إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Şəhidə ağlamaq olar, ya olmaz?" (Şübhələrə cavab)

Mətbuatda ötən həftənin sonunda Aşura ilə bağlı başlamış çoxsaylı müzakirələrdən biri də imam Hüseynə (ə) ağlamaq olar və ya olmaz mövzusu olub. Əslində, bu mövzu artıq neçə illərdir ki, mübahisələrə səbəb olur və bəziləri imam Hüseynə (ə) ağlamağı İslam dininə zidd əməl kimi dəyərləndirir. Bu iddianı irəli sürənlər əsasən şəhidə ağlamağın yalnız şiəliyə xas bir yanlışlıq olduğunu iddia etməyə cəhd göstərirlər.

Bu mövzu ilə bağlı ilahiyyatçı-araşdırmaçı Mahir Şəkərovun məqaləsini təqdim edirik.

“İmam Hüseyn şəhid olub Cənnətə gedibsə bəs niyə ona ağlayıb göz yaşı tökürsünüz?” iddiasına Quran və sünnədən cavab.

Şübhə: “İmam Hüseyn şəhid olub Cənnətə gedibsə bəs niyə ona ağlayıb göz yaşı tökməliyik?”

Cavab: Bu iradı bildirənlər zahirən müsəlman olsalar da əslində, Allah Rəsulunu (s) ümumiyyətlə tanımayanlardır. Çünki Allahın peyğəmbəri (s) şəxsən özü dəfələrlə şəhidlərə, Cənnətlik olması dəqiq olan kimsələrə göz yaşı axıtmış, qəbirlərini ziyarət etmiş və onları yad etmişdir. Bu baxımdan bu irad imam Hüseynə (ə) ağlayıb göz yaşı tökənlərə deyil, birbaşa Allah Rəsulunun özünə olmuş olur. Lakin bu nadanlar ya həqiqətən bunun fərqindədirlər və dolayı yolla peyğəmbərə (s) irad tuturlar ya da ümumiyyətlə nə danışdıqlarından xəbərsizdirlər. Hər halda belələrinə bir neçə göstərməklə bir daha isbat edək ki, Allah Rəsulu (s) şəxsən özü şəhidlərə, həmçinin Cənnət əhli dəqiq olan şəxslərə göz yaşı töküb ağlamışdır. Sözümüzə ilk öncə Qurandan dəlil gətirib daha sonra sünnəyə keçid alaq.

Cənnət əhlinə ağlayıb göz yaşı tökməyin Quranla isbatı.

Hz Yaqub (ə) oğlu Yusif (ə) üçün ağlayır: Hz Yaqub (ə) oğlu Yusifdən ayrı düşdüyü üçün təxminən 40 il ağlayır. O qədər ağlayır ki, gözləri kor olur. Quran buyurur: “(Yaqub dedi) Heyif sənə yazıq Yusif. Dərd qəmdən ağlamaqdan gözləri kor oldu. (Oğlanları ona dedi) Allaha and olsun ki sən Yusif deyə-deyə ya xəstələnib əldən düşəcək ya da öləcəksən.” (“Yusif” sürəsi, 84-85)

Sual: Həzrəti Yaqub (ə) oğlu Yusifin sağ salamat olduğunu bildiyi halda gözləri kor olana qədər ağlayır. Hətta məsələ xəstəlik və ölüm həddinə qədər çatır. Yaqub (ə) bildiyi halda ki, oğlu sağ-salamatdır və bütün bunlara baxmayaraq, bu qədər ağlayır, buna sözünüz nədir? Həzrəti Yusif (ə) Allahın peyğəmbəri idi və Cənnət əhli idi. Həzrəti Yaqub da Allahın məsum peyğəmbəri idi. Quran bu hadisəni bizə çatdırmaqla o hadisəni həm təsdiq edir həm də hadisəni bizə nümunə olaraq təqdim edir. Quranın et dediyini sizlərmi qadağan edirsiniz?

Peyğəmbərin (s) Cənnət əhli dəqiq olan kimsələr üçün ağlaması.

1. Peyğəmbər anasının qəbri üstə ağlayır: Əbu Hüreyrə deyir: “Peyğəmbəri-əkrəm (s) anasının qəbrini ziyarət etdi və ağladı. Onunla gələnlər də ağladı.” (“Səhihi Muslim” 2 c, səh. 671, “Musnədi Əhməd” c. 2, səh. 441, “Nəsai” c. 4, 90, “İbn Macə” c. 1, səh. 501, “Əbu Davud “ c. 3 səh. 195)

Sual: Peyğəmbərin (s) əziz anası Cənnət əhlidir və bunda şəkk yoxdur və Allah Rəsulu (s) onun məzarı üstə ağlamışdır. Buna sözünüz nədir?

