إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib

Ermənistan 2022-ci ildə öhdəliklərini kobud şəkildə pozmağa davam etmiş, ölkə ərazisində revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlara qarşı heç bir əməli tədbirlər görülməmiş, hərbiləşmiş qanunsuz birləşmələr Azərbaycana və azərbaycanlılara qarşı fəaliyyətlərini davam etdirmişdir.

Ahlibeyt.az Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Konvensiya üzrə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş yeni müraciətdə bildirilib.

Müraciətdə bildirilib ki, ötən ilin sentyabr ayında Azərbaycan Ermənistana qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə dövlətlərarası iddialar qaldırmışdır. Məhkəmə Azərbaycanın verdiyi vəsatətlər əsasında 7 dekabr 2021-ci il tarixində Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul etmişdir. Belə ki, məhkəmə Ermənistana, Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı təşkilatlar və fərdlər də daxil olmaqla, Ermənistan ərazisində nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini, habelə mübahisəni gərginləşdirə və ya uzada biləcək, o cümlədən həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək tapşırığını vermişdir.

Məhkəmənin bu qərarının qəbul edilməsinə əsas Ermənistan tərəfindən revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlar edən şəxslərin və etnik-milliyyətçi qrupların (əsasən VOMA, POGA və sair) məsuliyyətə cəlb edilməməsi, onların fəaliyyətinin bəzi hallarda Ermənistanın dövlət orqanları tərəfindən təşviq edilməsi, təşkilat fəallarının mükafatlandırması ilə bağlı Azərbaycan tərəfindən təqdim edilmiş dəlil və sübutlar olmuşdur.

Məhkəmənin bu qərarlarına baxmayaraq, Ermənistan 2022-ci ildə öhdəliklərini kobud şəkildə pozmağa davam etmiş, ölkə ərazisində revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlara qarşı heç bir əməli tədbirlər görülməmiş, hərbiləşmiş qanunsuz birləşmələr Azərbaycana və azərbaycanlılara qarşı fəaliyyətlərini davam etdirmişdir. Onu demək kifayət edir ki, cari ilin aprel ayından başlayaraq Ermənistanda ölkədaxili nümayişlər zamanı səsləndirilən və azərbaycanlılara qarşı yönəlmiş əsas şüar “Türksüz Ermənistan” olmuşdur.

Eyni zamanda, Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçməzdən öncə işğal dönəmində orada qanunsuz məskunlaşmış erməni əsilli şəxslər azərbaycanlılara qarşı etnik nifrətlərini azərbaycanlılara məxsus olmuş evlərin yandırılması, meşələrin məhv edilməsi ilə nümayişkaranə şəkildə göstərmişdir. Ermənistan hökuməti bu halların qarşısını almaq və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxsləri məsuliyyətə cəlb etmək istiqamətində bugünədək heç bir əməlli tədbirlər görməmişdir.

Bundan əlavə, Laçın rayonunda aparılan minatəmizləmə fəaliyyəti zamanı 2021-ci ildə Ermənistanda istehsal olunmuş 1400-ə qədər mina aşkar olunmuşdur. Minaların basdırıldığı ərazilərin mütləq əksəriyyəti vaxtilə azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdir. Bu təxribatın da əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını süni şəkildə ənəgəlləməkdir.

Ermənistan tərəfindən beynəlxalq məhkəmənin 2021-ci ilin 7 dekabr tarixli qərarlarının kobud şəkildə pozulduğunu sübut edən bu dəlillər bu gün rəsmi olaraq beynəlxalq məhkəməyə təqdim edilmişdir.

Azərbaycan, Ermənistan tərəfindən işğal dövrü zamanı törədilmiş, habelə hazırda törədilməsi davam edən cinayətlərə hüquqi qiymətin verilməsi üçün bütün mümkün beynəlxalq mexanizmlərdən istifadəni təmin edəcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Sentyabr, 2022  08:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!