إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakı şəhərində yerləşəcək - Rəsmi açıqlama

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 18-19-da oktyabr 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş 43-cü sessiyasında mənzil-qərargahı Bakı şəhərində yerləşəcək İƏT Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə açıqlama yayıb.

Mərkəzin yaradılması barədə təklif İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 2013-cü ilin 25-26 aprel tarixlərində Bakı şəhərində keçirilmiş ikinci konfransı çərçivəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb. Həmin tədbirdə dövlətimizin başçısı Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində aparılan islahatlar və qazanılan uğurlu təcrübənin digər dövlətlər üçün maraqlı olacağını qeyd edib, İƏT-in Bakıda belə bir qurumunun yaradılmasının Təşkilata üzv dövlətlər arasında birliyi daha da möhkəmləndirə biləcəyini vurğulayıb. Təklif konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib və yekdilliklə dəstəklənib.

Sonrakı dövrdə Əmək Mərkəzinin Konsepsiya Sənədi və Nizamnamə layihəsi hazırlanaraq baxılması üçün üzv dövlətlərə təqdim edilib. İƏT-in Əmək məsələləri üzrə Rəhbər Komitəsinin 2014-cü ilin iyun ayında Bakı şəhərində təşkil olunmuş iclasında Əmək Mərkəzi ilə bağlı sənədlərin layihəsi iştirakçı dövlətlərin və İƏT qurumlarının nümayəndələri ilə müzakirə edilib.

Bu tədbirin ardınca 2014-cü ilin iyunun 18-19-da İƏT Xarici İşlər Nazirləri Şurasının Ciddə şəhərində keçirilmiş 41-ci sessiyasında qəbul olunmuş iqtisadi məsələlər üzrə Qətnamədə İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsində Azərbaycanın fəallığı qeyd olunub, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İƏT-in Bakı şəhərində Əmək Mərkəzinin yaradılması təklifi bir daha alqışlanaraq, bu sahədə Azərbaycanın apardığı səylərə dəstək ifadə olunub.

İƏT əmək nazirlərinin 2015-ci ilin 28-30 oktyabr tarixlərində Cakarta şəhərində keçirilmiş üçüncü konfransında isə Əmək Mərkəzinin Nizamnaməsinin layihəsi nəzərdən keçirilərək bəyənilib və təsdiq olunması üçün İƏT Xarici İşlər Nazirləri Şurasının 43-cü Sessiyasına təqdim olunmasına dair qərar qəbul edilib.

Nizamnaməyə əsasən İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakı şəhərində yerləşəcəkdir. Nizamnamə 10 üzv dövlət tərəfindən ratifikasiya edildikdən sonra yekun qüvvəyə minəcəkdir. İƏT-in ixtisaslaşmış qurumu olacaq mərkəzin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdən ibarətdir.

 

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Oktyabr, 2016  12:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!