|
• Mənəviyyat • MənəviyyatHacı Şahin Həsənli: Həzrət Mehdinin (ə) mövludu...Yarandığı ilk gündən insanın açmaq istədiyi ən böyük sirr özüdür. İnsanın özünə verdiyi əzəli və əbədi sual budur: mənim başqa varlıqlardan fərqim nədədir? Tarixin müxtəlif dönəmlərində insan bu suala fərqli cavablar verib. Verilən cavablar isə, zamanın xüsusiyyətini, fəlsəfi paradiqmasını müəyyən edib. Bəşəriyyətin bunca fərqli tarixi paradiqmaları təcrübə etməsinin əsas səbəbi insanın tərifinin biryönlü və məhdud olmasıdır. Bəzən özümüzü bioloji mexanizm, bəzən təbiətin şahı, bəzən isə yaradılışın təsadüfü və ya səhvi kimi anladıq. Bu təriflərə uyğun da ictimai-siyasi düzən, iqtisadi sistem, dəyərlər iyerarxiyası formalaşdırdıq. Lakin, getdikcə bu natamamlıq, biryönlülük səbəbindən həmin düzənlər tükəndi. Tarixin isə mühüm bir qaydası var: tükənmiş düzənin qalıqları üzərində dərin ümid közərməyə başlayır. İnsanın əli hər yerdən üzüldükdə, onun daxilində güclü və müəmmalı bir intizar yaranır. Dünyanın fundamental dəyişikliklərə hamilə olduğunu son illərdə çox adam deyirdi. Lakin bu dəyişikliyin hərzamankı kimi böyük müharibələr deyil, bir virus nəticəsində baş verəcəyini çoxumuz ağlımıza belə gətirməzdik. Artıq hər kəs bir nəfəsə "postkorona" dünyası haqda danışmağa başlayıb. Dünyamızın hansı şəkildə dəyişəcəyindən daha mühümü hansı istiqamətdə dəyişəcəyidir. Bu istiqaməti daha öncədən də müəyyən etmək olardı. Əslində, bəşəriyyət böyük dəyişiklər ərəfəsində deyil, sadəcə növbəti dəfə bu dəyişiklikləri gerçəkləşdirmək imkanı əldə edib. Bu imkandan yararlanmaq üçün isə, sadəcə inanmaq gərəkdir. Qurani-Kərim bu mövzuya xüsusi önəm verir: insanlar nəinki ictimai passivliyini, hətta mənəvi gücsüzlüyünü xilaskar inancı ilə kompensasiya edirdilər. Onlar reallığı dəyişmək məsuliyyətini öz boyunlarından peyğəmbərlərin üzərinə atmağa çalışırdılar. Digər tərəfdən orta əsrlərdə xilas inancı mənəvi çəkisini itirərək hərbi-siyasi münaqişələrin nəzəri əsasına çevrildi. Səlib yürüşləri, yəhudi qiyamları, Reformasiya, İslam coğrafiyasında bir çox qiyamlar açıq messian xarakter daşıyırdı. XVII əsrdə müasir siyasi ideologiyaların əsası qoyulanda isə, xilasa inam da sekulyarlaşdı. Artıq xilaskar rolunda ilahi şəxslər deyil, siyasi ideologiyalar və bu ideologiyanı tərənnüm edən dövlətlər çıxış etməyə başladılar. XX əsrdən başlayaraq texnoloji eyforiya, əyləncə və istehlak kultlarının sürətlə yayılmasına təkan verdi. İnsan əvvəlcə özünü, daha sonra isə başqaları ilə münasibətini dəyərsiz sanmağa başladı. Müasir insanı nə qədər savadlı, zəngin, zövqlü və yaradıcı təqdim etməyə çalışsalar da, reallıq tam əksini göstərdi. Müasir insan özünə və başqalarına qarşı biganədir və biganəliyin acısını ört-basdır etmək üçün hər gün yeni ehtiyaclar və o ehtiyacları ödəmək üçün vasitələr icad