|
• Mənəviyyat • Məhərrəm"Kərbəla hadisəsi dinlə pərdələnmiş rəzilliyi üzə çıxardı" - Hacı Şahin HəsənliAhlibeyt.az Milli.az-a istinadən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imam-camaatı, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri hacı Şahin Həsənlinin Aşura fəlsəfəsinə həsr edilmiş müəllif yazısını təqdim edir. Kərbəla hadisəsi haqqında bu günə kimi çox fikirlər irəli sürülüb. Kərbəla fenomeni metatarix və tarix, ümumbəşəri dəyərlər və milli mədəniyyət, sosioloji və irfani cəhətdən çox araşdırılıb və araşdırılmaqda davam edir. Hətta günü bu gün də qeyd olunan aspektlərdən bu hadisəyə qarşı təqdir və tənqidlər səsləndirilir. Maraqlısı budur ki, artıq müxtəlif baxış bucaqlarından incələnməsinə baxmayaraq, İmam Hüseynin (ə.s) Kərbəlası ilə bağlı bir çox mövzular qeyri-təbii olaraq gündəmi zəbt etməyi bacarır. Ən azından elə buna görə İmam Hüseyn (ə.s) qiyamına sıradan bir tarixi hadisə kimi yanaşmaq kökündən yanlışdır. Dünya çapında bu fikrə rast gəlinməsə də, bizim cəmiyyətdə "Aşura iki əmioğlunun taxt üstündə savaşı idi" deyimi mövcuddur. İlk baxışdan bu fikrin tarixi əsası var. Kərbəlada iki qohum klanın - Bəni-Haşimlə Bəni-Üməyyənin tərəfdarları qarşılaşır. Lakin həmin iki cəbhə hansı dəyərlərin daşıyıcısı idi? Peyğəmbərdən (s) sonra Əhli-Beytə (ə.s) mənsub olan imamlar cəmiyyətin seçiminə hörmətlə yanaşsa da, hadisələrin nə ilə nəticələnəcəyini gözəl anlayırdılar. Onlar bu prosesə kənardan bir müşahidəçi kimi baxıb biganə yanaşmasalar da, insanların azad seçiminə mane olan despotik addımlar da atmırdılar. Çünki bu onların missiyasına, həyat fəlsəfəsinə zidd idi. Həzrət Əli (ə.s) demişkən: "Sanki boğazımda bir sümük var - nə uda, nə də çıxarda bilirəm". Onların əsas işi cəmiyyəti daim ekzistensional bir seçimlə təmin etmək idi. Lakin şovinist bir xalq Allahı şovinistləşdirməyə, tiran sülalə isə Allahı tiranlaşdırmağa cəhd edəndə bu seçim itməyə başladı. Artıq ərəb imperiyasının ideologiyası Peyğəmbər (s) məktəbinin protezinə çevirilməkdə idi. Məhz ekzistensional seçim şansını yenidən bərpa etmək üçün İmam Hüseyn (ə.s) Kərbəlanı yaratdı. Kərbəla ekzistensional seçim imkanı idisə, əzadarlıq bu seçimin nümayişidir. Bu, hansısa siyasi aksiya, yaxud dini ritual deyil, ölümə məğlub həyatla ölümə qalib həyat arasında bir seçimdir. Kərbəlada hər iki cəbhədə ən yaxşı insanlar üz-üzə gəlmişdi. Bəli, ən yaxşı... Yezid qoşununun böyük əksəriyyəti Kufənin adlı-sanlı, əsil-nəcabətli, ədəbli və imanlı sayılan insanlarından ibarət idi. Lakin onları Kərbəlaya gətirən bu yaxşılığın arxasında gizlənən cılızlıq, tamahkarlıq, cəhalət və təkəbbür idi. Ona görə də bu qoşunda bütün mənfi arxetiplərə rast gəlmək olurdu. Saxta iman, saxta ideyalar, saxta həyat eşqi, saxta insansevərlik, saxta millətsevərlik, bir sözlə, hər şeyin saxtası bu orduda cəmləşmişdi. Onlar qəribə psixoloji hal yaşamaqda idilər, sanki istəmədən Kərbəlanın mənfi qəhrəmanlarına çevrilirdilər. Həqiqətən də onların Yezid tərəfdə yer almaları qeyri-səmimi və sönük həyatlarının məntiqi sonluğu idi. Onlar mənasız yerə südəmər körpəni qətlə yetirəcək, cəsədlər üzərində at çapacaq, yaxşılıq görəndə paxıllıqlarından od püskürəcək, hətta bir-birinin qanını içəcək qədər rəzil insanlar idi... Və Kərbəla hadisəsi dinlə pərdələnmiş bu rəzilliyi üzə çıxardı. Bütün bunlar bizim cəmiyyətin bu günü ilə nə dərəcədə əlaqəlidir? Yuxarıda yazılanlar günümüzdə nə qədər