إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar...

Dilə aid olan, daim cəmiyyətdə böyük ziyanlar törədən şiddətli xəstəliklərdən, təhlükəli bəla və günahlardan biri də yalandır. Yalan böyük günahlardan olub, bütün çirkinliklər və pisliklərin mənşəyi, açarıdır.

İmam Baqir (ə) buyurur:

اِنَّ اللّهَ عَزَّوَجَلَّ جَعَلَ لِلشَّرِّ اَقْفالا وَ جَعَلَ مَفاتيحَ تِلْكَ الاْقْفالِ الشَّرابَ وَ الْكَذِبُ شَرٌّ مِنَ الشَّرابِ

“Həqiqətən də, Allah-Taala pis əməllər üçün qıfıllar düzəltmiş, həmin qıfılların açılmasının yalnız bir şərab olduğunu buyurmuşdur. Yalan isə şərabdan da pisdir.”(“Kafi”, Kuleyni, 2-ci cild, səh. 338, 3-cü hədis.)

İmam Həsən Əskəri (ə) də buyurmuşdur:

جُعِلَت الْخَبائِثُ كُلُّها فِي بَيْتٍ وَ جُعِلَ مِفْتاحُها اَلْكِذْبُ

“Bütün çirkinliklər bir evdə toplanıb və onun açarı da yalandır.” (“Biharul-ənvar”, 72-ci cild, səh.263.)

Ərəb dilində “kizb”, “iftira”, “ifk” sözləri ilə eyni məna daşıyan “yalan” sözü bir işin əksini söyləmək, yaxud həqiqətə müxalif bir mənanı çatdırmaq deməkdir. “Yalan” sözü doğruluq və düzgünlüyün antonimidir. Bir xəbəri söyləyən şəxsin sözlərinin etibarlılığı onun sözlərinin həqiqətə uyğun gəlib-gəlməməsi, yalan və ya doğru olması ilə müəyyənləşdirilir. İnsan bir xəbəri söyləyərkən onun verdiyi xəbər həqiqətə uyğun olarsa sadiq və düzdanışan, həqiqətə uyğun olmazsa yalançı sifəti qazanır.

Qurani-Kərimə əsasən, yalançının imanı olmaz. “Nəhl” surəsinin 105-ci ayəsində buyurulur:

{إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِآيَاتِ اللّهِ وَأُوْلـئِكَ هُمُ الْكَاذِبُونَ}

“Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançılardır.”

“Zümər” surəsinin 3-cü ayəsində də yalançıların ilahi hidayətdən məhrum olduqları haqda söz açılır və buyurulur:

إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ

“...Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz.

Bir sözlə, yalan böyük günah və ən çirkin əməllərdəndir. Bu əməli özlərinə peşə seçənlər bilməlidirlər ki, bu iş insanı dünya və axirətdə xar edir, nəzər və dəyərdən salır. Əbu Bəsir imam Sadiqin (ə) belə duyduğunu nəql edir:

اِنَّ الْعَبْدَ لَيَكْذِبُ حَتّى يُكْتَبَ مِنَ الْكَذّابينَ فَاِذا كَذَبَ قالَ اللّهُ عَزَّوَجَلَّ كَذَبَ وَ فَجَر

“Həqiqətən də, insan yalan danışdığı zaman adı yalançılar siyahısında yazılır. Onlar yalan danışdıqları an Allah-Taala buyurur: Yalan danışdı və pis iş gördü.” (“Vəsailüş-şiə”, Hürr Amuli, 12-ci cild, səh. 245, 16213-cü hədis.)

O həzrət başqa bir hədisdə də belə buyurur:

اِذا صَدَقَ الْعَبْدُ قالَ اللهُ: صَدَقَ وَ بَرَّ، وَ اِذا كَذِبَ قالَ اللهُ كَذَبَ وَ فَجَرَ

“Bəndə düz danışdıqda, Allah-Taala “O düz danışdı və yaxşı iş gördü!”, yalan danışdıqda isə “O, yalan danışdı və pis iş gördü!” – buyurar.” (“Mişkatul-ənvar”, Təbərsi, səh.156.)

Qeyd etmək lazımdır ki, israrla yalan danışmağı kiçik günah hesab edənlər bu işi təkrar etməklə bir növ daxili-ruhi xəstəliyə tutulurlar. Zaman keçdikcə, bu xəstəlik insanın pak ruhuna mənfi təsir göstərir, yavaş-yavaş “səciyyə”yə çevrilir. Bu xəstəlik elə bir həddə çatır ki, artıq doğru danışmaq ona ağır gəlir.

Belə bir xarakterin insan üzərində qələbəsi isə onun mənəviyyatını zəiflədir, imanını məhv edir. Bu zaman imanla mənəviyyatın yerini pis işlər, çirkinliklər alır və beləcə, verilən hədislərə əsasən, yalançılıq xarakterinə uyuşan insan “fasiq və facir” ünvanına şamil olur.

Mənbə:Maide.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Avqust, 2016  12:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!