|
• Mənəviyyat • MəhərrəmBu gün Xanım Ruqəyyənin şəhadət günüdürBu gün - qəməri təqvimi ilə səfər ayının 5-i imam Hüseynin(ə) üçyaşlı qızı həzrət Rüqəyyənin şəhaədətə yetdiyi gündür. İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində atası ilə birlikdə Kərbəlaya səfər etmişdir. Bəzi rəvayətlərə əsasən, həzrət Rüqəyyə şəhadətə yetdiyi zaman üç yaşında imiş və hicri-qəməri tarixi ilə 61-ci ilin Səfər ayının 5-də, Şam şəhərində əsirlikdə ikən şəhadətə yetmişdir. Onun Dəməşq şəhərindəki müqəddəs məqbərəsi ziyarətgahına çevrilmişdir. Həzrət Rüqəyyənİn (ə) şəhadətİ İmam Hüseynin (ə) kiçik qızı Rüqəyyə Şam şəhərində Yezidin zindanında ikən gecələrin birində röyada atasını görür. Yuxudan ayılıb atasını yanında görmədikdə ağlamağa başlayır. Ondan ağlamağının səbəbini soruşduqda, cavabında deyir: “Atam haradadır? Mənim atamı gətirin.” Anlayırlar ki, kiçik qız atasını yuxuda görüb. Nə qədər təsəlli versələr də, onu sakitləşdirə bilmirlər. Kiçik qızın ağlaması xarabadakı digər xanımları da ağladır. Əhli-beyt əsirləri özləri də gecənin sükutunu sındırıb, hamılıqla Rüqəyyəyə (ə) qoşularaq ağlamağa başlayırlar. Tahir ibn Abdullah Dəməşqi deyir: "Əhli-beyt əsirləri Rüqəyyəni sakitləşdirə bilməyəndə, imam Hüseynin (ə) müqəddəs başını bir teştdə Rüqəyyə üçün göndərirlər ki, bəlkə bunu görəndən sonra təsəlli tapsın! Xarabadan ucalan ah-nalə Yezidin sarayında da eşidilməyə başlayır. Yezidin məsələnin nə yerdə olduğunu bildikdə əmr edir ki, İmam Hüseynin(ə) kəsilmiş mübarək başını Xanım Ruqəyyəyə(s.ə) aparsınlar. Keşikçilər o həzrətin başını götürüb, xarabanın qapısına gəlirlər. Əhli-beyt əsirləri imam Hüseynin (ə) müqəddəs başının gətirildiyindən xəbər tutduqda, hamılıqla o həzrətin başını qarşılamağa çıxırlar və imam Hüseynin (ə) başını onlardan alıb, yenidən matəm tuturlar. Xanım Zeynəbi-Kübra (ə) o mübarək başın ətrafına dolanmağa başlayır". Tarixi mənbələrdə qeyd olunur ki, xanım Rüqəyyə mübarək başı görən kimi soruşdu: “Bu kimin başıdır?” Deyirlər: “Bu atanın mübarək başıdır.” Həzrət Rüqəyyə (ə) atasının mübarək başını teştdən götürüb bağrına basır, ağlamağa başlayır, atasının mübarək başını qucağına alıb ürək sözlərini, qəmlərini və yol boyu düşərgələrdə çəkdiyi müsibətləri yad edib ağlayırdı: "Atacan, üzünü kim belə qan edib? Atacan, boynunun damarlarını kim kəsib? Atacan, kim bizi uşaq vaxtı yetim etdi? Atacan, yetim uşaqlar böyüyənədək kimə pənah apararlar? Atacan, kaş torpağı özümə yastıq edəydim amma saqqalını qana boyanmış görməyəydim. Atacan, kaş, mən sənə fəda olurdum və sənin mübarək saqqalının qana boyandığını görməzdim!” Rüqəyyə (ə) dodaqlarını atasının dodaqlarına qoyub, o qədər ağlayır ki, axırda huşdan gedir. Xanımlar baxıb görürlər ki, həzrət Rüqəyyə (ə) əbədiyyətə qovuşub! Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra onu əsirlikdə köhnəlmiş elə həmin öz köynəyi ilə kəfən edib qürbət diyarda, Şamın xarabasının bir küncündə dəfn edirlər. Həzrət Rüqəyyə (ə) dəfn olunan gecəsi, həzrət Ümmü-Gülsüm heç cür aram olmurdu. O, dayanmadan ağlayır, nalə və fəryad edir, xarabanın ətrafında gəzirdi. Əhli-beytin (ə) xanımları nə qədər təsəlli versələr də sakitləşmirdi. Ondan bunun səbəbini soruşanda dedi: “Keçən gecə Rüqəyyənin (ə) mənim qucağımda yuxuya getməsi yadıma düşür. Gecə yarısı yuxudan ayılıb gördüm bərk ağlayır və sakit olmur. Ondan soruşdum: “Niyə ağlayırsan?” Rüqəyyə (ə) mənə dedi: “Bibican, bu şəhərdə mənim kimi əsir olmuş və ev-eşiyindən uzaq düşən var? Bunlar bizi müsəlman bilmirlərmi ki, çörək və suyu bizdən əsirgəyirlər, biz yetimlərə yemək vermirlər?” Mədİnədə həzrət Rüqəyyəyə (ə) əza məclİsİ Əhli-beyt (ə) əsirləri Şamdan Mədinəyə qayıdan kimi əzadarlığa məşğul olurlar. Onların zəiflikdən gözlərinin yaşı belə quruyur. O qədər yemək yemirlər ki, nəhayət, imam Zeynəlabidin (ə) özü onların otaqlarına gedir, onlardan yemək yemələrini, su içmələrini istəyir. Amma o həzrət özü, hər vaxt su görsəydi, ya qarşısına yemək qoysaydılar, o qədər ağlayardı ki, mübarək gözünün yaşı o su və ya xörəyə qarışardı. Seyid ibn Tavus imam Sadiqdən (ə) belə nəql edir: “İmam Səccad (ə) atasının müsibətinə qırx il ağladı. O gündüzləri oruc tutur, gecələri isə ibadətlə başa vururdu. Hər vaxt iftar olduqda, xidmətçi onun xörək və suyunu gətirib yanına qoyur və ərz edirdi: “Ey mənim ağam, buyurun xörək meyil edin.” İmam buyururdu: “قتل ابن رسول الله جائعا قتل ابن رسول الله عطشانا” “Allah Peyğəmbərinin (s) oğlunu ac öldürdülər, Allah Peyğəmbərinin (s) oğlunu susuz öldürdülər.” O həzrət ardıcıl bu sözləri təkrar edir, o qədər ağlayırdı ki, gözünün yaşı yemək və suya qarışırdı. O həzrətin halı Allah dərgahına qovuşana qədər belə oldu. Bəli, əsirlər Mədinəyə qayıtdıqdan sonra neçə gün əza məclisləri quruldu. Əhli-beytin (ə) nə gecələr, nə də gündüzlər sakitliyi və aramlığı olmadı. Mədinə əhalisi hər gün dəstə-dəstə onların yanına gəlir və başsağlığı verirdilər. Həzrət Zeynəb (ə) Mədinə qadınlarına Kərbəla, Kufə və Şamın hadisə və müsibətlərindən danışır, onlar da ağlayırdılar. Bir gün həzrət Zeynəb (ə) Şamda çəkdikləri müsibətlərdən danışarkən həzrət Rüqəyyə (ə) yadına düşür və buyurur: “Amma Şamın xarabasında Rüqəyyənin şəhadəti belimi bükdü.”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Avqust, 2023 10:20 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |