إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allahdan dörd istək - Müdara və xoş rəftar

Kumeyl duasının fəzilət və şərhi

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.

Heç şübhəsiz ki, sınıq qəlb və göz yaşları ilə gecə yarısı xəlvətdə edilən dua qəbula çox yaxındır. Allah-Taala Musa ibn İmrana belə xitab edir: «Ey İmran oğlu! Mənim hüzuruma qəlbindən sınıqlıq, cismindən təvazö, gözündən gecə yarısı olan yaş gətir. Məni çağır, yəqin ki, icabət edəcəyəm».("Kənzul-əmmal”, 43 639.)

Dua edən şəxs duanın bu hissəsində Allah-Taaladan dörd şey istəyir. O, inanmalıdır ki, duadakı itaətkarlıq və təvazökarlığın duanın qəbulunda təsiri olacaqdır. İstənilən dörd şeyə nəzər salaq: 1-Allahın müdara ilə yumşaq rəftarı; 2-Rəhmətə qovuşmaq; 3-Verilən ruziyə qane olmaq; 4-Bütün hallarda təvazö.

Dua edən şəxs anlamalı və unutmamalıdır ki, yaxşılıq edən insan özünə edir. («İsra» surəsi, ayə 7). Allahdan mehribanlıq görmək üçün hökmən müsəlmanlara, layiqli şəxslərə mehriban olmaq lazımdır. Öz ətrafındakılara qarşı mərhəmətli, mehriban olmayan insan Allah-Taaladan mehribanlıq görə bilməz.

1-Müdara və xoş rəftar.

Müqəddəs İslam ayinləri bütün ardıcıllarını bir-birləri ilə düşmənçilikdən, nifaqdan çəkinməyə eləcə də mərhəmət və mehribanlığa çağırır. İslamda möminlər bir-birlərinə qardaş bildirilir və bu qardaşlıq əlaqələri xüsusi hüquqlarla tənzimlənir. Bu hüquqlara riayət etmək bəzən əxlaqi, bəzən isə şəri cəhətdən vacibdir.

Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mənəvi bağlılıqlar və onların davamı yalnız əxlaqi çirkinliklərdən təmizlənməklə mümkündür. Lovğalıq, təkəbbür, mənəm-mənəmlik, paxıllıq, tamahkarlıq və xəsislik kimi çirkin sifətlər yoldaşlar, ailə və cəmiyyət arasında münasibətləri viran edən amillərdir.

İslam Peyğəmbəri (s) çox mühüm bir rəvayətdə xalqı əxlaqi çirkinliklərdən çəkinməyə və qardaşlıq hüquqlarına riayət etməyə çağırır: «Bir-birinizlə düşmənçilik etməyin. Bir-birinizə qəzəblənməyin. Bir-birinizə həsəd etməyin. Dostluq və qardaşlıq əlaqələrini kəsməyin. Müsəlman müsəlmanın qardaşıdır, qardaşına zülm etməz, onu tənha qoymaz».(Mişkatul-ənvar”, 55.)

Həzrət Peyğəmbərin (s) digər buyruqlarına nəzər salaq: «Xalqla müdara imanın yarısı, onlarla xoş rəftar həyatın yarısıdır».("Tuhəful-uqul”, 91.) «Allah rəhmət etsin o şəxsə ki, satanda, alanda, borcludan pulunu alanda yumşaq rəftar edər».(Ğurərul-həkəm”, 155.)İmkansız borcluya möhlət verənlə, onu rahat buraxanla Allah yüngül hesab çəkər».("Biharul-ənvar”, 74-88.)

Həzrət (s) bir rəvayətdə belə buyurur: «Qiyamət günü günah və israfla özünə zülm edəni sorğuya çəkərkən onun xilası üçün bir savab tapılmadıqda deyərlər: «Hər hansı xeyir bir iş görmüsənmi?» Belə cavab verər: «Xeyir iş görməmişəm. Amma itaətimdə olanlara tapşırardım ki, borc verdiyim insanlarla yumşaq rəftar edib, onlara möhlət versinlər». Allah-Taala buyurar: «Yaxşılığa mən daha layiqəm». Sonra isə həmin şəxsin günahlarını bağışlayar».("Kafi”, 3-266.)

