إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu sənət Qurandan ilham alaraq yaranıb - Qədim türk sənəti “Ebru”

VII-VIII əsrlərdə həm Çində, həm də Yaponiyada ebru texnikasına bənzər texnikada “suminaqaşi” adlı sənət olub. O, daha çox saf suyun üzərində yağlı boyalarla icra olunurmuş. Amma bu gün bizim ebru kimi bildiyimiz sənətə XI-XII əsrlərdə Çağatay dilində “abru“ deyilib. “Abri” bulud, “Ab ru” isə suyun üzü mənasını verir. Hər iki adı uyğun hesab etmək olar. Ebru haqqında məlum olan məlumatın ən erkən tarixi bu şəkildədir.

“Report” ebrunu təbliğ edən Zərərli Vərdişlərə Qarşı İctimai Birliyin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun Gigiyena və Bərpa laboratoriyasının elmi işçisi Zaur Orucovla birgə qədim sənətinin bilinməyən tərəflərini araşdırıb.

Ebrunun tarixi

Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında nişapurlu bir sənətkardan bəhs edərək bildirir ki, “O qədər mahir idi ki, su üzərində şəkil çəkərdi”. Bu gün suyun üzərində şəkil, naxış çəkməyin ebru sənətinə aid olduğu bəllidir. Nizami Gəncəvinin bəhs etdiyi su üzərində şəkil söhbəti elə məhz ebru sənətinə işarədir.

Zaur Orucov deyir ki, bu sənət daha sonra Özbəkistanda tanınıb: “Özbəkistanın paytaxtı Daşkənddə ebru sənətindən dərs keçərkən bir professor mənə bu sənətə “abru bahar” deyildiyini bildirdi. Bahar, yaz aylarında havaya yerdən duman, çən qalxanda arxasında da günəş doğur və həmin vaxt o buludlar rəngarəng olur. Ebrunun əsil mənasının məhz Özbəkistanda deyildiyi kimi olduğunu güman edirik. Biz elə deyirdik ki, heç bir müdaxilə edilmədən suyun üzərinə düşən boyalar bulud topasına bənzəyir. Burada rəngli bahar mənasına rəngli bulud uyğun gəlir.

Çox zaman internet mənbələrində bu sənətin Hindistana, ordan farslara, daha sonra isə Osmanlı türklərinə çatdığı yazılır. Bu tamamilə yanlış məlumatdır. Bu sənət türk xalqlarına aid bir sənətdir”.

Ebru və Quran

Z.Orucov Ebrunun Quranla əlaqəli olduğunu düşünür: “Qədim zamanlarda ebru ilə məşğul olmaq istəyən sənətkar ilk olaraq ebrunun xüsusi duasını oxuyurdu. “Ya rəbbim, bu ləyəndə baş verən hadisə sənin qüdrətinin təcəllasıdır. Birdən mən aciz bəndə o gözəlliyi görüb aldanaram, mən elədim deyərəm. Məni bağışla...”

Ebru sırf islam mədəniyyətinə, ənənəsinə aid sənətdir. Oradakı əmmarələr bunu göstərir. Bu sənət Qurandan ilham alaraq yaranıb. Quran olmasaydı, belə bir sənət üzə çıxmayacaqdı. Müəyyən mədəniyyətlərdə bəlkə də ona bənzər nəsə var idi. Amma bu sənət islam sənətinin içində zühur edib.

İnsan 4 ünsürdən yaranıb: Su, torpaq, hava, od. Ebruda da 4 ünsür var: Suyun üzərində çəkilir, boyalar torpaqdan əldə olunur, inək ödü istifadə olunur ki, onun da tərkibi yandırıcıdır, bir də sənətkarın ab-havası.

Ebruda işlədilən at quyruğu, gül budağı əbəs yerə deyil. Gül peyğəmbərimizin rəmzidir ona aid edilir. Rəvayətlərdə deyilir ki, peyğəmbərin təri gül qoxardı”.

Ebrudan doğru istifadə

Z.Orucov bildirir ki, Ebruda istifadə olunan su nə çox qatı, nə də soyuq olmalıdır: “Keçmişdə suyun qatı olması üçün heyvanın tumundan, gəvən adlı bitkidən istifadə edirdilər. Son zamanlar da isə dəniz yosunundan əldə olunan tozdan yararlanırıq. Həmin tozu suya qatıb, suyu qatılaşdırırıq. Ebru sənətində ən önəmli vasitə iri buynuzlu heyvanın ödüdür. Ödün tərkibində asit turşusu olduğu üçün boyanı həll edir, onun kağıza yapışmasını təmin edir. Yağlı olduğu üçün boyalar bir–birinə qarışmır. Təsəvvür edin, bu üsul min il əvvəl kəşf olunub.

