إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir.

Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, Forumun keçirilməsinin əsas məqsədi beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılmasını, dövrün tələblərinə uyğun təşkil edilməsini, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın və əməkdaşlığın qurulmasını təmin etməkdir.

Forumda çıxış edən millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc beyin mərkəzlərinin vahid platformasının yaradılmasını təklif edib. O bildirib ki, belə bir platforma beyin mərkəzlərinin, ekspertlərin daha yaxşı əməkdaşlıq etməsinə imkan yarada bilər. O, çıxışında Azərbaycandakı beyin mərkəzlərinin xarici beyin mərkəzləri ilə sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

Forumda səfir, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) direktoru Alev Kılıç da çıxış edib. O çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə toxunub. Alev Kılıç bildirib ki, Ermənistan tərəfi sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı məsələlərdən yayınır, normallaşma istiqamətində işləri təxirə salır. Səfir Kılıç regionda normallaşma prosesində regional aktorların rolunu, həmçinin vətəndaş cəmiyyətinin rolunu vurğulayıb.

O deyib ki, beyin mərkəzləri də vətəndaş cəmiyyətinin təmsilçisi olaraq prosesdə aktiv iştirak etməlidir: “Cənubi Qafqaz qlobal geosiyasətdə strateji nöqtəyə çevrilir. Yaxın ölkələr olaraq Azərbaycan və Türkiyə birgə hərəkət etməlidir”. O, Forumda praktiki təkliflərin olacağını və bu Forumun əməkdaşlıq və kommunikasiyanın genişlənməsi imkan verəcəyinə inandığını deyib.

Səfir, Pakistan Strateji Araşdırmalar İnstitutunun sədri Xalid Mahmud Azərbaycan xalqını və hökumətini ərazi bütövlüyünün bərpa etməsi münasibətilə təbrik edib. O deyib ki, Azərbaycan və Pakistanın çox yaxın münasibətləri var, Qarabağın işğalı dövründə Pakistan öz mövqeyində qətiyyətli olub: “Pakistan beynəlxalq hüquq və prinsipləri, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Forumda çıxışı zamanı beyin mərkəzlərinin üzləşdiyi problemlər barədə danışıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə deyib ki, Azərbaycan trilemmanın ortasında düzgün tarazlığı qurur: “Beyin mərkəzləri bu trillemada balansın müəyyən olunmasında hökumətə dəstək verməlidir”.

Forum panel müzakirələrlə davam edir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Sentyabr, 2022  11:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!