إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

DQİDK sədri Gürcüstanda müsəlman din xadimləri ilə görüşüb

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 25-də Gürcüstana rəsmi səfər edib.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, M.Qurbanlı Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin (SARI) sədri Zaza Vaşakmadze ilə görüşüb.

Görüşdə iki ölkə arasında dini, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda iki qurum arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev görüşdə iştirak edib.

Səfər çərçivəsində DQİDK sədri Mübariz Qurbanlı, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) din xadimləri ilə görüşüb, Tbilisidəki Cümə məscidində olub, məscidə “Qurani-Kərim” və digər dini kitablar hədiyyə ediblər.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, bu sahədə dini qurumların rolu və sair məsələlər diqqət mərkəzində olub.

GMİ-nin sədri hacı Ramin İgidov Gürcüstanda dini qurumların, xüsusən də islam dini icmasının fəaliyyəti barədə ətraflı məlumat verib.

Mübariz Qurbanlı deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. İslam dini icması da bu qayğıdan kənarda qalmayıb.

Görüşdə hər iki ölkədə mövcud olan dini dözümlülük, tolerantlıq dəyərlərinin qorunması, zərərli dini meyillərə, separatçı qüvvələrə qarşı birgə mübarizə və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elə həmin gün Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub, Ümummilli Liderin xatirəsini ehtiramla anıblar.

DQİDK sədri, həmçinin Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə önünə əklil qoyub.

Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisidəki Botanika bağında azərbaycanlıların panteonunu da ziyarət ediblər.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Sentyabr, 2023  10:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!