إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rəcəb Tayyib Ərdoğan: Tramp BMT-nin Qüds barədə qərarını tapdaladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını sərt tənqid edib, onu BMT-nin Qüds barədə qərarına məhəl qoymamaqda təqsirləndirib.

Ahlibeyt.az-ın məlumatına görə, Azərtac.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə prezidenti Yunanıstana rəsmi səfər öncəsi Esenboğa hava limanındakı çıxışında ABŞ Prezidentinin bu addımını dünyanı, xüsusən regionu atəş girdabına atmaq kimi səciyyələndirib. “Mən Trampın bəyanatı ilə əlaqədar nəinki İslam ölkələrinin, eyni zamanda, Qərb ölkələrinin liderləri və Roma papası ilə telefon danışıqları aparıram. Bu məsələni Vladimir Putinlə də müzakirə edəcəyəm. Çünki bu mövzu nəinki müsəlmanlara, həmçinin hamıya aiddir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Onun sözlərinə görə ABŞ Qüdsə dair “BMT-nin indiyə qədər heç kimin pozmadığı 1980-ci il qərarını tapdalayıb”.

“Trampın nə etmək istədiyi aydın deyil. O, hazırda bütün regionu qarışdıran mikser rolunu oynayır. Qüds müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs yerdir. Atılan addım əsasən də bu regionda alışan kibritə bənzəyir. Liderlər münaqişələri alovlandırmamalı, əksinə sülhü bərqərar etməlidir. Əgər Tramp güclü olduğu üçün doğru olduğunu hesab edirsə, yanılır. Güclü olmaq, doğru olmaq demək deyil”, - deyə Türkiyə lideri əlavə edib.

Xatırladaq ki, Birləşmiş Ştatlar konqresi ABŞ səfirliyinin Qüdsə köçürülməsi planını hələ 1995-ci ildə qəbul edib. Lakin şəhərin mübahisəli statusu və problemin müsəlman aləmi üçün həssaslığı səbəbindən Amerikanın bütün prezidentləri bu qərarı o vaxtdan indiyədək təxirə salırdılar. Dünən isə Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib. O, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi barədə sənəd imzalayıb.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Dekabr, 2017  13:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!