Həmmam ibn Osman deyir: «Bir şəxs İmam Sadiqə (ə) onun səhabəsindən şikayət etdi. Çox keçməmiş həmin səhabə gəldi və Həzrət İmam (ə) ondan bu şikayət haqqında soruşdu. Səhabə bildirdi ki, verdiyi borcu son dinarədək tələb etməsi bu kişini narazı salıb. İmam Sadiq (ə) narahat halda buyurdu: «Elə güman edirsən ki, pis iş görməmisən?! Yoxsa Allahın «onlar pis haqq-hesabdan qorxarlar» buyruğunu eşitməmisən? Elə bilirsən ki, Allahın hesabı zamanı Onun zülmündən qorxarlar? And olsun Allaha ki, yox! Onların qorxduğu şey dəqiq, tükü-tükdən ayıran hesabdır. Belə hesab «pis hesab» adlandırılır. Öz haqqını istəyən şəxs belə rəftar edərsə pis iş görmüşdür».

İslam Peyğəmbəri (s) buyurur: «Agah olun ki, yer üzündə Allah üçün yerlər var və bu yerlər qəlblərdir. Ən yaxşı yer isə ən xalis, ən möhkəm və ən yumşaq qəlbdir. Günahdan xalis, dində möhkəm və din qardaşı ilə mehriban olan qəlb!("Məcmueye-Vərram”, 2-86.)

Həzrət (s) başqa bir rəvayətdə buyurur: «Allah-Taala mənə xalqla yumşaq davranmağı əmr etmişdir...»; «Hər kəsdə üç şey olmazsa, əməli kamil deyildir: Allaha qarşı günah etməkdən çəkindirən təqva, xalqla mehribanlığa səbəb olan əxlaq, cahilin cəhlini rədd edən helm»; «Şübhəsiz ki, yumşaq rəftar hər şeyi gözəlləşdirir, müdarasız rəftar isə hər şeyi çirkinləşdirir»; Əgər xoş rəftar gözə görünsəydi, yaranmışların ən gözəli olardı».("Biharul-ənvar”, 71-666.)

Həzrət Əli (ə) bir rəvayətdə buyurur: «Əqlin meyvəsi xalqla xoş rəftardır».(Ğurərul-hikəm”, 431.) Həzrət (ə) buyurur: «Xalqla mülayim rəftar ən üstün əməldir»; «Xalqla mülayim rəftar et, onlarla qardaşlıqdan bəhrələn, xoş üzlə görüş, kinlərini aradan apar».(Ğurərul-hiəm”, 430.)

İslam Peyğəmbəri (s) bildirir ki, Allahın öz bəndəsi ilə mehriban rəftarı həmin bəndənin xalqla mehriban rəftarının nəticəsidir: «Xalqla mülayim rəftar et ki, səninlə də mülayim rəftar olunsun».("Biharul-ənvar”, 71-198.) Müdara Allahın əxlaqıdır və əgər Həzrət Peyğəmbərin (s) «Allah əxlaqı ilə əxlaqlanın» buyruğuna əməl edilsə, insanlar dünyada və axirətdə səadətə nail olarlar.tmək gözəl olardı.

Ənbərlə yazılmış o gözəl yazı,

Müşk qoxusu verir kəlməsi, sözü.

Mərhəmət, sevgiylə ucalır səsi,

İncitməz özündən inan bir kəsi.

Bu xətt arxasında duran o pak ruh

Varlıq aləminə yağdırmış nurun.

Qəm sevdalısının dodaqlarından

Damdırır görməyən gözlərə dərman.

Reyhana yazılmış bu sirli nüsxə

Yasəmən ətirli şəfadır dərdə.

Surətindən azca vermiş mələyə

Gözəllikdən ucalmış o fələyə.

Ardı var..

Əvvəli - http://ahlibeyt.az/news/a-7911.html

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2018  15:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!