2. Peyğəmbər (s) oğlu İbrahim üçün ağlayır: “Ənəs ibni Malik deyir: Peyğəmbərlə (s) bərabər evə daxil olduq. Oğlu İbrahim can verirdi. Peyğəmbərin (s) gözlərindən yaş axmağa başladı. Əbdurrəhman ibni Ovf dedi: Ey Allahın rəsulu (s) mən nə görürəm siz ağlayırsız? Peyğəmbər (s) buyurdu: Ey Əbdurrəhman! Düz görürsən. Gözlər yaşlı, qəlb də kədərlidir. Ey İbrahim! Sənin ayrılığın bizi kədərləndirdi.” (“Səhihi Muslim” c. 4, səh. 1808, “Səhihi Buxari” c. 1, səh. 158, “İbn Macə” c. 1 səh. 507)

Ənəs deyir: “Eləki İbrahim vəfat etdi, peyğəmbər (s) buyurdu: Onu hələ kəfənə bükməyin. Qoy son dəfə onunla görüşüm. Sonra peyğəmbər (s) ona tərəf əyilərək ağladı.” (“İbn Macə” c. 1. səh. 473-cənaiz kitabı).

Sual: Peyğəmbərin (s) oğlu İbrahim 18 aylığında vəfat etmişdir. Təbii ki, bu yaşda vəfat etmiş uşaqlar günahsız olduqlarından heç şübhəsiz Cənnət əhlidirlər. Onda yenə haqlı olaraq sual yaranır ki, əgər Cənnət əhli üçün ağlamaq olmazsa niyə Allah Rəsulu oğlu İbrahimin Cənnət əhli olmasın bildiyi halda ona ağlamışdır?

3. Peyğəmbər (s) öz nəvəsi üçün ağlayır: “Peyğəmbərin (s) qızı Zeynəb peyğəmbərə (s) xəbər göndərdi ki bizə gəlsin oğlum can verir. Peyğəmbər (s) Səd ibn Ubadə və əshabından bir neçə nəfərlə onun evinə gəldilər. Peyğəmbər (s) ağlamağa başladı. Səd dedi: Ey Allahın Rəsulu (s)! Mən nə görürəm, siz ağlayırsız? Peyğəmbər (s) buyurdu: Ağlamaq, Allahın bəndələrinin qəlbinə qoyduğu bir rəhmət və bağlılıqdır.” (“Buxari” c. 4, səh. 3-191, “Muslim” c.2, səh. 636, “Müsnədi Əhməd” c.5, səh. 204-206-207, “Nəsai” c.4, səh. 22)

Sual: Peyğəmbərin (s) oğlu İbrahim barədə qeyd etdiyimiz sual eyni ilə burada da keçərlidir. Kiçik yaşlı uşağın Cənnət əhli olduğun bilən peyğəmbər (s) yenə göz yaşı töküb ağlayır. Sözünüz yoxdur eləmi?

4. Peyğəmbər (s) öz əmisi Həmzə üçün ağlayır: “Peyğəmbər (s) Uhud döyüşündən sonra gördü ki, hamı öz ölənləri üçün ağlayır. Peyğəmbər (s): Niyə Həmzəyə ağlayan yoxdur? Gedin Həmzəyə ağlayın.” (“Müsnədi Əhməd “c.2, səh. 40. “Tarixi Təbəri” c. 2, səh. 532)

Sual: Bildiyimiz kimi bütün şəhidlər Cənnət əhlidir. Allah Rəsulu (s) isə ona ağlayır. Cənnət əhlinə ağlamaq olmazsa peyğəmbər (s) niyə ağlayır?

5. Peyğəmbər (s) əmisi oğlu Cəfərə ağlayır: “Cəfər və əshabı şəhid olandan sonra Allahın rəsulu (s) onun evinə getdi və onun övladlarını yanına çağırdı, gözlərindən yaş axan halda onları qoxuladı. Cəfərin xanımı dedi: Anam atam sizə fəda olsun, sizi ağladan nədir? Yoxsa Cəfərdən sizə bir xəbərmi çatıb? Peyğəmbər (s): Bəli, bu gün şəhid oldular. Əsma deyir: Mən yerimdən durub ağladım. Fatimənin evinə daxil olanda gördüm ki, o, ağlayaraq deyir: Vay əmim. Peyğəmbər (s) buyurdu: Həqiqətən ağlayanlar gərək Cəfər kimilərinə ağlasınlar.” (“Tarix ibni Əsir” c. 2, səh. 90)

Sual: Bütün şəhidlər Cənnət əhlidir. Allah Rəsulu (s) isə ona ağlayır. Cənnət əhlinə ağlamaq olmazsa peyğəmbər (s) niyə ağlayır?

