إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bəndə öz müşkülünü yalnız Allaha izhar etməlidir - Kumeyl duasının şərhi

Böyük din alimi,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.

Mühüm kitablarda nəql olunmuş qüdsi bir hədisdə qeyd edilir ki, bəndə öz müşkülünü yalnız Allaha izhar etməlidir. Uyğun hədisdə Allah-Taala buyurur: «Məgər çətinliyə düşmüş bəndəm başqalarına bel bağlayıb, çətinliklərin onlar tərəfindən həll olunacağınımı gözləyir?! Halbuki, çətinlikləri aradan qaldırmaq yalnız mənim əlimdədir. Mənim bəndəm başqaları tərəfindən ehtiyaclarının ödənməsinimi gözləyir?! Halbuki, imkanlı, bağışlayan, kərim olan Mənəm və bütün dərdlərin açarı Mənim əlimdədir.

Nə üçün bəndəm Məndən üz döndərib?! Halbuki, bütün istəklərini vermişəm. İndi isə o bir bu qədər ehtiyacla başqalarına üz tutub onlara ağız açır.

Mənəm Allah və Məndən başqa bir məbud yoxdur. İstəmədiyini əta etdiyim halda, istədiyini əta etmərəmmi?! Məgər sonsuz səxavət dəryası Məndən deyilmi?! Dünya və axirət Mənim əlimdə deyilmi?!

Əgər göylərin və yerin əhli göylərcə və yercə bir şey istəsələr və Mən onlara əta etsəm, mülkümdən milçək qanadı qədər də azalmaz. Vay halına Məndən üz döndərib başqasına ağız açanın və çətinliklərinin həllini özgəsindən gözləyənin».(«Ənisül-ləyl», səh-196.)

«Və əzumə fima indəkə rəğbətuhu»

(«Səndə olana rəğbətim, meylim böyükdür»)

Həzrət Əli (ə) Allah-Taalanın nəzərində olanlardan yaxşı xəbərdar idi. Ona görə də bu duanı oxuyarkən üzünü torpağa qoyar, sızıltı ilə ərz edərdi: «Və əzumə fima indəkə rəğbətuhu».

Əgər Allah-Taalanın hər bir insan üçün müyəssər olanlarını sadalayıb açıqlamaq istəsək, bir neçə yüz cild kitab yazmalı olarıq və ömrümüz sona çatar. Lakin həmin kitablar Allahın nəzdində olanlarla münasibətdə bir damlanı xatırladar. Sadəcə rəğbət və sevgilimizi artırmaq üçün bəzi həqiqətlərə işarə edirik.

ƏMƏL MÜQABİLİNDƏ MÜKAFATLAR

Allah-Taala öz lütf və mərhəmətindən bütün bəndələrini namaz, oruc, həcc, cihad, sədəqə xalqa xidmət, hüquqlara riayət, günahdan uzaqlığa dəvət etmiş, hər bir əməl müqabilində də mükafat təyin etmişdir. Qurani-Kərimdə qəti şəkildə elan olunur ki, heç kimin saleh əməli mükafatsız qalmayacaqdır.

Allah-Taala mömin və saleh bəndələri üçün bir neçə növ mükafat təyin etmişdir: 1. Əzim əcr; 2. Kərim əcr; 3. Daimi əcr; 4. Böyük əcr; 5. İkiqat əcr.

«Yaxşı işlər görüb pis işlərdən çəkinənləri əzim bir mükafat gözləyir».(«Ali-İmran» surəsi, ayə 172.)

«Şübhəsiz ki, sədəqə verən kişi və qadınların, Allah yolunda gözəl borc verənlərin mükafatları qat-qat artırılacaq. Onları həm də yaxşı, kərim bir mükafat gözləyir». («Hədid» surəsi, ayə 18).

«Doğrudan da, iman gətirib saleh işlər görənləri daimi mükafat gözləyir». («Fussilət» surəsi, ayə 8).

«İman gətirib yaxşı işlər görənləri bağışlanma və böyük bir mükafat gözləyir» («Fatir» surəsi, ayə 7).

«Səbir edib, pisliyi yaxşılıqla dəf etdikləri və verdiyimiz ruzidən sərf etdikləri üçün onlara ikiqat mükafat veriləcəkdir».(«Qəsəs» surəsi, ayə 54.)

Ardı var

Əvvəli -http://ahlibeyt.az/news/a-9257.html

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Fevral, 2019  16:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!