إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Aldanış -"Kumeyl Duası"nın fəzilət və şərhi"

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik.

Aldanış

İnsanı həqiqətdən qafil saxlayan maddi və mənəvi işlərə aldanış çox təhlükəlidir. Dünyanın bər-bəzəyinə aldanıb həqiqəti inkar edənlər, dünyanın müvəqqəti olduğunu, bir gün qəbrə sakin olacaqlarını, bərzəx səhnəsində çirkin əməllərə görə əziyyət çəkəcəklərini və cəhənnəm əzabına düçar olacaqlarını unudurlar.

Onlar dünyanı nağd, axirəti isə nisyə zənn edirlər. Müvəqqəti dünya ləzzətləri ardınca qaçır və əbədi axirətə şəkk edirlər. Onlar Allahın, 124 min peyğəmbərin, məsum imamların axirət vədələrini qəbul etmək, iman yolunda addım atmaq, günahdan çəkinmək və əxlaqlarını zinətləndirmək fikrində deyildirlər. Bu insanlar düşünmürlər ki, axirət nemətləri dünyadakı zəhmətlərin məhsuludur.

İslam Peyğəmbəri(s) buyurur ki, dünya axirətin tarlasıdır. Axirət dünyadan təcrid olunmuş bir şey deyil. O, dünya həyatının bir başqa formasıdır. Dünyanı nağd, axirəti nisyə bilmək isə nadanlıq əlamətidir. İlahi göstərişlərdən qəflətdə olanlar elə düşünürlər ki, əgər Allahın rəhməti hər şeyi bürümüşsə ibadətə təqvaya, günahdan çəkinməyə ehtiyac yoxdur. Onların fikrincə Allahın nəhayətsiz rəhməti müqabilində insanın günahları o qədər kiçikdir ki, bu günahlar əzaba səbəb ola bilməz. Onlar anlamırlar ki, şeytan və azğın nəfs insanı zahiri gözəl, batini isə çirkin vədələrlə aldadır.

İslam Peyğəmbəri (s) buyurur: «Ayıq və zirək o kəsdir ki, nəfsinə qarşı çıxıb, ölümdən sonra üçün çalışsın. Nadan o kəsdir ki, nəfsinə tabe olub, Allaha əsassız ümidlər bağlasın».("Tövhide-Səduq”, 23, 29.)

Bu insanlar unudurlar ki, yalnız rəhməti haqqında düşündükləri Allah bir çox Quran ayələrində günahkarlara, xeyir işdən uzaq düşənlərə özünü bəyənənlərə əzab vəd etmişdir. Allah-Taala öz rəhmətini yalnız iman və təqva əhlinə aid edir: "Heç şübhəsiz, iman əhli, Allaha xatir yurdundan hicrət edənlər və Allah yolunda cihada qalxanlar Allahın rəhmətinə ümid edə bilərlər".(Təfsire "Kəşful-əsrar”, 3-374)

Günaha qərq olub, Allahın vacib buyurduğu əməllərdən çəkinərək Onun rəhmətinə ümid etmək aldanışdır. İmam Sadiq (ə) buyurur: "Bir dəstə insan növbənöv günahlara bulaşıb Allahın rəhmətinə ümidvar olduqlarını söyləyir. Belələri ümid və arzularda iztiraba düşənlərdir. Onlar yalan deyirlər və ümidvar deyildirlər. Bir şeyə ümid bağlayan insan ona çalışar, bir şeydən qorxan insan ondan qaçar".(Xisal, 2-522)

Həzrət Əli (ə) buyurur:

"Qəflət, qürur, aldanış məstliyindən oyanmaq şərab məstliyindən oyanmaqdan çətindir";

«İnsan günah batlağında qərq ola-ola Allahdan bağışlanmaq ümidindədirsə Allah haqqında  yanılır».

("Məkarimul-əxlaq”, 461)

İslam Peyğəmbəri (s) ibni Məsuda buyurur: «Ey ibni Məsud! Allaha məğrur olma (əsassız ümid etmə), bər-bəzəyə elminə əməlinə yaxşılığına, bəndəliyinə aldanma.»("Əmaliye-Səduq”, 544.)

Ardı var..

Əvvəli: http://ahlibeyt.az/news/a-6742.html

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 May, 2017  18:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!