إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Şuşa mədəniyyətinin inciləri”: Saatlı məscidi

Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.

Ahlibeyt.az-ın xəbərinə görə, Nazirliyin məlumatında bildirilib ki, layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Saatlı məscidinə həsr olunub.

Şəhərin Saatlı məhəlləsində yerləşən eyniadlı tarixi məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya daxil edilib. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə imamzadə türbəsinin memarı olan Kərbəlay Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilib.

Saatlı məhəllə məscidi olsa da, şəhərin digər məhəllə məscidlərindən həm həcmi, həm də memarlıq quruluşu ilə fərqlənirdi.

Tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara sahib olan ibadət zalı üçnefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz sayda tağ keçidlər yaranır. Divarların səthi həndəsi fiqurlar və nəbati naxışlarla tərtib olunub. Məscidin tək minarəsi binanın arxa tərəfində inşa olunub. Belə güman edilir ki, minarə məscidlə eyni vaxtda deyil, bir qədər sonrakı illərdə ucaldılıb.

1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. Şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunandan sonra məsciddə təmizlik işləri aparılıb, müəyyən təmir işləri görülüb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidini də ziyarət edib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş “Qurani-Şərif” hədiyyə edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyul, 2022  13:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!