إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allah öz bəndəsini daş ürəkli edərmi?..

Allah-təala Quranın bəzi ayələrində kimlərinsə qəlbini daşa döndərdiyini xəbər verir. Bir halda ki, bu iş Allah tərəfindən baş verir, insan nə üçün günahkar sayılmalıdır?

Diqqət etsək, görərik ki, ürəyin daşa dönməsi Allah tərəfindən bir cəzadır. Demək, insan Allahın qəzəbinə səbəb olacaq günahlara yol verir və daşürəkliliklə cəzanlandırılır.

«Tövbə» surəsinin 77-ci ayəsində belə buyurulur: «Allaha verdikləri vədə xilaf çıxdıqlarına görə, Allah da onların ürəklərinə qovuşacaqları qiyamət gününə qədər nifaq saldı». «İbrahim» surəsinin 27-ci ayəsində isə belə deyilir: «Allah iman gətirənləri dünyada və axirətdə möhkəm bir sözlə sabit qədəm edər. Allah zalımları yolundan azdırar».

İnsanın öz əməlindən doğan bu pis nəticə, onun iradə azadlığına qətiyyən zidd deyildir. Məsələn, spirtli içki içən insan anlamalıdır ki, ağlı başından çıxacaq və üzünə cinayət qapıları açılacaq.Bu şəxs sərxoş olduğunu bəhanə gətirib, cinayət fikirində olmadığını iddia etsə də, məsuliyyətdən qaça bilməz.

Allah-təalanın bir insanı doğru yola yönəldib, o birini zəlalətə salmasının əsil səbəbi, həmin insanların keçmişdəki xeyir və ya şər əməllərində axtarılmalıdır.

Xüsusi və ilahi söhbətlərdən birində Allah Musa peyğəmbərdən(ə) uzun-uzadı ar­zu­­­la­ra yer verməməsini istəyir. Musanın (ə) nəzərinə çatdırılır ki, uzun-uzadı arzular qəlbi daşlaşdırır, nəticədə insan ilahi mər­hə­mətdən mərhum olur.

Diqqət yetirmək lazımdır ki, arzu öz-özlüyündə məzəmmət olunmur. Bir çox arzular faydalı, dəyərlidir. Böyük elmi dərəcəyə çatmaq, ilahi övliyalar cərgəsinə qatılmaq, hətta Allah bəndələrinə xidmət üçün dünyəvi məqam istəmək dəyərli arzulardandır. Uzun-uzadı arzular dedikdə bütün ömrü puça çıxaran və nəticədə axirət üçün faydası olmayan arzular nəzərdə tutulur. Ömrü dünya istəklərinin gerçəkləşməsinə sərf etmək istəyi bu qəbil arzulardandır. Belə arzular insanın dünya məhəbbətini gücləndirir, hətta bəyənilməyən yollara aparır.

Bir şəxs daha yaxşı ibadət etmək və Allaha yaxınlaşmaq üçün ondan nemət istəyirsə, bu ilahi istəkdir. Xalqa xidmət üçün imkan arzulayanlar əslində axirət arzusundadır. Bu zümrədən olanlar uyğun istəklərlə yanaşı bu istəklərin səmimliyini göstərən səciyyələrlə tanınırlar. Məlum olur ki, onlar ətrafdakıları aldatmaq fikrində deyillər və bəyan etdikləri arzuları sadəcə bir pərdə deyil. Şübhəsiz, belələri axirət və Allahın razılığı sorağındadırlar.

Dünyapərəstlik və Allahdan xəbərsizlikdən qaynaqlanan uzun-uzadı arzular insanın bütün ömrünü puça çıxaran arzulardandır. Bu arzular insanın düşüncəsini bütünlüklə özünə məşğul edir və onun diqqətini yalnız dünyaya yönəldir. Bəzi mənəvi yönümlü arzular da uzun-uzadı arzular qismindən ola bilər.

Allah-təala öz dostlarının vəsfində buyurur: "Möminlər o kəslərdir ki, Allah yada salındıqda qəlblərinə qorxu düşər, onlara ayələr oxunduqda imanları artar və öz Rəblərinə təvəkkül edərlər." Digər bir ayədə Allah zikri müqabilində mömin qəlbin uçulmasının zəruriliyi bildirilir: "İman gətirənlər üçün bir vaxt çatmadımı ki, qəlbləri Allah zikri və nazil olmuş haqla yumşalsın?!"

Bizlər Quran göstərişlərini yerinə yetirmək əzmində olduğumuzdan ilk növbədə qəsavət kimi əxlaqi xəstəlikdən qurtulmalıyıq. Hər yolla çalışmalıyıq ki, bu xəstəlik qəlbimizə yol tapmasın. Amma bu xəstəliyə düçar olduqdan sonra onu mənfi dəyərləndirərək aradan qaldırmağa çalışmağımız zəruridir.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2016  16:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!