin həyatı həm iftixarlı həm də qəmli olub. 1903-cü ildən 1917-ci ilə qədər Azərbaycanın Naxçıvan torpağı dəfələrlə təcavüzkar ermənilərin hücumuna məruz qalmışdır. Nəql edirlər ki, ermənilər Nehrəmə qədər irəliləmişdilər. Hacı Mirzə Məhdi minbərə çıxır və cihad hökmü verir. Əvvəlcə özü kəfən geyib silahlanır. Bununla da, əhali ona qoşulub düşmənə qarşı çıxır. Nəticədə Hacı Mirzə Məhdinin çalışması ilə erməni təcavüzünün qarşısı alınır. Naxçıvanın Nehrəm kəndi onlarla belə hadisənin şahidi olmuşdur. Mirzə Məhdi həmişə deyərdi: "Bir şəxsin qəlbi təmizliyi üçün təqvalı, imanlı, əməli saleh olması kifayət deyildir. Əksinə, müsəlman cəmiyyəti İslamın şüarlarına əməl etməli və bununla da müsəlmanlar başqa millətlərə nümunə olmalıdırlar. Əksər müsəlmanlar aşkarda öz əməllərini yerinə yetirməsələr, bu din getdikcə öz əhəmiyyətini əldən verəcəkdir. Vacib və haram məsələlərə riyakarcasına yanaşmaq olmaz! Bu çür olsa, eyni dinsizlik olar!"

O, bəzən yolunu azmış şəxslərlə qətiyyətlə söhbət edərək onların ruhiyyəsinə müsbət təsir edərdi. Buna görə də Nehrəmdə və ətraf kəndlərdə bu alimə çox hörmətlə yanaşardılar.

Onun şərəfli ömrünün axırıncı 10-15 ili kommunistlərin hakimiyyəti dövrünə düşür. Ömrünün son günləri Stalin hakimiyyəti dövrünə təsadüf edir. Bu mömin alim İslam dininin əhali arasında möhkəmlənməsinə çalışaraq onun insanlara düzgün yol göstərən haqq din olmasını təbliğ edirdi. Amma başqa tərəfdən Stalin başda olmaqla kommunist rejimi dinə qarşı mübarizə aparırdı. Stalinin minlərlə müsəlmanların həyatına son qoyduğu məlumdur. Azərbayçan dövləti o dövrdə kommunistlərin əlində olduğu üçün hökumət Azərbaycan müsəlmanlarını da incidirdi. Yüzlərlə müsəlmanı dininə, əqidəsinə görə Sovet İttifaqının uzaq şəhərlərinə sürgün edir və işkəncə altında öldürürdülər. Hacı Məhdi bu vaxtlarda dağ kimi yerində durub zərrə qədər ruhiyyəsini zəiflətmirdi. Kommunistlər ona təklif edirlər ki, din təbliğindən əl çəksin və mədrəsələrdə ərəb, fars dilini tədris etməklə kifayətlənsin. Hacı Məhdi cavab verir: "Dərs vermək müqəddəs bir vəzifədir. Amma sizin bu təklifiniz mənim dinimi əlimdən almaqla baş tuta bilər. Bu da İslam aləmində qəbul olunası iş deyildir. Mən ölərəm, amma dini təbliğdən, şəri təklifdən əl çəkmərəm!"

Stalinin nökərləri bu görkəmli alimi hamıdan çox incidirdilər. Onlar Hacı Məhdinin məclisində aranı qatmaq üçün müəyyən şəxslər təyin edirdilər. Onlar Hacı Məhdinin sözünü kəsməklə onu məsxərə edər və əhalidə ona qarşı nifrət oyatmaq istəyirdilər. Hətta gecələr məscidin kənarından gizlincə ona daş atırdılar. Alimlə dost olan və rabitə saxlayan müsəlmanlara da əziyyət verirdilər. Amma xalqın alimə olan məhəbbəti bu işlərin qarşısın alırdı.

