إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 30 il keçir

Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 30 il keçir.

Ahlibeyt.az xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyuta olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Presidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu.

Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı.

Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxdı və manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olundu. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.

Yeni nəsil pul nişanları

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır.

Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.

Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.

 

Qeyd edək ki, Yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuşdur. Azərbaycan Mərkəzi Bankının sifarişi əsasında Vitam Reklam Şirkəti tərəfindən hazırlanan təqdimat mərasimi Excelsior Hoteldə baş tutmuşdur.

Təqdimat mərasimində ölkə prezidenti, yüksək vəzifəli dövlət məmurları və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri iştirak etmişlər.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Avqust, 2022  09:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!