إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İmam Hüseyn(ə) Kərbəla yolunda

Bu gün qəməri təqvimi ilə Məhərrəm ayının 2-ci günüdür. İslam tarixində bu gün İmam Hüseynin(ə) karvanı Mədinədən çıxandan 5 ay sonra 61-ci hicri-qəməri ilinin Məhərrəm ayının 2-də Kərbəlaya daxil oluğu gün kimi qeyd olunur.

Tarixçilərin qeydlərinə görə, imam Hüseyn (ə) 60-cı hicri-qəməri ilinin Şəban ayının 3-ü babası Peyğəmbər (s) və anası Fatimənin (ə) məqbərəsi ilə vidalaşıb, gecə ikən Məkkəyə doğru yola düşür.

Həzrət Mədinədən çıxarkən qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsində öz hicrətinin məqsədini belə bəyan edir: “Mən istirahət və rahatlıq, zülm və ədalətsizlik, təkəbbür və ya fəsad üçün Mədinədən çıxmıram. Mənim məqsədim cəddim Peyğəmbərin ümmətini islah etməkdir. Mən insanları yaxşılığa dəvət edib pislikdən çəkindirmək, babam Peyğəmbər və atam Əli ibn Əbu Talibin yolu ilə getmək istəyirəm.”

İmam Hüseyn (ə) öz yaxınları ilə birlikdə Məkkəyə çatır. İmam (ə) orada qaldığı müddətdə Məkkə xalqının müxtəlif təbəqələri, həmçinin ətrafdan gəlmiş hacılarla görüşüb Yezidə beyət etməməsinin səbəblərini onlara izah edir.

İmam Hüseynin(ə) Kufəyə dəvət olunması

İmam Hüseynin (ə) hicrət xəbəri Kufə şəhərinə çatdıqda, onlara rəhbərlik edən Süleyman ibn Sürəd kimi şəxslər yığıncaq təşkil edərək imam Hüseynin (ə) İraqa dəvət olunması fikrini irəli sürürlər. Elə bu məqsədlə şiə qabaqcıllarının imzası ilə imam Hüseynə (ə) bir məktub yazıb, o həzrəti Kufəyə dəvət edirlər. (“Tarixi-Təbəri”, c. 5, s. 260-261.)

İmam Hüseyn (ə) bu məktubun cavabında bir söz demir. Çox keçmir ki, ardıcıl olaraq digər məktublar da gəlir. O cümlədən, Qeys ibn Müsəhhər Seydavi və hətta Abdullah ibn Val camaatın nümayəndəsi kimi o həzrəti dəvət və bu haqda müzakirə etmək üçün Məkkəyə o həzrətin hüzuruna gedirlər.

Sonra kufəlilərin məktubları ardıcıl olaraq Həzrətə çatır və nəhayət, Kufənin vəziyyətindən xəbərdar olan Hani ibn Hani Məkkədə o həzrətlə görüşür. O, bu görüşdə camaatın, hətta Kufə böyüklərinin səhnədə olması və hazırlıqları haqda məlumat verir.

İmam Hüseyn (ə) öncə əmisi oğlu Müslim ibn Əqili Kufəyə göndərir ki, vəziyyəti yaxından öyrənib məsləhət bildiyi təqdirdə İmamı (ə) da Kufəyə çağırsın.

Müslim hərəkət etməyə hazırlaşdıqda, o həzrət ona buyurur: “Camaatın yekdilliklə mənə beyət etmək istədiyini görsən, dərhal mənə xəbər ver; mən də onun əsasında əməl edim.”

Müslimin xəbərləri müsbət olur və İmama göndərdiyi məktubda belə yazır: “Kufə əhalisinin iyirmi mindən çoxu sizə beyət etmişdir. Məktubumu alan kimi, hərəkət edin.” (“Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 150.)

İmam Hüseyn(ə) Kufəyə doğru hərəkət edir

İmam Hüseynin (ə) karvanı Zil-hiccə ayının 8-də (29 iyul) Məkkədən İraqa tərəf hərəkət etdi və yol boyu müxtəlif hadisələr baş verdi. O həzrət bəzi dayanacaqlarda müsəlmanları onlara qoşulmağa dəvət edirdi. İmam səfər əsnasında Əs-Səfaha çatarkən o dövrün gənc şairi Fərəzdəqlə qarşılaşıb Kufənin vəziyyətini soruşdu. Fərəzdəq qısa bir cümlədə Kufəyə hakim mühiti belə vəsf etdi: “Xalqın ürəyi səninlə, qılıncları isə sənin əleyhinədir.”

İmam yoluna davam edib “Bətnur-Rummə”də Kufə əhalisinə məktub yazdı və yaxın bir zamanda Kufəyə girəcəyini bildirdi. Məktubu aparan Qeys ibn Müsəhhər Seydavi hələ Kufəyə daxil olmazdan öncə Həsin ibn Nümeyr tərəfindən həbs edildi. O, İmamın məktubu Əməvi məmurlarının əlinə keçməsin deyə, məktubu uddu və bir neçə gündən sonra Kufədə İbn Ziyadın əli ilə şəhadətə yetirildi.

İmam hərəkətinə davam edib Zədud məntəqəsində Züheyr ibn Qeynlə rastlaşdı və onu öz dəstəsinə qoşulmağa dəvət etdi. O da İmamın sözlərindən təsirlənib həyat yoldaşının da təşviqi ilə İmamın dəvətini qəbul etdi və səmimi dostların sırasına qoşuldu.

İmam Zati-İrq məntəqəsinə çatarkən Bəni-Əsəd qəbiləsindən olan Hani, Müslim ibn Əqilin şəhadət xəbərini o həzrətə çatdırdı.

Çox keçmədi ki, Qeys ibn Müsəhhər və İmamın süd qardaşı Abdullah ibn Yəqtərin şəhadət xəbəri də İmama çatdırıldı. Bu xəbərlər Kufənin siyasi durumunun Əməvilərin xeyrinə olduğunu və Müslimin göndərdiyi xəbərlərdən fərqləndiyini göstərirdi. Bu zaman İmam onunla birgə olanları öz ətrafına toplayıb buyurdu: “Ey camaat, bizim şiələrimiz bizi tək qoydular. Sizdən hər kim geri qayıtmaq istəyirsə, elə buradan qayıda bilər.” (“Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, s. 169.)

Yol əsnasında İmama qoşulanlar bu sözü eşidərək karvanı tərk etdilər və yalnız Mədinədən və yaxud Məkkədən İmamla birlikdə gələn xüsusi səhabələr qaldılar.

Nəhayət, imam Hüseyn (ə) Şərat məntəqəsinə çatdı. Gecə orada istirahət edib ertəsi gün yoluna davam etdi və günün yarısında Hürr ibnYezid Riyahinin sərkərdəliyi ilə Kufə ordusunun nişanələri görünməyə başladı. Hürr hərbi sərkərdə olduğundan öz vəzifəsinə əməl edir və məsələnin siyasi cəhətlərinə əsla diqqət yetirmirdi. Bu səbəbdən, İmam (ə) namaza durduqda, o da bütün əsgərlərilə birlikdə camaat namazına qoşuldu. Hürrün vəzifəsi İmamı (ə) Kufəyə aparmaq və geri qayıtmasının qarşısını almaq idi. İmam (ə) namazdan sonra üzünü oradakılara tutub buyurdu: “Mən Kufəyə gəlmək istəmirdim, nəhayət, məktublarınızı aldım və elçiləriniz mənimlə görüşdü. İndi əgər Kufədə mənə arxa çevirməyəcəyinizə dair söz verirsinizsə, şəhərinizə daxil olum...” (“Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 249.)

Hürr məktublar haqqında məlumatsız olduğunu bildirdi. Lakin məktubları gördükdən sonra hərbi vəzifəsini ortaya atdı. İmam (ə) Kufəyə getməyi qəbul etməyib Hicaza doğru irəlilədi. Hürrün süvariləri İmamın (ə) yolu üzərində sıraya düzüldülər. Qısa müzakirədən sonra hər iki tərəf onları Kufədən uzaqlaşdırmayan və Hicaza da yaxınlaşdırmayan orta yolla getməkdə eyni fikrə gəldi. Buna görə də, Əl-Üzeybə doğru hərəkət etdilər.

Burada Tirimmah ibn Üdeyy imam Hüseyndən (ə) “Teyy” dağlarına doğru hərəkət etməsini istəsə də, İmam (ə) Hürr ilə razılaşdığı üçün bu təklifi qəbul etmədi. Nəhayət, karvan “Bəni-Müqatil”ə çatdı və oradan da Neynəvaya tərəf üz tutdu. Neynəvada İbn Ziyadın İmamın (ə) həbsinə dair əmri Hürrə çatdırıldı: “Onu quraqlıq, susuz və otsuz bir çöllükdə saxla!”

İmam (ə) Hürr ilə hərəkət etdiyi müddətdə Züheyr ibn Qeyn onun ordusunun azlığından istifadə edərək onlara hücum etmələrini İmama (ə) təklif etdi. Lakin İmam (ə) bunu qəbul etməyərək buyurdu: “Mən onlarla döyüşə başlamağı xoşlamıram.”

İmamın(ə) karvanı Kərbəlaya daxil olur

İmam Hüseynin (ə) karvanı Mədinədən çıxandan 5 ay sonra – 61-ci hicri-qəməri ilinin Məhərrəm ayının 2-də Kərbəlaya daxil oldu. İmam bu yerə girən kimi onun adını soruşduqda, “Kərbəla” olduğunu söylədilər. İmam Kərbəla sözünü eşitcək belə dua etdi:“İlahi, Sənə kərb (qəm) və bəladan pənah aparıram. Bu yer kərb və bəla (qəm-qüssə və bəla) diyarıdır. Atlardan düşün, bura bizim qanlarımızın axan yeridir. Bu xəbərləri babam Peyğəmbər mənə buyurub.”

Maide.az

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Avqust, 2020  10:00 Çap

Bu bölmədə

16 İyul, 2024
Bu gün Aşuradır

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!