Ebru sənətində əsas istifadə olunan fırça gül budağı və at tükündən ibarətdir. İşimizəelə adi ofset kağızı yarayır. 80-120 qram çəkisi olan bütün kağız növündən yararlanırıq”.

Ebrunun növləri

Ebrunun qədim zamanda olan növlərinin hamısı günümüzə qədər gəlib çatıb. Zaur Orucov Ebrunun növlərindən də danışıb: “Boyaların heç bir toxunuş olmadan suyun üzərinə atılmasına “battal”, bizim boyalar üzərində davamlı olaraq aşağı-yuxarı hərəkətinə “gəl-get”, suyun üzərindəki rəngləri bizlə S-vari hərəkətinə “şal”, kağızı su üzərinə qoyaraq dalğavari hərəkətindən yaranan ebruya “pərdəli” ebru deyirik. Bunlardan əlavə, “Hatib”, “daraqlı”, “barut” və “çiçəkli” ebru növləri də var.

Ebru sənəti rəsm sənəti deyil. Suyun üzərində hər hansı rəsm çəkilə bilər. Amma bu ebru sənətinin ruhuna, klassikasına ziddir”.

Ebru və insan...

Z.Orucov insanın əhvalının Ebruya təsirindən də danışıb: “At bildiyimiz kimi, çox həssas heyvandır və insanın hər halını anlayır. Ebruda 4 ünsürü sadalayanda sonda sənətkarın ab-havasını qeyd etmişdik. Suyun rənginə, halına görə biz yaxşı və ya pis insan oluruq. Suyun üzərində alınan naxışlar sənətkarın o andakı hisslərini göstərir. Gül budağı və at tükündən ibarət olan fırça qolumuz vasitəsilə bizim enerjimiz suyun üzərinə əks olunur. Ritmi pozulmuş bir insan ebrunun suyuna yaxınlaşarsa, suyun üzərindəki boyalar çürüyər və kağızın üzərindən axdığının şahid olarıq. Halbuki su və boya eynidir. Eyni anda müxtəlif insanlar istifadə edir. Birində hər şey gözəl alınır, digərində isə boyalar suyun üzərində çürüyür.

Ebru dərsinə gələn bir tələbəmin üzündə ləkələr vardı, bir müddətdən sonra o ləkə və izlərin təmizləndiyini müşahidə etdim. Ebru 80 faiz insan xarakterini münasibətə doğru dəyişmə gücünə malikdir. Qan hüceyrələrinin mikroskopda böyüdülmüş forması bizim çəkdiyimiz ebru ilə eynidir. Biz sanki, su üzərində insanın bir parçasını işləyirik” .

Müasir ebru

Z.Orucov bəzən müasir texnikanın ebru sənəti ilə toqquşduğunu deyir: “Ebru boyaları tamamilə təbiidir. Getdiyimiz hər hansı bir yerdə rəngli daşlardan götürərək o daşı toz halına gətirənə qədər döyürük. Toz halını almış daşı artıq ebruda rəng kimi istifadə edə bilərik.

Amma müasir texnologiyalarda boyalar belə hazırlanmır. Divar boyasının tərkibində müxtəlif kimyəvi maddə olduğuna görə ondan istifadə edilmir. Bəzən də ebrunun suyuna neft məhsullarından əldə olunan maddələr qatırlar. Amma bu klassik ebruda deyil, müasir ebruda işə yarayır. Müasir dövrdə ödün iyi gəlməsin deyə onu qaynadırlar. Qaynadılan ödün keyfiyyəti bir az aşağı düşür. Bu gün müasir ebru parça, taxta, seramik çini üzərində tətbiq olunur. Hər əşyanın özünə görə boyası var. Artıq ebrunun tətbiq sahəsi genişdir”.

Ebru və Qərb

Z.Orucov ebru sənətinin Avropada geniş yayıldığını söyləyir: “XVI əsrdən Qərbin ebruya böyük marağı olub. O zaman Qərbdə demək olar bütün kitabların üz qabığı və daxilində ebru sənəti əks olunub. Texnika və çap sənəti surətlə inkişaf edəndə, fotoaparat icad olunanda artıq ebru sənəti arxa plana keçdi. Bu gün isə Qərbdə ebru həm sənət, həm də art-terapiya kimi istifadə olunur. Onlar rəng ilə müalicə üsulundan geniş istifadə etdiklərindən ebru onlar üçün əvəzolunmaz sənətdir”.

Nigar Adil, Günay Qoşqarqızı

Mənbə:Report.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Oktyabr, 2018  10:27 Çap

Bu bölmədə


Xəbər lenti















© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com