إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

QMİ sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyada səfərdədir

Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfransda geniş tərkibdə Azərbaycan nümayəndə heyəti iştirak edib

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə,noyabrın 6-da İspaniyanın paytaxtı Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Rafael Hüseynov, Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin ənənəvi dini konfessiyaların başçıları - Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete daxildir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransdan əvvəl yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün mətbuat konfransı olub. Jurnalistlərin suallarını cavablandıran şeyxülislam Allahşükür Paşazadə dünyada nə dinlər, nə də dindarlar arasında münaqişələrin olmadığını diqqətə çatdırıb. Bildirib ki, belə konfransların keçirilməsində əsas məram da dinlərin birgə fəaliyyəti, əməkdaşlığı ilə din adından məkrli, siyasi məqsədlər üçün sui-istifadənin, dünyadakı terrorların, müharibələrin qarşısının alınmasına yardım etməkdir.

Daha sonra konfrans öz işinə başlayıb.

Konfransı açan “Evsen Group”un rəhbəri Əli Evsen tədbirin əhəmiyyətindən danışıb.

İspaniyanın ədliyyə naziri Rafael Katala Polo bu tədbiri sülhə inamın artmasına daha bir addım kimi qiymətləndirib. O qeyd edib ki, sülhü bərqərar etmək təkcə hakimiyyətin və dövlətin işi deyil, sivil cəmiyyətlər də bunun üçün çalışmalıdırlar. İspaniya qanunvericiliyi bütün dinlərin işbirliyində olmasını təbliğ edir. Bu ölkədə daim xristianlar, müsəlmanlar və yəhudilər mehriban şəraitdə yaşayıblar. Təəssüf ki, bəzən mənfi hallarla rastlaşırıq, lakin bu, ümumi mənzərəyə zərər vurmur.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfrans iştirakçılarına, İspaniya xalqına və dövlətinə Azərbaycan Prezidenti İlham Əliyevin salamını və xoş arzularını çatdıraraq tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Şeyxülislam Allahşükür Paşazadə son zamanlar dünyada baş verən faciəvi hadisələrin dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verdiyindən təəssüfləndiyini vurğulayıb. O bildirib ki, törədilən silsilə terror aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir.

Lakin yaşanan böhranlara baxmayaraq, hələ də dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi mənəvi dəyərlərin mövcud olduğunu qeyd edən şeyxülislam Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illərinin ümumi, bəşəri məramlara xidmət etdiyini xatırladıb. Bu, tarix boyu Şərq ilə Qərb arasında körpü olmuş Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir.

Şeyxülislam qeyd edib ki, Azərbaycan dünyada bütün dövlətlərin, o cümlədən İspaniyanın ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşır. Ölkəmizin 20 faiz ərazisinin Ermənistanın işğalı altında olması nəticəsində xalqımız soyqırımına məruz qalmış, milyondan artıq soydaşımız məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş, məscid, kilsə, sinaqoq və qəbiristanlıqlarımız məhv edilmişdir. Təbii ki, Allah evlərinə, müqəddəs dəyərlərə belə münasibət sərgiləyənlərə heç bir bəraət ola bilməz. Bununla belə, Azərbaycan xalqı uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında ədalətli sülh yolu ilə həllini istəyir. Bu əsnada, bu yaxınlarda erməni katalikosu II Qareginlə üçtərəfli görüşün təşkilatçısı olan Rus Pravoslav Kilsəsinin münaqişənin sülh yolu ilə həlli yönündə vasitəçilik missiyası yüksək dəyərləndirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında İslam həmrəyliyi ideyasını günün aktual ideyası adlandırmaqla yanaşı, bunun heç bir halda başqa mədəniyyətlərə qarşı yönəlmədiyini vurğulayıb. Burada əsas məqsəd müsəlman ölkələrində daxili sabitlik zəminində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsidir ki, bu da təkcə İslam dünyasında deyil, bütün dünyada sülhün və rifahın təmin olunmasına böyük töhfə verə bilər.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının bütün fakültələrində multikulturalizm fənninin tədris edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi var və burada dünyanın bütün dinləri ilə bağlı dərslər keçirilir. Bundan başqa, universitetdə İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzi fəaliyyət göstərir, İslam dini ilə yanaşı, digər dinlərlə bağlı maraqlı tədqiqatlar aparılır.

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov isə çıxışında Madriddə keçirilmiş tədbirin əhəmiyyətini bir daha vurğulayıb, insani dəyərlərin vacibliyini önə çəkib.

Konfransda Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsi rəhbərinin müavini Arximandrit Filaret, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Milli Məclisin deputatı Rafael Hüseynov, İspaniyanın keçmiş daxili işlər naziri Xorxe Fernandez Diaz, İspaniya Müsəlmanları Cəmiyyətinin sədri Riay Tatari Baki çıxış ediblər.

Tədbir çərçivəsində mövzuya uyğun rəsm əsərinin təqdimatı olub. Konfrans iştirakçılarına Evsen Fondunun prezidenti Əli Evsenin müəllifi olduğu “İnsanlıq tarixi” kitabı, həmçinin ötən il Madriddə “Multikulturalizm İli” ilə bağlı keçirilmiş birgə beynəlxalq konfransın materiallarını əks etdirən nəşr paylanılıb.

Tədbirin rəyasət heyətində təmsil olunan şəxslərə səmavi dinlərin birliyini simvolizə edən rəmzi xatirə hədiyyələri təqdim olunub.

Konfransda dinlərarası ortaq Memorandum imzalanıb.












Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Noyabr, 2017  12:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!