إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Rusiya XİN-dən “Laçın dəhlizi” ilə bağlı AÇIQLAMA

“Laçın dəhlizi” ətrafında yaranmış vəziyyət Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 6-cı bəndi əsasında həll edilməlidir.

Ahlibeyt.az Modern.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatın 6-cı bəndində qeyd olunur ki, tərəflərin razılığı ilə yaxın üç ildə “Laçın dəhlizi” ilə Qarabağ və Ermənistan arasında əlaqəni təmin edən yeni nəqliyyat marşrutunun tikintisi planı müəyyən ediləcək.

“Bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingentinin sonradan yenidən yerləşdirilməsi nəzərdə tutulub”, - Neçayev xatırladıb.

Onun sözlərinə görə, regiondakı vəziyyət hələ də Rusiyanın diqqət mərkəzindədir. Neçayev xatırladıb ki, avqustun 4-də Rusiya Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb və hər iki ölkəni təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırıb.

Rusiya XİN-in nümayəndəsi əlavə edib ki, Moskva bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarına uyğun olaraq həll edilməsinin zəruriliyini bir daha təsdiqləyir.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi açıqlamaya görə, Laçın dəhlizinə alternativ yolun tikinti işləri artıq yekunlaşıb.

Məlumata əsasən, avtomobil yolunun tikintisi zamanı 7,3 milyon kubmetr həcmində qazma-tökmə işləri, 1,3 milyon kubmetr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib.

Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149,5 metr, eni 13,5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib.

Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılıb.

Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.

Bildirilib ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 kilometr təşkil edir (bundan 10 kilometr Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa olunub. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10,5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2,5 (5 metr) metr təşkil edir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Avqust, 2022  13:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!