إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Tovuzdakı tarixi Şah Abbas məscidinin bərpası planlaşdırılır FOTO

Tovuz rayonu ərazisində yerləşən tarixi Şah Abbas məscidinin investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Tovuzun dağlıq Yanıqlı kəndində olan yeganə tarixi məscid qəzalı vəziyyətdə olduğundan illərdir buradan istifadə etmək mümkünsüz olub. Uçub dağılan 17-ci əsrin yadigarı olan bu tikilinin bərpaya ehtiyacı var.

“Xınna dərəsi” adlanan qədim tarixə malik ərazidə yerləşən Şah Abbas məscidi Birinci Şah Abbasın göstərişi ilə 17-ci əsrdə inşa olunub. Tarixi məscid xarici görünüşü, eyni zamanda, tikiliş üslubu baxımından Gəncədə yerləşən eyniadlı məscidlə demək olar ki, eynidir. Sakinlərin sözlərinə görə, bu məscidə uzun müddət yerli sakinlər özləri baxıb qulluq etsələr də, məscidi qoruyub saxlamaq onların gücü daxilində olmayıb.

Məscidin 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində inşa olunduğunu bildirən kənd sakini Məzahir Məmmədov buranın şimaldan cənuba gedən yolun kənarında yerləşdiyini deyib. O, dini ibadət üçün bu kəndin ərazisində tikilən məsciddə, həmçinin su quyusunun olduğunu, hazırda sakinlər tərəfindən istifadə edildiyini diqqətə çatdırıb. “İndi məscidin bərpaya ehtiyacı var. Sovet dövründə məsciddə yüngül təmir işləri görülüb. Bura kolxozun anbarı kimi istifadə edilib. Sonradan yenidən dağılmağa başlayıb” – deyə kənd sakini bildirib.

Sakinlər məscid dağıldığı üçün dini bayramlarda rayon mərkəzinə getməli olurlar. Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunan, daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olan bu məscidin hazırkı vəziyyəti sakinləri narahat edir.

Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən isə bildiriblər ki, qəzalı Şah Abbas məscidinin bərpa olunaraq yenidən istifadəsi məsələsi gündəmdədir. Bu məqsədlə Şah Abbas məscidi bərpa olunması üçün dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib. Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu məscidin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Avqust, 2022  08:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!