إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Quran müqəddəs deyil, bəs nədir?

Atalar sözüdür: “Qulaq hər gün bir təzə söz eşitməsə, kar olar”. Ötən həftə də bir təzə söz eşitdik. Sən demə, Quran müqəddəs kitab deyilmiş, ərəb əlifbası ilə yazılan başqa kitablardan onun fərqi yox imiş. Və sən demə, Qurani-Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə ayəyə rast gələ bilmərik.

Qulağımız bu qəbildən olan təzə sözləri son illərdə tez-tez eşidir. Yazıq qulaq artıq öyrəşib bu cür sözlərə. Bu təzə sözləri “on ikinci imamlar”, “mehdilər”, “şüeyblər”, “rəsullar” deyəndə o qədər də vecimizə almırıq. Amma vay o gündən ki, özünü “ilahiyyatçı” kimi təqdim edən birisi bu cür təzə (oxu: cəfəng) sözlər danışsın...

Əvvəla, müqəddəslik nədir? O adamlar ki, onların şüuru maddiyyat çərçivəsində ilişib qalıb və bundan o yana keçməyə qadir deyil, onların şüuru müqəddəsliyi dərk edə bilməz. Hər şeydə maddiyyat axtaran adam üçün təbii ki, Quran bir cild arasında 600 səhifədən ibarət ərəb hərfləri yığnağıdır. Onun üçün ərəb əlifbası ilə yazılmış məhəbbət dastanı ilə Quranın fərqi yoxdur. O adam Qurana dəstəmazsız toxunar, Quranı murdarlamağa da pis baxmaz. Burda nə var ki? Adi kitabdır da. O adam ölüsünün ruhuna da Quran oxumaz. Özü diri ola-ola Quranın müqəddəsliyinə inanmırsa, ölünün ruhuna Quranın fayda verəcəyinə necə inansın?

Elə adam var ki, onun üçün heç Vətən də müqəddəs deyil. Onun gözü ilə baxanda Vətən dağdan-daşdan, ağaclardan, binalardan ibarət bir torpaq parçasıdır. Niyə də müqəddəs olmalıdır? Bu adam öz nəşr etdiyi kitabda Azərbaycanı uydurma “Böyük Ermənistan dövlətinin” tərkibində göstərən xəritə də verə bilər...

Elə adam var ki, onun üçün Dövlət anlayışı müqəddəs deyil. Bu adam Fətullah Gülənə “hocam” söyləməkdən qürur duyduğunu da etiraf edə bilər...

Elə adam var ki, onun gözündə Allahın Rəsulu (s) qətiyyən müqəddəslik daşımır. O, Peyğəmbərin (s) günah etdiyinə də inanar. Bu adam Quranı min kərə oxusa da, “üsvətül-həsənə” məsələsini dərk edə bilməz. Onun maddi zehniyyatı və maddiyyatçı şüuru buna acizdir...

Elə adam var ki, Peyğəmbərin (s) möcüzələrini də inkar edir, Quranın bir ayəsindən (İsra surəsi, 59-cu ayə) əldə etdiyi şəxsi çıxarışı buna sübut gətirir. Kaş ki, bir Quran bilicilərinin təfsirlərinə baxaydı, özünün düşüncə müstəvisi bu qədər məhduddursa, savadlı adamlardan soruşaydı...

Elə adam var ki, iki-üç zavallıdan başqa, məzhəbindən asılı olmayaraq bütün müsəlman alimlərinin təsdiq etdiyi, hətta keçmiş səmavi kitabların, dünya mütəfəkkirlərinin etiraf etdiyi mehdi mövzusunu yaxına buraxmır. Anlamır ki, sən Mehdini (ə) qəbul etsən də O gələcək, qəbul etməsən də...

Elə adam var ki, onun üçün vicdan meyarı da fərqlidir. Bir şəxsə qiymət verəndə o şəxsin hakimiyyət, sərvət sahibi olması ona kifayət edər. Bu adam Yezidi də fateh adlandırıb tərifləyər...

Maddiyyat baxımından baxsaq, belə insan üçün öz valideyni, ailəsi, müəllimi, dostları da bir dəyər daşımamalıdır. Niyə də daşısın ki? Maddi baxımdan bütün insanlar sümük, dəri, ət, damar və qan yığnağından ibarət olan, bağırsağında kilolarla nəcasət daşıyan iyrənc varlıqlardır...

Qurana ərəb hərflərinin toplusu kimi baxan adam müqəddəslik məfhumunu anlaya bilməz. O, hamının gözü qarşısında Qurani-Kərimi əlində istədiyi şəkildə hərlədib-fırladar, onunla oynayar, öz sözünü sübut etmək və pafos gücünü artırmaq üçün Quranın vərəqlərini az qala yumruqla döyəcləyər, bu yolla sanki Quranı əlçatmazlıqdan məhrum etdiyini düşünər. Anlamaz ki, bir adam Günəşə tüpürsə, fayda verməz! Tüpürcək Günəşin nurunu söndürməz, əksinə, qayıdıb, tüpürənin öz sifətinə düşər! Əlindəki topları atıb-tutan janqlyor kimi Quranla davranan adama baxanda Peyğəmbərin (s) bu hədisini xatırlayırsan: “Həyası olmayanın dini olmaz!” (Nədənsə, bu hədis yada düşəndə efirdə öz “kedicikləri” ilə əylənən bir təlxək də yada düşdü. Bəlkə də, arada bir bağlılıq var?..)