aktualdır? Bizim həm fərdi, həm də ictimai rifah və tərəqqi yolumuz mədəni kimliyimizdə kodlaşdırılmış arxetiplərdən, yaşatdığımız mifik obrazlardan asılıdır. Eyni zamanda, şübhəsiz, qlobal dünyada mədəni transformasiyalar qaçılmazdır. Anlaşılmazlıq və münaqişə də bundan yaranır - mədəniyyətin forması ilə məzmunu arasında uyğunsuzluqdan. Zahirən mütərəqqi formalar heç də həmişə mütərəqqi məzmundan doğmur və ya əskinə. Bir sıra cəmiyyətlərin elmi-texniki inkişafı həyat eşqindən deyil, həyat sönüklüyündən doğur. Həyatı bütün gözəlliyi ilə zəngin və dolğun yaşaya bilməyənlər çalışırlar ki, onu kənar bər-bəzəklərlə yükləsinlər. Bu isə saxtakarlıqdan və insanı daha ağır psixoloji duruma salmaqdan başqa bir şeylə nəticələnmir. Bu, əyləncə vasitəsilə yoxluq acısını unutmaq cəhdidir. Bu, ölümə meyillənmədir - həyatı bioloji mövcudluğa, eşqi cinsi münasibətə, ədaləti saysız-hesabsız qanunlara, azadlığı sərgərdanlığa, əxlaqı ruhsuz təbəssümə, elmi məlumat toplusuna, insanı heyvana, ailə və ictimai bağlılıqları artıq yükə bərabər tutan bir yoldur. Bundan sonra nə gələcək? Yoxluq. Bu, Kərbəlada zahirən qələbə çalan Yezid qoşununun həyat məntiqi idi. İmam Hüseyn (ə.s) qoşununun məntiqi isə ömür adlı qısa bir şansı bütün dolğunluğu ilə yaşamaq və nəticədə ölümə qələbə çalmaq idi. Bu kiçik dəstə də müxtəlif arxetiplərdən ibarət idi. Bu düşərgədə zəngin tacir, məşhur alim, adlı-sanlı ağsaqqal, qaradərili qul, yeni ailə qurmuş cütlük, yeniyetmə və uşaqlar, müxtəlif millət və qəbilələrin nümayəndələri eşq atəşində yana-yana elə yaşayırdılar ki, düşmən ordusundan bəziləri özlərini bu alova atmaq üçün tələsdilər. Böyük ordunu tərk edib xəcalətdən boynu bükük halda onlara tərəf gələnləri bu kiçik dəstə "Başınızı uca tutun!" deyib qarşılayırdı. Hansı məntiqlə böyük ordunu tərk edib ölümə məhkum bir dəstənin tərəfinə keçmək olar? Onları cəzb edən düşməni belə ağuşa ala bilən həyat hərarəti, ölümü və əsirliyi baldan da şirin bir həzzə çevirmək gücündə olan, pislikləri yandırıb-yaxan eşq cazibəsi idi. Günün istisini, susuzluğu, 30 minlik vəhşinin, yırtıcının mühasirəsini, bir sözlə təbii və qeyri-təbii məhdudiyyətləri yaracaq qədər aşıb-daşan həyat gücü zərrəcə vicdanı olan hər kəsi öz təsirinə alırdı. Bu, sərvətin və ictimai statusun əhəmiyyət kəsb etmədiyi bir cəmiyyət idi. Hamının bir-biri ilə mehriban olduğu, bir-birini sevdiyi, bir-birnə qarşı fədakar olduğu bir mühit bu cəmiyyətə hakim idi. İmam Hüseynin (ə.s) təşkil etdiyi bu "çadır şəhərciyi" əslində aman və məkan çərçivəsini aşaraq gələcək nəsillərə örnək ola biləcək bir cəmiyyət modeli idi. Bu şəhərciyin sakinlərinin şübhə və tərəddüdlərə yer verməyən aydın düşüncəsi, həyatın özündən, sadəcə var olmaqdan aldıqları sonsuz ləzzət, başıucalıq və ləyaqəti onları dünya və axirət qayğısından azad edə bilmişdi. Onları ancaq həyat eşqi birləşdirirdi - kamil insanla birlikdə yaşanan həyatın eşqi. Bu eşqi dadmaq üçün bütün çətinlikləri, bəlaları könül xoşluğu ilə qəbul etməyə dəyərdi. Və maraqlısı da budur ki, bu insanlar idealist kimi görünsələr də, əslində zənnimcə ən böyük praqmatik idilər. Nə bilmək olar, bəlkə də bəşəriyyət bu gün belə bir yaşam tərzi axtarışındadır və Kərbəla hadisəsi də məhz bu səbəbdən aktuallığını qoruyub saxlayır? Bu sualın cavabını zamanın axarına buraxaq... Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Oktyabr, 2016 20:14 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |