إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlahiyyat İnstitutu ilə İslam Gənclər Təşkilatı arasında əməkdaşlıq imkanları müzakirə edilib

İslam Gənclər Təşkilatının (Organisation of Islamic Youth) prezidenti Hammad Xan Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Ahlibeyt.az xəbər verir ki, bu barədə institutun mətbuat xidmətinin məlumatında bildirilib.

Aİİ-nin rektoru, dosent Aqil Şirinov qonağı ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Pakistan – Azərbaycan qardaşlığından bəhs edən İnstitut rəhbəri A.Şirinov 44 günlük Vətən müharibəsindən söhbət açaraq, həmin dövrdə, eləcə də keçmiş Qarabağ münaqişəsi zamanında Pakistan Hökuməti və xalqı tərəfindən ölkəmizə göstərilən siyasi və mənəvi dəstəyə görə təşəkkürünü ifadə edib.

A.Şirinov ali təhsil müəssisəsinin fəaliyyəti, ölkədaxili və xarici əlaqələri, ölkəmizin multikultural və tolerantlıq ənənələrinin təbliğindəki rolu, gələcək hədəfləri barədə ətraflı məlumat verib. O, Aİİ-də mövcud ixtisaslar və təhsil pillələri haqqında söhbət açıb. Qeyd edib ki, İnstitutda bakalavirat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır. Rektor, eyni zamanda, Pakistan Müsəlman İnstitutu ilə əməkdaşlıq əlaqələri haqqında da qonaqlara danışıb.

İnstitut rəhbəri daha sonra ölkəmizdə mövcud dinlərarası münasibətlərdən bəhs edib. Rektor Vətən müharibəsindən sonra yerlə-yeksan edilmiş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işlərini, dini ibadət ocaqlarının bərpasına verilən önəmi vurğulayıb.

Ətraflı məlumata görə minnətdarlığını ifadə edən İslam Gənclər Təşkilatının prezidenti Hammad Xan təmsil etdiyi qurum haqqında məlumat verib. Bildirib ki, İslam Gənclər Təşkilatı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Qonaq Pakistanda mövcud din təhsili haqqında danışıb, ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasının mümkünlüyünü vurğulayıb.

Görüş birgə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Sentyabr, 2022  12:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!