...Qayıdaq Quranın müqəddəsliyinə. Əlavə heç nə demədən yalnız bunu aydınlaşdıraq: Həqiqətənmi, Quranın öz mətnində onun müqəddəs olması barədə heç nə buyurulmur? Bircə söz deyə bilərəm: Bunu iddia edən adamın Qurandan xəbəri yoxdur. Hər nə qədər özünü “ilahiyyatçı” kimi təqdim etsə də...

Allah Qurani-Kərimi “məcid” (çox şərəfli) adlandırır. Ərəb lüğətində “məcd” şərəfin zirvəsidir.

“Qaf. Məcid olan Qurana and olsun” (Qaf surəsi, 1-ci ayə).

“O, məcid olan Qurandır” (Büruc surəsi, 21-ci ayə).

Allahın gözəl adlarından (əsmaül-hüsna) biridir “Məcid”. Allah-Taala Quranda özünü də “Məcid” adlandırıb (Hud surəsi, 73-cü ayə).

Allah-Taala Quranı “əzim” (çox əzəmətli) adlandırıb:

“(Ya Rəsulum!) Biz sənə təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və əzəmətli Quranı verdik” (Hicr surəsi, 87-ci ayə).

“Əzim” də Allahın gözəl adlarındandır:

“Ən uca, ən əzəmətli varlıq Odur” (Bəqərə surəsi, 255-ci ayə – ayətül-kürsi).

“Belə olduqda (ya Peyğəmbər!) sən əzəmətli Rəbbinin adını müqəddəs tutub zikr et!” (Vaqiə surəsi, 74-cü ayə).

Quran oxuyandan sonra “sadaqAllahul-Əliyyul-Əzim” deyirik: “Çox uca və çox əzəmətli olan Allah doğru buyurub”.

Allah-Taala Quranı “kərim” adlandırıb:

“Bu, kərim olan Qurandır” (Vaqiə, 77).

Eynilə, “Kərim” həm də Allahın gözəl adıdır:

“O, ehtiyacsız və kərimdir” (Nəml, 40).

Allah-Taala Qurani-Kərimi “pak səhifələr” adlandırıb:

“Pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir. Onlarda (o səhifələrdə) doğru-dürüst hökmlər vardır” (Beyyinə surəsi, 2-3-cü ayələr).

Allah-Taala Quranda bu müqəddəs kitabı özünün ipi adlandırıb. Yəni Allaha bağlanmaq istəyən Qurana sarılmalıdır, Qurandan möhkəm tutmalıdır:

“Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın!” (Ali-İmran surəsi, 103-cü ayə).

Allah bir yox, bir neçə ayədə Quranı “haqq” adlandırır:

“Doğrudan da, bu (Quran) gerçək bir həqiqətdir!” (Haqqə surəsi, 51-ci ayə).

Yunis surəsinin 53 və 108-ci, Hud surəsinin 17-ci, Rəd surəsinin 19-cu, Səcdə surəsinin 3-cü, Səbə surəsinin 6-cı, Fatir surəsinin 31-ci, Zuhruf surəsinin 29 və 30-cu, Əhqaf surəsinin 7-ci, Mühəmməd surəsinin 2-ci, Qaf surəsinin 6-cı, Hədid surəsinin 16-cı ayələrində Qurani-Kərim “haqq” kimi təqdim edilib.

Qeyd edək ki, Haqq da Allah-Taalanın adlarından biridir və Allah Özünü bu adla adlandırıb:

“O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın aydınladıcı haqq olduğunu biləcəklər!” (Nur, 25).

“Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!” (Həcc, 6).

Allah-Taalanın hüzurunda Quran mübarək kitabdır. O, Özü buyurub:

“Bu da mübarək, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır...” (Ənam, 92).

“Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!” (Ənam, 155).

“Bu sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar!” (Sad, 29).

İndi ağlımızı işlədib düşünək və bu suala cavab axtaraq:

Bir kitab ki, Allah onu Özünə məxsus olan adlarla adlandırıb (bir halda ki, Allahın sözü haqq, Allahın bənzətməsi doğrudur);

bir kitab ki, Allah onu Özünün ipi və Özünün pak etdiyi səhifələr kimi təqdim edib;

bir kitab ki, adı Haqdır, özü də haqla batili ayırandır (fürqandır);

bu kitab müqəddəs deyil də nədir? Allahın bu adlara və təriflərə layiq bildiyi bir kitabın müqəddəs sayılması üçün daha nə şərtlər olmalıdır ki? Bir varlığın (kitabın) müqəddəs olması üçün Allah tərəfindən “pak edilmiş”, “mübarək”, “Allahın ipi”, “məcid”, “kərim”, “əzim”, “haqq” adlandırılması bəs etməzmi? Allah daha hansı adlarla Quranı tərif etməliydi ki, kor qəlblər və şüursuz başlar qane olaydı?..

Atalar sözüdür: “Qulaq hər gün bir təzə söz eşitməsə, kar olar”. Qulaqların günahı yoxdur, qulaqlar kar olmasın. İnsanların beynində şübhə toxumu əkən, batilə haqq donu geyindirən fitnəkar dillər lal olsun! Bal içində zəhər verən əllər qurusun – Əbuləhəbin əlləri kimi!..

Mənbə - İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Noyabr, 2017  13:34 Çap

Bu bölmədə


Xəbər lenti
11 Dekabr, 2017  12:00















© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com