إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam İnkişaf Bankı Qrupu Azərbaycandakı layihələrdə fəal iştirak edəcək

İqtisadiyyat naziri Şahin Mustafayev İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl-Əbudi ilə görüşüb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Salamnews-a verilən məlumatda bildirilir ki, görüşdə Ş.Mustafayev Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən İslam İnkişaf Bankı və İİB Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə uğurlu əməkdaşlığı qeyd edib, Korporasiya tərəfindən özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərilən dəstəyi yüksək qiymətləndirib.

Görüşdə Korporasiyanın Azərbaycan İnvestisiya Şirkətinin də təsisçisi olduğu "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC-nin fəaliyyəti müzakirə edilib, yeni layihələrin nəzərdə tutulduğu vurğulanıb.

Əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirən Ş.Mustafayev sənaye və kənd təsərrüfatı sahəsinə, o cümlədən sənaye parkları və məhəllələrinin yaradılması kimi prioritet sahələrə investisiya qoyuluşunu, özəl sektora maliyyə dəstəyinin genişləndirilməsini diqqətə çatdırıb.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl-Əbudi ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu bildirib, Korporasiyanın Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb və qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının nümayəndələri səfər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olacaqlar.

Qeyd edək ki, Korporasiya tərəfindən ölkəmizdə indiyədək əsasən banklara və özəl şirkətlərə birbaşa kredit xəttinin açılması, səhm kapitalında iştirak olmaqla 14 layihənin həyata keçirilməsinə 130 milyon dollar ayrılıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyun, 2016  11:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!