|
31 Dekabr - Dünya Azərbaycanlıları Həmrəylik Gününü qeyd edirlərBu gün Dünya Azərbaycanlıları Həmrəylik Gününü qeyd edirlər - Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ahlibeyt.az-ın xəbərinə görə, Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın bir çox çox ölkələrində məskunlaşan azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırkı Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir. Bu birliyi Vətən müharibəsində bir daha gördük. 2020-ci ildə Ermənistan silahlı qüvvələri dəfələrlə hərbi təxribatlar törətdi və hər dəfə Azərbaycan Ordusu bu hücumların qarşısını qətiyyətlə aldı. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini raket atəşinə tutması 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasına səbəb oldu. Xalqımız müharibənin ilk günündən dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin idi. İkinci Qarabağ müharibəsi bu əminliyi bir daha təsdiqlədi. Öz Liderinin ətrafında dəmir yumruq tək birləşən xalqımız Ordumuza arxa-dayaq oldu, düşmən bu gücün qarşısında cəmi 44 gün dayana bildi. 30 il işğal altında inləyən torpaqlarımız düşmən tapdağından azad edildi. Bu il dünya azərbaycanlılarının V qurultayı – Zəfər qurultayı Şuşada keçirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultaydakı nitqində 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırladığını bildirdi. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Xalqımızı "Dünya Azərbaycanlılarının Həmrəylik Gününü" və qarşıdan gələn "Yeni il" münasibəti ilə təbrik edirik
Ahlibeyt.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Dekabr, 2022 09:15 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |