إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İranda keçirilən konfransda Qarabağın azad olunması tələb edilib

Dörd gün davam edəcək səfər zamanı yerli media nümayəndələri ilə görüşlər də nəzərdə tutulur

Ahlibeyt.az-ın Faktxeber-ə İstinadən məlumatına görə, İran İslam Respublikasında “Regionda terrorizm, separatizm və işğalın nəticələri” mövzusunda elmi konfrans keçirilib.Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşıb.

Təbriz şəhərində baş tutan konfransda İran nümayəndə heyəti ilə yanaşı, Azərbaycan Respublikasından bu ölkəyə səfər etmiş nümayəndələr də iştirak edirdi.

Tədbirə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Vətəndaş İnkişafı Partiyasının sədri (VİP) Əli Əliyev, QAT sədrinin müavini İlqar Əli, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağın Azadlığı Uğrunda İslami Cəmiyyətinin sədri Hacı Rövşən Əhmədov və AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, şərqşünas alim Əkrəm Bağırov da qatılıblar.

Qurani-Kərimin oxunması ilə işə başlayan konfransda çıxış edən Təbriz Universitetinin müəllimi, fəlsəfə doktoru Mütəfəkkir Azadi öncə Azərbaycan Respublikasından gəlmiş qonaqları salamladı. Bundan sonra terror və işğal nəticəsində həlak olanların xatirəsi yad edildi.

M.Azadi bildirdi ki, İran dövləti həm işğal, həm terror və separatçılıqda əziyyət çəkib. Bölgədəki fəlakətlərin tarixindən bəhs edən natiq bildirdi ki, ötən əsrdə Osmanlı İmperiyasının parçalanması İslam birliyinə böyük zərbə oldu:

“İmperialist dövlətlər İslam dünyasını parçalamaq üçün Osmanlını böldülər. İran həmişə işğalın və terrorun hədəfinə çevrilib. Ölkəmizin şimal-şərqi və şimal-qərbində dövlətlərin işğal olunması da faciələri artırıb”. İran İslam İnqilabından sonra 17 min terror şəhidindən danışan natiq ardlnca Fələstinin işğalından bəhs etdi: “O xəncəri ki, ingilislər fələstinlilərin ürəyinə taxdı, hər bir müsəlmanın ürəyini qanatdı. Müsəlman millətlərinin İranda İslam İnqilabından sonra oyanışı Amerikanı dünyanın yeni xəritəsini çəkməyə  vadar etdi”.

M.Azadi çıxışı zamanı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına etirazını bildirib:

“Qarabağı İslam torpağından ayrı təsəvvür etmirik. Qarabağın işğalı həsrət toxumunu hər bir müsəlmanın ürəyini atəşlərdə yandırıb. Ələlxüsus bu işğal İran müsəlmanlarının ürəyində bir od yandırıb ki, azadlıqdan başqa onu su da söndürə bilməz. Səddam Hüseynin qarşısında dayanan bizim cavanlarımız idi. Onlar ”Ya Hüseyn" sədaları ilə İranın işğalına imkan vermədilər. İndi də Qarabağı o cavanlar azad edəcəklər. İstəyimiz odur ki, İslama tərəf gələn cavanlarımızın qarşısını almasınlar. Qarabağı və Qüdsi mömin dindar gənclər azad edəcəklər".

QAT sədri Akif Nağı bu tədbiri təşkil edənlərə, Təbriz Universitetinin rəhbərliyinə təşəkkür etdi. Daha sonra Azərbaycan nümayəndə heyətini təqdim etdi. Dedi ki, dövlət başçıları arasında əlaqələr inkişaf etsə də, çox şey xalqların iradəsindən keçir:

“Xalqlar, cəmiyyətlər ortaya iradə qoymasa, bu əməkdaşlıqda ciddi uğurlar əldə etmək olmaz. Həm İran, həm Azərbaycan işğal və terrordan əziyyətlər çəkir. Ona görə də bu toplantının əhəmiyyəti qat-qat artır. Amma belə tədbirlərin keçirilməsinə qarşı hər zaman maneələr olur.  Ermənistan bizim əməkdaşlığımıza mane olmağa çalışır. Mən İrandakı, Təbrizdəki yoldaşlara təşəkkür edirəm ki, bu maneələrə baxmayaraq, toplantı yüksək səviyyədə təşkil olunub.

Bundan əvvəl bütün hazırlıq işləri həyata keçirilsə də, gözəgörünməz əllər İranda konfransın keçirilməsinin qarşısını almışdı. O, İranın terrordan əziyyət çəkməsinə nümunə kimi bu yaxınlarda Əhvazda, hərbi paradda törədilən terror hadisəsini xatırlatdı: “Düşmən İranı, Azərbaycanı sarsıtmaq üçün ən alçaq üsullara əl atır. İslam dünyası vahid cəbhədən bu təhlükələrə qarşı mübarizə aparmalıdır”.

A.Nağı bildirib ki, bu yaxınlarda Azərbaycan XİN rəhbəri İslam ölkələrinin işğalçı Ermənistanla əlaqələrini minimuma endirməsi çağırışı ilə müraciət etdi:

“Deməli, bu istiqamətdə iş gedir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı işğalçı dövlət kimi tanıyır, hətta Ermənistandan Azərbaycana işğala görə təzminat ödəməyi tələb edir. Bu mövqeyə uyğun olaraq konkret addımlar atılmalıdır. Biz bu addımları ilk növbədə İran, Türkiyə, Pakistandan gözləyirik. Həmişə deyirik ki, bu dövlətlərin vahid mövqeyi nəticəsində Qarabağ işğaldan azad edilə bilər. Reallıq budur ki, Minsk Qrupunun fəaliyyəti nəticə vermir. Azərbaycana yalançı vədlər, ermənilərə isə ”işinizdə olun" mesajı verilir.

Hər kəs başa düşməlidir ki, Azərbaycan torpaqlarının işğalda qalması təkcə Azərbaycan üçün yox, region ölkələri üçün faciə və təhlükədir: “ABŞ-ın Ermənistandakı səfirliyində 2 mindən artıq əməkdaşı var. ABŞ Ermənistanda möhkəmlənmək istəyir. Orda möhkəmlənəndən sonra ABŞ Türkiyə və İranı hədəfə götürəcək, bunu unutmaq olmaz.İspaniyanın ərazi bütövlüyü Qərb üçün əzizdir, amma Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsinə məhəl qoyulmur.

QAT sədri İrəvan qədim Azərbaycan şəhəridir olduğunu xatırlatdı, qeyd etdi ki, indi onlar İrəvanın 2800 illiyini qeyd edirlər.

Rusiya faktoruna toxunan Akif NağI qeyd edib ki, Rusiyanın İran və Türkiyə arasında dostluq körpüsü lazımdır. Bu körpü rolunu Azərbaycan oynaya bilər:

"Qarabağın işğalına son qoymağın vaxtı gəlib çatıb. Biz çox istərdik ki, Türkiyə və İran Azərbaycana elə bir dəstək versin ki, Rusiya və ABŞ-ın Ermənistana verdiyi dəstək onun qarşısında aciz qalsın".

Bunun ardınca Qarabağın işğalında bəhs edən film nümayiş olundu, işğalın dəhşətli nəticələrindən bəhs edən şeir səsləndi.  Ağaye doktor Nəsiri çıxışı zamanı torpaqların işğalının azad olunması zərurətindən bəhs etdi. Dedi ki, Qarabağı bu günə salan siyasətdir: “Qarabağda Ədalətli yol yalnız atəşkəsin qorunması deyil. Qaçqın və köçkünlər öz yurduna qayıtmalıdır ki, ağrıları unudulsun”.

VİP sədri Əli Əliyev əslən Sərabdan olduğunu söylədi: “Təbriz bizə İstanbul qədər doğmadır. Azərbaycanda kimi arasan, onun cənub kökləri var. İran bizə dost, qardaş dövlətdir. Mən özümü öz evimdə hesab edirəm. Burada bizim qardaşlarımız yaşayırlar. Şah İsmayıl Xətai sizinçün nə qədər qiymətlidirsə, həm də bizimçün qiymətlidir. Bu gün Azərbaycanda ”Traktorsazi"nin tərəfdarları elə Təbrizdəki qədərdir. Dünyada çox azsaylı imperiyalar qurulub, birini də biz qurmuşuq. O imperiyanın da sərhədləri çox geniş olub.

Qarabağla bağlı biz minlərlə şəhid vermişik.Qarabağ məsələsi həm də dini kökə bağlı məsələdir. Xristian dövlətlərinin Ermənistanı müdafiə etməsinin də kökündə din amili dayanır. Unutmayaq ki, Ermənistan dövlətinin yaradılması İslam dövlətlərin sırasında bufer dövləti kimi nəzərdə tutulub. Böyük imperiyalar qurmuş xalqların arasında fitnə mərkəzi yaradılıb. İran və Türkiyənin Suriya, Kəşmir, Fələstin məsələsindəki əməkdaşlığı bizi sevindirir. Biz çalışmalıyıq ki, BMT Təhlükəsizlik Şurasında milyard yarımlıq müsəlmanların nümayəndəsi olsun.

İnşallah, Azərbaycan Qarabağı azad edəcək.Aprel döyüşləri göstərdi ki, erməni bizim əsgərimizin qarşısında dayana bilməz. Biz Dağlıq Qarabağı azad etmək gücündəyik, yetər ki, Rusiya neytrallaşdırılsın”.

Rövşən Əhmədli də Qarabağ torpaqlarının azad ediləcəyini qətiyyətlə söylədi: “İnşallah təkcə Qarabağı yox, bütün işğaldakı islam torpaqlarını azad edəcəyik! Biz buna nail olmasaq, onda bu torpağın üstündə gəzmək bizə haramdır”.

Tədbirdə çıxış edən R.Əhmədli bildirib ki, köhnə tarixdən danışmaq, şikayətlənmək çıxış yolu deyil:

“Çıxış yolu tapmaq lazımdır. Mərzlər dövlətlər arasında sərhəddir, amma millətlər arasında sərhəd ola bilməz. Qarabağ, Fələstin hər bir müsəlmanın şərəf məsələsidir. Allah bizi şəhadətlə nəsib eləsin ki, o qələbəni Təbrizə gələrək siz qardaşlarla bir yerdə qeyd edək!”

Təbriz Universitetinin müəllimi doktor Ruhulla Mütəfəkkir Azadi Qarabağ probleminə də toxunaraq qeyd edib ki, bir sıra rejimlərin regionda maraqları var: “Ona görə çalışırlar ki, bölgədə fəlakətlər hökm sürsün. Bu fəlakətlər davam etdikcə onlar faydalanacaqlar.Kondoliza Raysın dövründə Orta Şərqin yenidən bölünməsi planı işə salınıb.

AMEA əməkdaşı Əkrəm Bağırov tərcümə etdiyi kitablardan bəhs etdi: “Qarabağ şairləri barədə danışdı. Qarabağda bir əsrdə 100 azərbaycanlı şair yaşayıb-yaradıbsa, erməni hansı haqla bu torpağa iddia edə bilər?” Ə.Bağırov AMEA-nın İrəvan xanlığı adlı kitabını nəşr etdirdiyini söylədi. Dedi ki, o kitab da fars dilinə tərcümə olunub, yaxın vaxtlarda nəşr olunacaq.

Ömrünün 7 ilini Əhvazda keçirən tərcüməçi alim dedi ki, o şəhərdəki terror xəbərini üzüntü ilə qarşılayıb: “Azərbaycanda da ermənilər, başqa millətlərin əli ilə terror aktları törədiblər. Biz bütün terror hadisələrini lənətləyirik”.

“Təbriz” radiosunun sədri Mehdi Nalbəndi çıxışında Baba Pünhanın

“Məni udsun qara torpaq, Qarabağ getsə əgər,

Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər..." şeirini söylədi.

Sonra isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında yüksək fikirlər söylədi: “Şəhid Mübarizi təkcə sizin uşaqlar tanımır, həm də bizim uşaqlar tanıyır. Qarabağ müharibəsi həm də bizim müharibədir. Əhvazdakı terror da hər bir Azərbaycan vətəndaşının ürəyini ağrıtdı, buna əminəm”.

M.İbrahimovun və bütün şəhidlərimizin ruhu salavatla yad edildi.

Eldəniz Quliyev İslam dünyasını birliyə çağırdı. Ardınca  isə Musa Yaqubun “Bəlkə də borcundan çıxmadım Vətən!” şeirindən bir parçanı söylədi.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti İranın Təbriz və Ərdəbil universitetləri tərəfindən regionda terrorizm və işğal, Dağlıq Qarabağ münaqişəsi mövzusuna dair təşkil olunmuş konfranslarda, digər tədbirlərdə iştirak edəcək, Qarabağ həqiqətlərinə dair məlumatları çatdıracaq, kitablar paylayacaqlar. Dörd gün davam edəcək səfər zamanı yerli media nümayəndələri ilə də görüşlər də nəzərdə tutulur.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Oktyabr, 2018  11:35 Çap

Bu bölmədə


Xəbər lenti















© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com