إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

E.Məmmədyarov: Azərbaycan İƏT ölkələrindəki müharibə və silahlı münaqişələrdən çox narahatdır

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərindəki müharibə və silahlı münaqişələrdən çox narahatdır.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatında bildirilir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində İƏT ölkələrininxarici işlər nazirlərinin illik əlaqələndirmə görüşündə çıxışında deyib.

XİN rəhbəri bildirib ki,bugünkü görüş İƏT Üzv Dövlətlərinin bəzilərinə birbaşa təsir edən artan gərginlik və beynəlxalq sülh və təhlükəsizliyə hədələr fonunda keçirilir:

"Beynəlxalq terrorizmə vəsilə olan zorakı ekstremizmin artması, qorxu və insan hüquqları pozulmalarının çoxalması Müsəlman Ümmətinə sülh, təhlükəsizlik və ədalət gətirilməsi vəzifəsini daha da mürəkkəbləşdirir.

Azərbaycan böyük təhlükəsizlik problemlərinin, bəzi regionlardakı qeyri-sabitlik, geniş miqyaslı yerdəyişmə və görünməmiş humanitar böhranların həll olunmasına öz töhfələrini vermiş bir sıra İƏT Üzv Dövlətlərindəki müharibə və silahlı münaqişələrin baş verməsindən çox narahatdır."

Hazirda dünyamızın üzləşdiyi çoxsaylı problemlər sırasında ilk yer şübhəsiz ki qlobal sabitlik və firavanlığı sarsıtmaqda davam edən terrorizmə məxsusdur. Çox təəssüf ki, sonuncu görüşümüzdən ötən vaxt ərzində İƏT üzv dövlətlərinin əraziləri də daxil olmaqla dünyanın müxtəlif yerlərində törədilmiş terror hücumları ilə bağlı faciəvi xəbərlər almışıq.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi hədələrdən biri kimi terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir:

"Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır, qınanmalı və mühakimə edilməlidir. Terroristləri qoruma və öymə hallarına yol verilməməlidir.

Biz müxtəlif dinlərin ucdantutma hədəf seçilməsinin qarşısını almaq və İslamafobiyanın tezlik və bədnamlığının qəbuledilməz şəkildə artmasını dayandırmaq üçün də səylərimizi əsirgəməməliyik. Dünya üzrə dini və mədəni müxtəlifliyin başa düşülməsi və onlara hörmət terrorizmə qarşı beynəlxalq mübarizənin gücləndirilməsinə əhəmiyyətli şəkildə öz töhfəsini verəcəkdir. Bu xüsusda biz İslam dini ilə bağlı böhtan və yanlış təsəvvürləri dəf etmək, həmçinin İslamafobiya fenomeni ilə mübarizə aparmaq məqsədilə İƏT tərəfindən həyata keçirilən işləri təqdir edirik."

XİN rəsmisi çıxışın sonunda İƏT sədrinə müraciət edərək bildirib:

Cənab sədr

Yekun olaraq, mən İƏT-in Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqi və ərazilərinin işğalı ilə bağlı ardıcıl və prinsipial mövqeyini yüksək qiymətləndirirəm. Biz İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılması ilə bağlı 13-cü İslam Sammitinin qərarını alqışlayırıq. Məmnunluqla bildirmək istərdim ki, Kontakt Qrupun ilk iclası üç gün əvvəl burada, Nyu-Yorkda İllik Əlaqələndirmə Görüşü çərçivəsində müvəffəqiyyətlə keçirilmişdir. Mən Kontakt Qrupa daxil olan Üzv Dövlətlərə öz təşəkkürümü bildirmək istəyirəm və bir daha bütün Üzv Dövlətlərdən Kontakt Qrupun ədalət və beynəlxalq hüquqa hörmətin təmin edilməsinə yönəlmiş fəaliyyətini dəstəkləməyi xahiş edirəm.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Sentyabr, 2016  10:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!