6. Peyğəmbər (s) öz nəvəsi Hüseyn üçün ağlayır: “Harisin qızı Ummul-Fəzl peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Rəsulu! Keçən gecə xoşagəlməz bir yuxu gördüm. Gördüm ki, elə bil sizin bədəninizdən bir tikə qopur və mənim ətəyimə düşür. Peyğəmbər (s): Yaxşı yuxu görmüsən. İnşallah qızım Fatimə bir oğlan uşağı dünyaya gətirəcək və sənin qucağına qoyulacaq. O xanım deyir: Peyğəmbər (s) dediyi kimi Fatimə Hüseyni dünyaya gətirdi və onu mənim qucağıma qoydular.Bir gün peyğəmbərin (s) yanına getdim. Bir də gördüm ki, peyğəmbərin (s) gözündən sel kimi yaş axır. Xanım deyir: Dedim: Ey Allahın rəsulu! Sizi ağladan nədir? Peyğəmbər (s): Həzrəti Cəbrail görüşümə gəldi və mənə xəbər verdi ki, bu uşağı məndən sonra şəhid edəcəklər.” (“Kənzul- ummal” c. 8, səh. 199) Bu barədə digər hədislər üçün bax: (“Tirmizi” c. 13, səh. 193, “Musnəd-Əhməd ibn Hənbəl” c 4, səh. 294)

Sual: Hüseynin (ə) şəhid və Cənnət əhli olacağını bildiyi halda, Allah Rəsulu (s) niyə ona ağlayır? Sizin məntiqinizlə peyğəmbər (s) də səhv iş tutdu? Peyğəmbərin (s) etdiyini biz niyə də etməyək?

7. Peyğəmbər (s) Mütə döyüşündə şəhid olanlara ağlayır: “İslam peyğəmbəri (s) miladi 629-cu ildə Zeyd bin Harisənin başçılığı altında Qüdsün cənubundakı Mütə qəsəbəsinə 3000 nəfərlik ordu göndərir. Və göstəriş verir ki, Zeyd şəhid olsa Cəfər sərkərdə olsun. Cəfər şəhid olsa Abdullah ibni Rəvaha başçı olsun. O, da şəhid olsa müsəlmanlar özləri bir sərkərdə seçsin. Onlar gedir və üçü də şəhid olur. Onların şəhadət xəbəri gəlməmiş peyğəmbər (s) bunu camaata çatdırır və buyurur: Zeyd bayrağı qaldırdı, zərbə alaraq şəhid oldu. Sonra Cəfər bayrağı qaldırdı, zərbə alaraq şəhid oldu. Sonra Cəfər bayrağı ələ aldı, o da şəhid oldu. Ondan sonra bayrağı ibn Rəvaha götürdü və o da şəhid oldu.Peyğəmbər (s) bunu deyəndə gözündən yaş axırdı.” (“Buxari” c. 2, səh. 204; “İbn Kəsir əl- Bidayətu vən-nihayə” c 4, səh. 255)

Sual: Bütün şəhidlər Cənnət əhlidir. Allah Rəsulu (s) isə ona ağlayır. Cənnət əhlinə ağlamaq olmazsa peyğəmbər (s) niyə ağlayır?

8. Həmçinin peyğəmbər (s) vəfat etmiş Osman ibn Məzunu gözündən yaş axan halda öpdü:(“Musnəd” hədis nömrə 23765, Əhməd ibn Hənbəl)

Sual: Bütün şəhidlər Cənnət əhlidir. Allah Rəsulu (s) isə ona ağlayır. Cənnət əhlinə ağlamaq olmazsa peyğəmbər (s) niyə ağlayır?

9. Peyğəmbər (s) Hz Xədicə üçün ağlayır: “Hz Xədicə vəfat etdikdə bu hadisə peyğəmbərə (s) çox təsir edir.Xədicənin vəfatından sonra bir il peyğəmbəri (s) gülən görmədilər.O peyğəmbər (s) ki, daim gülümsəyər, insanlarla gülərüz rəftar edərdi.Ona görə də peyğəmbərə (s) “Zəhhak” yəni, çox gülümsəyən ləqəbi vermişdilər. Peyğəmbərin (s) Hz Xədicəyə bu qədər ağlaması bəzilərini narahat etdi. Dedilər: Sən Xədicə üçün niyə bu qədər ağlayırsan? O qoca və yaşlı idi. Biz Xədicədən daha cavan və gözəlik. Peyğəmbər (s) buyurdu: Mən ona niyə ağlamayım ki? Hamı məni inkar edəndə o, məni təsdiq etdi.Hamı mənə arxa çevirəndə o mənə dayaq oldu. Mənə bu yolda heç kim kömək olmayanda o mənə köməkçi oldu...”

Siz ki iddia edirsiz ki, Cənnət əhli üçün ağlamaq olmaz, peyğəmbər (s) düz bir il Həzrəti Xədicəyə ağladı. Bu məsələ hər iki məzhəbin kitablarında yer alıb. Buna nə deyirsiz?

Son nəticə: Deməli, şəhidə və həmçinin Cənnət əhlinə ağlamaq birbaşa əziz peyğəmbərimizin (s) sünnəsidir. O, bu əməli ilə də bizə ən gözəl nümunədir. Bəzilərinin “İmam Hüseyn şəhid olub Cənnətə gedibsə bəs niyə ona ağlayıb göz yaşı tökməliyik?” iddiası da beləliklə puç olub aradan gedir.

Mənbə:İslam.az

Mahir Şəkərov - ilahiyyatçı-araşdırmaçı

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Oktyabr, 2017  13:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!