إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Madriddə COP25 beynəlxalq iqlim dəyişikliyi konfransı öz işinə başlayır

Bu gün Madriddə BMT-nin iqlim dəyişikliyi üzrə COP25 konfransı öz işinə başlayır.

Ahlibeyt.az Azərtac-a istinadən xəbər verir ki, konfransda 196 ölkənin nümayəndələri, o cümlədən 50 dövlət və hökumət başçısı iştirak edəcək. Dekabrın 2-dən 13-dək davam edəcək iqlim sammiti İspaniya dövlətinə təqribən 50 milyon avroya başa gələcək. Tədbirin keçiriləcəyi günlərdə şəhərdə asayişin qorunmasına 5 mindən çox qanun keşikçisi cəlb olunacaq.

Konfransa Çili sədrlik edəcək, lakin bu ölkənin Prezidenti Sebastyan Pinyera sammitdə iştirak etmək üçün Madridə gəlməyəcək. Belə ki, ölkə daxilindəki vəziyyət dövlət başçısı üçün daha mühümdür.

Madrid sammitində ABŞ Prezidenti Donald Tramp, Braziliya Prezidenti Jair Bolsonaru da iştirak etməyəcəklər. Pensiya islahatlarına qarşı Parisdə keçirilən ümumi tətillər və Malidə öldürülmüş 13 fransız əsgərinin dəfn mərasimi səbəbindən Fransanın dövlət başçısı Emmanuel Makron da konfransda iştirak etməyəcək. Fransa Prezidentini bu ölkənin Baş Naziri Eduar Filipp əvəz edəcək.

Sammit çərçivəsində dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının iştirakçı dövlətlərinin XXV sessiyası və Konvensiyanın köməkçi orqanlarının, o cümlədən elmi və texniki aspektlər üzrə strukturlarının 51-ci iclası da keçiriləcək.

Bu ərəfədə keçirilən mətbuat konfransında BMT-nin Baş katibi Antonio Quterreş dünya liderlərini iqlim dəyişiklikləri ilə əlaqədar alimlərin onlardan tələb etdikləri tədbirlərin həyata keçirilməsi üzrə siyasi iradəni gücləndirməyə çağırıb. O bəyan edib ki, bu hədəflərə nail olmaq üçün dünyanı alimlərin müəyyən etdikləri keyfiyyətə gətirib çıxarmaq lazımdır. Portuqaliyanın sabiq Baş Nazirinin sözlərinə görə, insanlıq uzun əsrlər planetlə mübarizə aparıb, indi isə planet ona qarşı hərəkətə keçib. “Biz təbiətlə apardığımız mübarizəni dayandırmalıyıq, el də sübut edir ki, bunu edə bilərik”, -deyə Baş katib vurğulayıb.

Konfrans iştirakçıları ətraf mühitin çirklənməsinin mümkün olduqca tez bir vaxtda azaldılması və iqlimin isinməsinin gecikdirilməsi üzrə tədbirləri müzakirə edəcəklər. Paris Sazişini imzalayan dövlətlər yüzilliyin sonunadək temperaturun artmasını 1,5-2 dərəcə Selsi arasında saxlamağı, 2030-cu ilədək parnik qazlarının emissiyasını 45 faiz azaltmağı, 2050-ci ildə isə tullantıları sıfır səviyyəsinə endirməyi vəd ediblər. Bundan başqa, karbon qazının qiymətinin müəyyən edilməsi, qazıntı yanacağına ayrılan subsidiyaların kəsilməsi, həmçinin daş kömürlə işləyən elektrik stansiyalarının tikintisinin dayandırılması, ətraf mühitin çirklənməsinə görə vergilərin miqdarının dəyişdirilməsi də müzakirə olunacaq.

Qeyd edək ki,Çilidə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə beynəlxalq forum ölkədə baş verən iğtişaşlarla bağlı təxirə salınaraq İspaniya paytaxtı Madridlə əvəzlənib

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Dekabr, 2019  11:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!