إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan Prezidenti - Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub

İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib

Ahlibeyt.az-ın məlumatına görə, Prezident Əliyev,görüş zamanı ona ünvanlanan - Bu il üçün Avrasiya ilə bağlı baxışınız nədən ibarətdir və Azərbaycan olduqca gərgin və hətta təhlükəli regionda necə davranacaqdır? sualını cavablandırarkən bildirib ki, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda:

"Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə - Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir.

Regionumuzda olan hər bir ölkə ilə bizim xüsusi əməkdaşlıq formatımız var. Biz gənc müstəqil ölkəyik - cəmi 26 yaşımız var. Ancaq hesab edirəm ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olmuşdur və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan vermişdir. Bu siyasət milli maraqlarımıza əsaslanır və heç bir qonşu dövlətin maraqlarına zidd deyil.

Hesab edirəm ki, coğrafi baxımdan əsas qonşularından kiçik olan ölkə üçün düzgün balansı tapmaq və bu qonşuluqdan üstünlük kimi istifadə etmək çox vacibdir. Çünki böyük qonşular həm də böyük bazar deməkdir. Bizim üçün isə ən yaxşı bazar qonşu dövlətlərin bazarlarıdır.

Beləliklə, qarşılıqlı maraq, maraqların balanslaşdırılması və digərlərinin daxili işlərinə müdaxilə olunmaması, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu ölkəmizin uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərin səbəblərindəndir.

Prezident İlham Əliyev ona ünvanlanan sualları cavablandırarkən qeyd edib ki,Azərbaycana qarşı yönəlmiş bəzi qərəzli yanaşmalar Qərbdə müəyyən siyasi mərkəzlərin fəaliyyətinin məhsuludur:

"Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər.

Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil."

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Yanvar, 2018  10:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!