edir. Ən başlıca, ən dərin, ödənməsi onu xoşbəxt edəcək ehtiyaclarını isə unudur. İnsanın daxilində ən mühüm münaqişə gözlənti ilə reallıq arasında baş verir. Reallıqla gözləntilərimiz arasında fərq kəskinləşdikcə inamsızlığımız artır. Müasir insanın inamsızlıq və ümidsizliyə qapılmasının əsas səbəblərindən bir də məhz budur. İstehlakçı mədəniyyətin ona təlqin etdiyi süni ehtiyaclar istəkləri çoxaldır, lakin reallıqda heç nə verə bilmir. İnsan nə qədər çox arzulayırsa, bir o qədər də arzularından uzaq düşür. Virusa yoluxma qorxusu sanki bizi müasir mədəniyyətin ovsunundan az da olsa çıxara bildi. Eyni zamanda bu təlatümlər qəribə, izaholunmaz təsir buraxır. İnsanların bir çoxu heç özləri də anlamadan dərin dəyişikliklərə məruz qalır. Həyatın dəyər vermədiyimiz ən bəsit nemətlərini itirdikdə, onlara nə qədər ehtiyaclı olduğumuzu başa düşdük. Qərq olduğumuz süni ehtiyaclar dünyasının puçluğunu anladığımız kimi. Bu da tarixi bir fürsətdir. Bundan yararlanmasaq, "postkorona" dünyasında dəyişəcək yeganə şey qlobal güclər arasındakı balans olacaq. Həyat isə elə öz axarı ilə davam edəcək. Etiraz edə bilərsiniz ki, gerçəklik ideal olmasa da, bundan daha yaxşısını arzulamaq utopizmdən başqa bir şey deyil. Axı nə üçün biz bu qədər inamsız olmuşuq ki, alternativ haqda düşünmək xəyalpərəstliyə bərabər tutulur? Məgər müasir Avropanın ideoloji təməlləri məhz orta əsr utopistləri tərəfindən qoyulmayıb? Yaxud Xacə Nəsirəddin Tusi əsrlər öncə insanların vahid ilahi ruhdan yarandığı səbəbindən nə zamansa birləşəcəyini yazanda, o dövrdə kim qloballaşmanın reallığını təsəvvür edə bilərdi? Bu gün alışdığımız sadə həqiqətlər uzun illər öncə kimlərinsə zehnində xam xəyallar kimi yaranmışdı. Və həmin xəyallar sırf inam və ümid gücünə gerçəyə çevrilə bildi. Bu gün də dünyamızın maddiləşməsindən, eqosentrik olmasından narahatıqsa, deməli, mənəvi kateqoriyalarda düşünməyin zamanı çatıb. Bu gün özünü mənəviyyatlı sayan hər bir insan öz şəxsi nümunəsi ilə maddiləşmiş dünyaya meydan oxumaqla görəvlidir. Heç kəs də öz zəhmətini kiçimsəməməli, çünki mənəvi fəzada böyüklük inam və ümidlə ölçülür, görünüşlə yox. Bu günlərdə müsəlmanlar Həzrət Mehdinin (ə) mövludunu qeyd edirlər. Lakin onlarla bərabər digər ibrahimi və qeyri-ibrahimi dinlər xilasla bağlı bayramlar qeyd edirlər. Tarixin təsadüfüdürmü ya yox - deyə bilmərik, amma fərqli mədəniyyətlərə mənsub insanlar eyni zamanda eyni çətinlikdə və eyni ümidlə yaşayırlar. Köhnələn reallığın can çəkişməsinin yeni reallığın doğuş sancıları olmasını iddia edənlər də var. Hər bir halda, müasir reallığın bütün mənfi cəhətləri ilə yanaşı, ümidlənməyə də kifayət qədər əsas var. Hacı Şahin Həsənl Mənbə: Publika.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Aprel, 2020 20:11 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |