إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Milli Məclisdə şəhid ailələri və qazilərlə bağlı dinləmə keçiriləcək

Sentyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Ahlibeyt.az-ın xəbərinə görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən məlumatda bildirilib ki, Komitə sədri iclasın gündəliyində 8 məsələnin, bunlardan 6-sının bir sıra qanunlara dəyişikliklərlə bağlı layihələrin olduğunu söyləyib.

Musa Quliyev komitənin 2022-ci ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Qeyd edilib ki, bu sessiyada bir sıra qanun layihələrinin müzakirəsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, əllilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Daha sonra iclasda bir sıra qanunlara təklif olunan dəyişikliklərlə bağlı sənədlərə baxılıb.

Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sosial xidmətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən şöbə müdiri Adil Vəliyev bildirib ki, sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb.

İclasda 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər məqbul hesab edilib, komitənin payız sessiyası üçün iş planı təsdiq edilib, təqdim olunan 6 qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2022  09:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!