Hacı Mirzə Məhdi ölümündən bir neçə gün əvvəl yerli camaata belə bir xəbər verir: "Filan gün hamı məscidə gəlsin ki, son sözümü deyim." Elan olunan vaxtda hamı məsciddə cəm olur. Alimin tərəfdarları və müxaliflərinin hamısı gəlir. Mirzə Məhdi minbərdə oturur. Xütbə oxuduqdan sonra danışmağa başlayır. Hamı gözləyirdi ki, görəsən, Mirzənin axırıncı sözü nə olacaq? Hacı Məhdi əhalini dindarlığa, təqvaya və əqidələrini qorumağa dəvət edərək belə buyurdu: "Ay camaat, bizim üçün və gələcək nəsil üçün böyük bəla gözlənilir. Hökumət istəyir ki, bizi küfr və dinsizliyə çəkməklə əslimizi aradan aparsın. Həmçinin istəyir ki, illərlə qoruduğumuz din-imandan əl çəkək. Allaha pənah aparın! Özünüzü və övladlarınızın dinini qoruyun! Elə olmasın ki, bu günkü müsəlman övladlarınız sabahın dinsiz qadın və kişiləri olsun! Əgər bu çür olsa, günan sizin boynunuzdadır. Din və dindarlıq təhlükədədir! Ətrafınıza tikanlı teldən hasar çəkiblər. Mənim ömrüm sona yetir. Bu gün-sabah gedəsiyəm. Amma sizin və gələcəkdə gələnlərin dərdini çəkirəm. Axrıncı nəsihətim budur ki, dininizi, əqidənizi, əslinizi, tarixinizi, namusunuzu qoruyun! Bunları unutmayın! Bu tufanlar və zalimlər qarşısında titrəməyin! Əgər müqavimət göstərsəniz, Allah da sizə kömək edər." Daha sonra əlavə edir: "Mən dua edirəm, siz də amin deyin!"

Bir ömür bu görkəmli alimlə yaşamış əhali ondan xeyirxahlıqdan və məhəbbətdən başqa bir şey görməmişdi. İndn gözü yaşlı ona tamaşa edirdilər. Mirzə əlini dua üçün göyə qaldıranda, camaatın hamısı da əllərini asimana tərəf tutdu. Mirzə əvvəlcə Nisa surəsinin 75-ci ayəsini oxuyur: "Pərvərdigara, bizə bu kəndin zalimlərindən nicat ver!" Alimin səsi məscidi başına alır. Mirzə mənbərdən aşağı düşür və evinə tərəf gedir. Ailə-uşağına ayrıca vəsiyyət və sifarişlər edir. Bundan sonra özünün ölümünə hazırlaşır. Ətrafdakılar ondan soruşurlar: "Mirzə can, sənə nə olub, maşallah sağlamsan!" Mirzə də cavab verir, "Xeyr! Vaxt tamam olub, mən getməliyəm. Hər kəsin mənim boynumda haqqı varsa, desin, qaytarım. Kəfənim evdə hazırdır. Mənə qüsl veriləndən sonra kəfən geyindirin. İmamzadə Seyyid Əli qəbirstanlığında dəfn edin".

Nəql edirlər ki, səhəri gün Mirzə böyük bir qazanı su ilə doldurub oçağın üstünə qoyur ki, qaynasın. Soruşurlar ki: "Hacı Ağa bu nə üçündür?" Mirzə cavab verir: "Bədənimi bu su ilə qüsl verərsiz!" Hamı mat-məəttəl qalmışdı ki, bu kişi nə deyir. Bu nə işdir ki, Hacı görür. O, ailəsinin və qohumlarının heyrətlənmiş gözləri qarşısında qibləyə tərəf uzanır və şəhadətini deyir. Bununla da gözlərin birdəfəlik yumur.

Alim 1932-ci ildə Naxçıvanın Nehrəm kəndində vəfat edir. Qəbri hazırda İmamzadə Seyyd Əlinin günbəzinin kənarındadır. Qəbri üstə bu sözlər yazılıb: “Bu, Hacı Mirzə Məhdinin qəbridir. 1351 hicri qəməri (ərəbcə yazılıb). Görkəmli alimin əlyazmaları haqqında məlumat əldə edə bilmədik.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2011  04:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!