إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ban Ki-mun İƏT Gənclər Forumunu yüksək qiymətləndirdi

“Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) son illərdəki fəaliyyətləri nəzticəsində gənclik siyasəti İƏT-in diqqət mərkəzində yer almışdır - 13-cü İƏT Zirvəsinin də İƏT Gənclik Sammiti ilə başlanmasını öyrənməkdən çox məmnun oldum.”

Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, BMT Mətuat Mərkəzinin məlumatında bildirilir ki, bunu mayın 13-də öz işini Genevrədə tamamlamış BMT-İƏT Koordinasiya Şurasına müraciətində  BMT baş katibi Ban Ki-mun bildirmişdir.

İKGF-nin rəsmi Feysbuk səhifəsində yer alan xəbərə əsasən,  bu Şuranın toplantıları, Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı strukturları arasında beynəlxalq layihələr, insan haqları, qlobal inkişaf, böhranlı vəziyyətlər və s. beynəlxalq əhəmiyyətli mövzular üzrə əməkdaşlıq və koordinasiya məqsədilə mütəmadi olaraq keçirilir. Şuranın işində BMT və İƏT-ə daxil olan bütün beynəlxalq təşkilat və qurumlar  iştirak edir.

Koordinasiya Şurasının açılış mərasimində çıxış edərək İKGF-nin sədri səfir Elşad İskəndərov BMT-nin baş katibi Ban Ki-muna İKGF-nin fəaliyyətinə verdiyi yüksək qiymətə görə təşəkkürünü bildirmiş, daha sonra tədbir iştirakçılarına yuxarıda adıçəkilən İƏT Gənc Liderlər Samminin nəticələri haqqında məlumat vermişdir.  Natiq qeyd etmişdir ki İƏT tarixində ilk dəfə keçirilən Gənc Liderlər Sammiti tərəfindən İƏT cografiyasında gənclərin inkişafını müəyyənləçdirəcək “10 ildə 10 məqsəd” adlı Bəyannamə və strateji proqram xarakterli Tövsiyyələr qəbul edilmişdir. E.İskəndərov həmçinin bu Tövsiyyələrin İƏT dövlət başçıları tərəfindən Zirvənin Yekun Kommunikesində təsdiq edilməsini məmnunluqla vurgulamış və bu istiqamətdə BMT qurumlarını əməkdaşlığa dəvət etmişdir.

Koordinasiya Şurasının nəticələrinə əsasən İKGF ilə BMT-nin bir sıra qurumları (BMT İnkişaf Proqramı, YUNESCO, BMT Qadın Komitəsi, Cənub-Cənub Əməkdaşlığı Ofisi, Sivilizasiyaların Alyansı) arasında gənclərin mədəniyyətlərarası dialoqunun gücləndirilməsi, gəncliyin inkişafı, gənc qadınların rolunun artırılması, ekstremizmlə mübarizə, münaqişə zonalarında gənclərin hüquqlarının qorunması, həmçinin Somalidə inkişaf proqramının gerşəklədirilməsi istiqamətində konkret razılıqlar əldə edilmişdir.

Xatırladaq ki İKGF Azərbaycan Respublikası Prezidenti İlham Əliev və Turkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın birgə təşəbbüsü ilə 2006-cı ildə təsis edilmiş, Mərkəzi gərargahı İstanbulda yerləşən, İƏT-ə baglı beynəlxalq təşkilat olaraq fəaliyyət göstərməkdədir. Forumun Mədəniyətlərarası Dialoq üzrə Baş Koordinatoru və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Forum tərəfindən gənclərin Mədəniyyətlərarası Dialoqu üzrə bir sıra genişmiqyaslı layihələr gerşəklədirilmiş, Gənclər Sivilizasiyaların Alyansı uğrunda beynəlxalq hərəkatı yaradılmışdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2016  16:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!