إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dua süstlük və tənbəlliyə səbəb ola bilərmi...

Dua ilə bağlı mövzulardan biri də ictimai və psixoloji yönümdə olan mövzudur. Bəziləri belə güman edirlər ki, xalqın duanın təsirinə inanması ictimai və şəxsi fəaliyyətlərdə süstlüyə səbəb olur. Bu süstlük istər-istəməz ictimai tənəzzülə aparasıdır.

Lakin həqiqət budur ki, hər bir gerçəkdən hansısa şəkildə sui-istifadə etmək mümkündür. Əgər hansısa bir həqiqətdən sui-istifadə olunarsa, bu həqiqətin əsassız olmasını demək olmaz. Dua istər ictimai, istərsə də fərdi məsələlərdə quruculuq və çalışqanlıqdan əl çəkmək demək deyil. Duanın mənası budur ki, mömin insan həqiqi səbəbkar Allahı bilir. Hər zaman ehtiyac hiss etdikdə öz ehtiyaclarını aradan qaldırmaq üçün Allahına üz tutur. Eyni zamanda Allahın verdiyi maddi vasitələrdən bu sahədə öz həddində istifadə edir.

Mömin insan maddi vasitələrdən faydalanmasına baxmayaraq, onlara güvənmir. Nəticədə maddi vasitələr olmayan yerdə naümid olmur. Çünki Allahın onun ehtiyaclarını qeyri-təbii yolla ödəyə biləcəyinə inanır. Bu həqiqətlərə nəzər saldıqda aydın olur ki, duanın təsirinə inam süstlük və tənbəllik səbəbi yox, təlaş və ümid səbəbidir.

İnsan yalnız maddi vasitələrə inamlı olarsa, bu vasitələr olan yerdə fəaliyyət göstərə bilər. Lakin mömin insan maddi vasitələr olmayan yerdə də həvəsdən düşmür.

Bədr döyüşündə müsəlmanlar son dərəcə çətinliyə düşmüşdülər, qüvvə və döyüş vasitələri düşməndən qat-qat az idi. Lakin onlar duaya başladılar.Beləliklə, Allah onların duasın qəbul etdi və onlara kömək üçün 1000 mələk göndərdi. Bununla da müsəlmanlar qələbə çaldılar. Əgər müsəlmanlar duaya inanmasaydılar, öz ruhiyyələrini itirib, geri çəkilər, məğlub olardılar.

Beləliklə, duaya inam məğlubiyyət və gerilik səbəbi deyil. Əksinə, bəzən duaya inanmamaq məğlubiyyət və gerilik səbəbi olur. Əslində bu şübhə dua ilə yetərsiz tanışlığın nəticəsidir. İnsanın yalnız dua edib heç bir fəaliyyət göstərməməsi təsəvvürü yanlış təsəvvürdür.

Dua insanın Allahdan onun işlərini qeyri-təbii yolla görməsini istəməsi deyil. Əslində bu iş Allaha məsləhət vermək kimidir; məsələn, süfrəsində çörək olan şəxs deyir: "İlahi, mənə başqa yolla ruzi ver”. Bu həqiqi dua deyildir!

İnsan həqiqətən Allahı tədbir və hikmət sahibi bilərək Ondan nəsə istəyirsə, Allahın ona verdiklərindən razı qalmalıdır. Əgər bu şeylərdə azlıq hiss edərsə, Allahdan onu təmin etməsini istəsin. Beləliklə, Allahın göz əta etdiyi, lakin gözlərini yumaraq Allahdan onu gözübağlı məqsədə çatdırmasını istəyən şəxsə demək lazımdır ki, məgər Allah sənə göz verməyibmi?! Nə üçün ondan istifadə etmirsən?!

