|
Milli Məclisdə qadın sahibkarlığı ilə bağlı ictimai dinləmə keçirilibDekabrın 14-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda birgə dinləməsi keçirilib.
Ahlibeyt.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatınada bildirilib. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbiri açaraq, ictimai dinləmənin keçirilməsi üçün şərait yaratdığına görə Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını ifadə edib. Komitə sədri bildirib ki, ölkədə qadın sahibkarlarla əməkdaşlıq edən, işləyən bir çox assosiasiyalar və təşkilatlar var. O, Azərbaycanda sahibkarlığın inkişaf etdiyini deyərək, qadın sahibkarların sayının daha da artmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi dövlətin daim diqqətində olan məsələlərdəndir. Hicran Hüseynova Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artmasının, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyinin sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Komitə sədri qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılmasının onların idarəetmədə, biznesdə, rəhbər vəzifələrdə daha geniş təmsil edilməsi üçün önəmli olduğunu qeyd edib. Sonra tədbirdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib. O, son günlərdə “Mikro, kiçik və orta sahibkarlıq haqqında” qanunun qəbul edildiyini və sənəddə bütün növ sahibkarlıq üçün yeni imkanların yaradılması ilə bağlı mühüm məsələlərin əks olunduğunu qeyd edərək işğaldan azad olunmuş ərazilərdə işləmək üçün müraciət edən sahibkarlar arasında qadın sahibkarların da olduğunu bildirib. Komitə sədri son vaxtlarda Sahibkarlığın İnkişafı Fondu tərəfindən bir çox sahibkarlara, o cümlədən qadın sahibkarlara güzəştli kreditlərin ayrıldığını və bunun qadın sahibkarlığının inkişafı baxımından önəmli olduğunu diqqətə çatdırıb. O, qadın sahibkarların təşəbbüslərinin dövlət tərəfindən dəstəkləndiyini bildirib. Sonra tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək nəzərə çatdırıb ki, bu gün iqtisadi və sosial inkişafın səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün qadınların mövcud potensial imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir. O, qeyd edib ki, ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, iqtisadi fəallıqlarının artırılması istiqamətində strateji çərçivə müəyyən edilib. Diqqətə çatdırılıb ki, Milli Məclisin payız sessiyasında qəbul edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanunda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədləri və istiqamətləri müəyyən edilir, eyni zamanda, qadın sahibkarlığının təbliğinə dövlət dəstəyinin göstərilməsi də əks olunur. Qanunun ölkədə sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkışafının daha da sürətlənməsinə xidmət edəcəyi qeyd edilib. Orxan Məmmədov bildirib ki, regionlarda, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, onların maliyyə resurslarına çıxışına dəstək verilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə KOBİA tərəfindən müvafiq dəstək göstəriləcək. Orxan Məmmədov qadın sahibkarların fəaliyyətlərini, ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələri yüksək qiymətləndirib və rəhbərlik etdiyi qurumun onları hər zaman dəstəkləyəcəyini bildirib. Sonra İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri Elçin İbrahimov çıxış edərək kiçik və orta sahibkarlıq sahəsində görülən işlərlə bağlı bəzi statistik rəqəmləri səsləndirib. O, qadın sahibkarlara dövlət tərəfindən göstərilən dəstəyin əhəmiyyətindən danışıb. İctimai dinləmədə çərçivəsindəki digər çıxışlarda qadınların müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə geniş şəkildə məşğul olması üçün dövlət tərəfindən göstərilən diqqət və qayğı təqdir edilib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan addımların önəmli olduğu bildirilib. Müzakirələrə yekun vuran Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ictimai dinləmənin səmərəli keçdiyini bildirib. O, ölkəmizdə həyatın bütün sahələrində qadınlar üçün yaradılan imkanlardan danışıb, o cümlədən qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirilən layihələrin vacibliyini qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2022 08:30 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |