إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpoziumun açılışı olub

Türkiyədə Kırıkkale Universitetinin İslam elmləri fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, İndoneziya Sunan Kalijaga Yogyakarta Dövlət İslam Universiteti və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda II Beynəlxalq Simpoziumun açılış mərasimi baş tutub.

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə İlahiyyat İnstitinun məlumatında bildirilir.

Açılış mərasimində Türkiyə və Azərbaycan şəhidlərinin xatirələri bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib. Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib.

Kırıkkale Universiteti İslam elmləri fakültəsinin tələbəsi Məhəmməd Əmin Coşkunun Qurani-Kərim tilavəti ilə tədbir davam edib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dos. Aqil Şirinov tədbir təşkilatçılarına təşəkkürünü bildirib və əlavə edib: “Bildiyiniz kimi, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımı nəticəsində, Vətənimizin igid oğullarının şücaəti ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Hazırda Qarabağın hər yerində Azərbaycan bayraqları dalğalanır. Millətimiz bu qələbədə hər zaman bizimlə olan Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə Dövlətinə və xalqına minnətdardır. Çanaqqaladan Qarabağadək Türkiyəmizin və Azərbaycanımızın bütün şəhidlərini rəhmətlə yad edirəm”, – deyə o, qeyd edib.

A.Şirinov vurğulayıb ki, məzhəblərin olması çox təbiidir, amma dini kimlikdən üstün tutmaq yanlışlıqdır. Bunlar birgəyaşayış ənənəmiz qarşısında duran ən mühüm problemlərdən biridir. Yaxşı nümunələrimizi də qeyd etməliyik: Türkiyə və Azərbaycan buna ən gözəl misaldır.

Birgəyaşama təcrübəsinin İslam sivilizasiyasının mühüm prinsiplərindən biri olduğunu bildirən MDTF-nin icraçı direktoru, i.f.d. Mehman İsmayılov simpoziumun təşkilində əməyi olan hər kəsə təşəkkür edib. Vurğulayıb ki, İndoneziyadan Balkanlara, Afrikadan Rusiyayadək müxtəlif İslam coğrafiyalarını gəzdiyimiz zaman birgəyaşayışın nümunələrinə rast gəlirik. İslam dünyasının zəngin irsinin təbliğinə böyük ehtiyac var. Biz bu dəyərli irsimizi təbliğ etməyə çalışmalıyıq.

Kırıkkale Universitetinin rektoru, prof., dr. Ersan Aslan bildirib ki, ali təhsil müəssisəsi “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda Beynəlxalq Simpoziumun ikincisinə ev sahibliyi edir. Qeyd edib ki, əslində, İslam sivilizasiyasını izah etmək üçün hələ çox yolumuz var: “Biz bu uzun yolun ikinci pilləsindəyik, burada birlikdə nələr etdiyimizi və nə etməli olduğumuzu sual edirik. Bu səbəbdən, bir çox ölkələrdən olan qardaş və bacılarımızı burada, Universitetimizdə və şəhərimizdə görməkdən və qonaq etməkdən xoşbəxtik”.

Rektor bildirib ki, birgəyaşayış, əslində, bizim üçün o qədər də çətin deyildir. Tariximizdə bunun bir çox nümunəsini görə bilərik.

Prof., dr. Ersan Aslan daha sonra vurğulayıb ki, ən parlaq nümunələrdən biri 839-cu ildə qurulan beytül-hikmədir. Rektor bu simpoziumun gənclərə İslam sivilizasiyasında birgəyaşayış ənənəsi haqqında bir çox bilgilərin çatdırılması üçün önəmli platforma rolunu oynayacağına ümid etdiyini bildirib.

Çıxışlardan sonra proqram Ankara Universiteti İlahiyyat fakültəsinin müəllimi, prof. Sönməz Kutlunun “Birgəyaşayışın konseptual çərçivəsi” mövzusunda panellə davam edib.

Qeyd edək ki, simpoziumun ilk iki günündə cəmiyyət, təhsil və İslamın əsas mövzuları çərçivəsində eyni vaxtda 103 məruzə baş tutacaq.

Simpoziumun keçirilməsində məqsəd – İslam mədəniyyəti kontekstində fərqli din nümayəndələrinin birgəyaşayışı ilə bağlı vəziyyəti müzakirə etmək; müsəlman cəmiyyətləri arasında bu istiqamətdə mövcud təcrübələrdən yararlanmaq və onları təşviq etmək; müvafiq sahə üzrə mütəxəssis və araşdırmaçıların verdikləri töhfələri üzə çıxarmaq, qorumaq və gələcək nəsillərə ötürmək; həmin istiqamətdə elmi, siyasi, ictimai və fərdi tədqiqatların artırılmasına zəmin yaratmaqdır.

“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda I Beynəlxalq Simpozium 20-21 sentyabr 2022-ci il tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2023  12:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!