Dua Allahın hikmət əsasında əta etdiyi nemətləri kənara qoyub, Allahdan başqa yolla nemət istəməsi deyil. Bu yanaşma əslində "İlahi, mən Sənin məsləhətini qəbul etmirəm” mənasını verir: "Sən dedin göz ilə gör, mən isə qulaq ilə görmək istəyirəm!” Nəql olunur ki, həzrət Musa (ə) xəstələnmişdi. Bəni-İsrail ona dedi: Əgər filan bitkidən istifadə etsən, yaxşılaşarsan. Musa (ə) dedi: "Mən dərman qəbul etməyəcəm. Allah özü mənə şəfa versin”. Bir müddət keçdi, lakin sağlamlıqdan bir əsər görünmədi. Allah tərəfindən ona vəhy olundu: "And olsun izzət və cəlalıma, sənə o bitkidən istifadə etməyincə şəfa verməyəcəyəm. Ey Musa, sən təvəkkülünlə Mənim hikmətimi batil etmək istəyirdin?! Məgər bitkilərin kökünə şəfa xüsusiyyətini Məndən başqasımı vermişdir?!”

Təbii ki, Allah öz hikmətli tədbirlərini bizim istək və həvəslərimizə tabe etməyəcək: "Əgər haqq onların istək və həvəslərinə tabe olarsa, şübhəsiz, göylər və yer puç olar.”("Mu`minun” surəsi, ayə 71.)

Beləliklə, Allahın ixtiyarımızda qoyduğu şeylərdən tələb olunan qaydada istifadə etməli, Allahın tədbir və hikmətinə boyun əyməliyik. Allah əbəs yerə və hikmətsiz heç bir iş görmür. Aləmdə olan bütün vasitələr Onun hikməti əsasındadır. Bütün vasitələr bizim xeyirimiz üçündür və bizim problemlərimizin həllində təsirlidir. Beləliklə, bu şeyləri kənara qoyub, başqa yolla ruzi istəməməliyik. Tədbir Onun əlindədir, hər şeyi Ondan istəməliyik; O isə məsləhət bildiyi yolla əta edəcəkdir. Əgər bizim ixtiyarımızda qoyduğu şeylərdən istifadə etsək, Allahın əvvəlcədən qəbul vasitələri hazırladığını görəcəyik. Biz isə yalnız onlardan istifadə etməliyik.

Bəli, həqiqi təvəkkül əhli başqalarından daha fəaldır. Allaha təvəkkül ilə cəbhəyə gedib düşmən ilə döyüşən mücahidlərin çalışqanlığı başqalarından daha çoxdur. Eyni zamanda, onlar qələbəni Allahdan bilirlər: "Qələbə qüdrət və hikmət sahibi olan Allahdan başqası tərəfindən deyildir.” ("Ali-İmran” surəsi, ayə 126.)

Allahın peyğəmbəri buyurmuşdur: "Əməl etməyərək dua edən kəs, ipsiz kamanla ox atmaq istəyən kəs kimidir.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 93-cü cild, səh.312, 17-ci rəvayət.)

Başqa bir rəvayətdə buyurulur: "Evdə oturub Allahdan ruzi tələb edən şəxsin duası qəbul olunmaz.”(Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 71-ci cild, səh.344, 1-ci rəvayət.)

Demək, İslam duanı bəşəriyyətin əlində olan vasitələrin əvəzedicisi saymır. Dua insana bildirir ki, vasitələr müstəqil deyil. Bütün vasitələrin təsiri Allahın əlindədir. Beləliklə, vasitələr olduqda belə insan Allahı unutmamalıdır. İnsan bütün ehtiyaclarını Allahdan istəməlidir; hətta bu ehtiyaclar üçün adi vasitələr hazır olsa belə! Təkallahçı insan süfrəsində çörək olsa belə Allahı unutmur və Allahdan istəyir ki, onun aclığını aradan götürsün. Onun fikrincə, bütün şeylər vasitədir və son təsir Allahın tərəfindəndir.

Mə’lum olur ki, bütün hallarda dua lazımdır, istər insan üçün adi vasitələr olsun, istərsə də onun əli adi vasitələrə çatmasın. Dua Allahın qeyri-təbii yolla da insanın ehtiyaclarını ödəməyə qadir olmasına inamdır. Beləliklə, dua istənilən bir halda zəruridir.

Allah həzrət Musaya (ə) vəhy etdi: "Ey Musa, bütün ehtiyacını məndən istə, hətta yeməyinin duzunu da”.

Beləliklə, duaya inam insanı tənbəllik yox, çalışqanlığa sövq edir.

Ustad Misbah Yəzdinin dua barəsindəki söhbətlərindən seçmələr

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Yanvar, 2018  14:08 Çap

Bu bölmədə


Xəbər lenti















© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com