إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Vəhdət üçün ortaq nöqtələri qabartmaq lazımdır - Hacı Şahin Həsənli

"Azərbaycanda heç vaxt milli, dini, məzhəb zəminində qarşıdurma olmayıb. Tarixən bizdə bütün məzhəblərə mehriban münasibətlər olub. Tariximizin heç bir yerində məzhəblər arası ciddi kəskin münasibətlər olmayıb. Bu vaxta qədər çox mehriban yaşayıblar. Bu ənənəni də qorumaq bizim üçün vacibdir və dini bir vəzifədir".

Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə,bunu "Məşhədi Dadaş" məscidinin axundu, ilahiyyatçı alim Hacı Şahin Həsənli söyləyib.

İlahiyyatçı bildirib ki, dünyanın başqa ölkələrində müsəlmanlara qarşı nifrət yaratmaq istəyirlər: "Müsəlmanlar arasında məzhəb davası salmaq düşmənlərin ən böyük arzusudur. Məsumlarımız həmişə ciddi şəkildə vəhdəti qoruyublar. Lakin, Allah göstərməsin, məzhəblərarası dava düşərsə, bu, böyük faciələrə çevriləcək. Nəticədə isə islam və müsəlmanlar ziyan görəcək. Həmçinin İmam Zamanın (ə) zühuru gecikəcək".

Ş.Həsənli bu gün bəzilərinin vəhdətin önəmini başa düşməməsindən təəccübləndiyini bildirib: "Bu gün qərb dövlətləri bu ixtilafları qarışdırıb, qızışdırırlar. Məgər bu önəmli deyil ki, vəhdət vacibdir? Vəhdət üçün də ortaq nöqtələri qabartmaq lazımdır və fərqli cəhətləri kənara atmaq lazımdır. Yəni İmam Hüseyni (ə) sevirsənsə, kifayətdir. Daha lazım deyil ki, insan ucuzuna getsin. İmamı hər iki məzhəb sevir, peyğəmbərin əziz nəvəsi kimi qəbul edir və s. Düşmənlər isə fərqliliyi qabardır. Ona görə də, təəssüf ki, dünyada vəziyyət ürəkaçan deyil. Hamı diqqətli olmalıdır".

İlahiyyatçı, həmçinin məddahlara mərasimlərdə şiə sözünü işlətməmələrini də bildirib: "Demişəm ki, mərsiyyələrdə şiə sözünü işlətməsinlər. Bu təkcə şiə mərasimi olmasın, müsəlmanların, xalqımızn mərasimi olsun. Mən hər yerdə demişəm, Azərbaycanımız Aşura və Novruz mərasimləri ilə tanınır. Bu bizim milli kimliyimiz, şəxsiyyət vəsiqəmizdir. Ona görə də Azərbaycan xalqı Kərbəlanı özü üçün dəyərli bilir."

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2016  13:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!