إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Xanım Fatimeyi - Zəhra(s.ə) şəhadət yatağında: Mədinəlilərə xitabı

Fatimeyi-Zəhra (ə) Həzrət Məhəmməd Peyğəmbərin (s) vəfatından 75 və ya 95 gün sonra – hicri qəməri 11-ci il(miladi 632-ci il) cəmadiyül-əvvəl ayının 13-də və ya həmin ilin cəmadiyüs-sani ayının 3-də  Mədinədə dünyasını dəyişmişdir. Öz vəsiyytinə əsasən, dəfnində narazı olduğu insanların iştirak etməməsi üçün Həzrət Əlinin (ə) və  məhdud sayda peyğəmbər səhabələrinin iştirakı ilə gecəyarı torpağa tapşırılmışdır. Məzarının harada olması bu günə qədər gizli qalmışdır.Həzrəti Zəhranın Peyğəmbər məscidində və ya Bəqi qəbristanlığında dəfn olunduğunu ehtimal olunur.

Ravi yazır: «Peyğəmbər(s)-in vəfatından 7 gün sonra səkkizinci gün Fatimə(s.ə) Atasını ziyarət etmək niyyəti ilə evdən ağlaya-ağlaya qəbir üstünə yollandı. Xanım(s.ə)-ın ağlamaqdan gözləri qaralmışdı. Narahatlığın təsirindən çadrası yerlə sürünürdü. Atasının qəbrinə gözü sataşan kimi özündən gedib məzarın üzərinə yıxıldı. Mədinə qadınları onun köməyinə çatıb, həzrəti-Zəhra(s.ə)-nın üzünə su səpib onu huşa gətirdilər. Daha sonra Fatimə ağlaya-ağlaya Atasına xitab edərək belə buyurdu:

«Atacan, qüvvətim tükənib, səbrim qurtarıb, düşmənim sevinir, qəm-qüssə isə məni öldürür. Ey əziz Atam! Daha tənha qalmışam, səndən sonra səsim kəsilib, belim bükülüb, həyatım bir-birinə dəyib. Səndən sonra dəhşətli günlərimi keçirirəm. İndi məni sakitləşdirən də yoxdur. Qəm- qüssəm gündən- günə artır. Atacan, səndən sonra kim bu ümmətin fəryadına yetişəcək? Ey Ata, səndən sonra camaat bizdən üz döndərdi. Görəsən, nə vaxt yanına gələcəyəm? İlahi, mənim ölümümü tezliklə yetir, çünki dünya və həyat mənim üçün artıq daralıb».

Fatimə(s.ə) gecə-gündüz ağlayıb göz yaşı tökürdü. Mədinə böyüklərindən bir dəstə həzrəti-Əli(ə.s)-nin yanına gəlib belə dedi:

- Fatimə gecə-gündüz aglayır. Gecələr onun ah-naləsindən yata, gündüzlər isə dincələ bilmirik. Səndən xahiş edirik, Fatiməyə deyəsən, heç olmasa, ya gecə ağlasın, biz gündüzlər dincələk, yaxud gündüzlər o ağlasın, gecələr biz dincələk.

Həzrəti-Əli(ə.s) buyurdu:

- Mən sizin xahişinizi ona çatdıraram.

Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin yanına gəlib onu ağlar gördü. Fatimə Əli(ə.s)-ni görüb bir az sakitləşdi. Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə buyurdu:

- Mədinə böyükləri məndən xahiş ediblər ki, ya gecə, ya da ancaq gündüz ağlayasan.

Fatimə(s):

- Ey Əbul Həsən! Mən bu camaatın arasında çox az yaşayacağam və tezliklə bunlardan ayrılacağam.

Əli(ə.s):

- İxtiyar sahibisən.

Sonra Əli(ə.s) Mədinə evlərindən uzaqda, Bəqi qəbirstanlığında Fatimə(s.ə) üçün (ağlamaq üçün) kiçik bir ev düzəltdi. Bu evi «Beytül-əhzan», yəni «Qəm evi» adlandırdı.

Fatimə hər gün sübh vaxtı Həsən(ə.s) və Hüseynlə(ə.s) bu evə gedib ağlayardı. Əli(ə.s) axşam gəlib Xanım(s.ə)-ını evə aparardı.

İmam Sadiq(ə.s) buyurur:

"Fatimə(s.ə) Peyğəmbər(s)-in vəfatından sonra həftədə iki dəfə Ühüd şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və dua oxuyardı. O Xanım vəfat edənə kimi bu işi davam etdirirdi".

Təbərsi «Ehticac» kitabında (Ic,səh.147.) Süveyd ibn Qüflənin söylədiklərini belə təsvir edir:

Həzrəti-Fatimə(s.ə) ölüm yatağında olarkən mühacir və ənsar qadınlarından bir qrupu onun yanına gəlib belə ərz etdi:

- Ey Peyğəmbər(s) qızı, bu xəstəliklə səhəri necə açdınız?

Fatimə(s.ə) Allaha həmd və səna dedikdən, eləcə də atası Peyğəmbər(s)-ə salam göndərdikdən sonra buyurdu:

"And olsun Allaha! Səhəri sizin dünyanı, sizin kişiləri bəyənmədiyim halda açdım. Sizin kişiləri düşmən bilirəm, çünki onları öz dilimin altında yoxlayıb tulladım və onları sınaqdan sonra tanıdım.

İti qılıncların kütləşməsi, (yəni sizin kişilərin əvvəllər İslamın inkişafı yolundakı fəallığı, sonradan isə bu məsələdə süsüt olmaları), iman gətirdikdən sonra dindən çıxıb dünyəvi həvəslərə aludə olaraq azğınlaşmaq çox çirkindir.

Nə qədər çirkindir bu dəstə (bizim hüququmuzu müdafiə etməyənlər) və onlar üçün İlahi əzab. Onlar özlərini əbədi axirət əzabına düçar etdilər. Görərsiniz, əzabın ağır daşını onların boynuna saldım və onların çirkin əməllərinin cavabını onlara qaytardım. Onları boşladım, əməlləri paltar kimi onların əyinlərini bürüdü.

Bizə zülm edənlərdən Allahın geniş rəhməti kəsilsin və onlar o rəhmətdən uzaq düşsünlər. Vay olsun onlara ki, rəhbərlik və imamlıq məqamını möhkəm risalət dağlarından aldılar, nübüvvət və hidayət köklərini və Cəbrayılın nazil olduğu yeri haqqın sahibindən məhrum etdilər.

Bilin ki, sizin kişilərin əməlləri, aşkar bir ziyandır (İslama). Çünki onlar Əli(ə.s)-dən üz çevirdilər. And olsun Allaha! Əli(ə.s)-nin qılıncı meydanda iti və kəsərli olub. O, ölümdən qorxmurdu, öz qüdrətli əlləri ilə düşmən cəngavərlərini fəlakət torpağına atıb məhv edirdi. Allaha and olsun! Əgər onlar ümmətin idarəsini Əli(ə.s)-yə tapşırsaydılar, O(ə.s), hər yolundan azanı yola gətirərdi. Əli(ə.s) aşkar hüccətdən qaçanları qaytarardı. O camaatı haqqa tərəf elə sövqləndirərdi ki, haqqa üz tutanların nə ağzı yaralanar, nə də yorulardı. Əli(ə.s) onları çoxlu, həm də ətirli şəlalələrə varid edərdi. O şəlalələrin suyu və ətrafı saf, pak olardı.

Bəli, Əmirəlmöminin(ə.s) onları məhz bu cür sularla sirab edərdi. Həzrəti-Əli(ə.s) özü onların dünyasından bəhrələnmədiyi bir halda nəsihət edərdi. Məqamını öhdəsinə götürsəydi, doğru və yalançı, təqvalı və həris insanlar bir-birindən fərqlənərdilər.

«Və əgər şəhərlərdə və kəndlərdə yaşayan camaat iman gətirib təqvalı olsalar yerin və göyün bərəkətləri onlar üçün açılar (onlara verilər). Amma onlar (həqiqətləri) inkar etdilər, biz də onları öz əməllərinin cəzasıyla cəzalandırdıq». (Əraf, 96)

«Və bu dəstədən o kəslər ki, zülm etdilər, öz pis əməllərinin cəzasına çatacaqlar və heç vaxt İlahi əzabın cəngəlliklərindən qaça bilməyəcəklər». (Zümər, 51)

Zəmanəyə bax! Ey kaş biləydim ki, bu (bivəfa) camaat nəyə və kimə arxalanıb belə ailəyə təhqir və zülm edib pis yol seçdilər?!

Onlar bizə zülm etdilər və bizə kömək etmədilər. And olsun Allaha, möhkəm qanadları buraxıb toyuq qanadlarına yapışdılar. Kül olsun elə başlara ki, sahibləri yaxşı iş gördüklərini güman edirdilər, amma cahil tamahkardırlar.

«İtaət etmək üçün haqqa hidayət edən şəxs layiqlidirmi, ya özü hidayət olmayan şəxs? Məgər ki (başqası tərəfindən) hidayət oluna? Sizə nə olub? Necə də (batil) hökm verirsiniz?» (Yunis, 35)

Bilin ! Canıma and olsun, sizin (kişilərin) bu hərəkətiniz çox çəkməz, vaxt gələr ki, sona yetər. Cəza vaxtı çatdıqda azğınlar öz layiqli cəzalarını alarlar. Gələcək nəsillər isə özlərindən qabaq yaşayanların aqibətinə baxar, ibrət götürər.

Fitnə və bəla gözləyin, özünüzü iti qılınclar, zalımlar səltənəti, ümumi hərc-mərcliyə hazırlayın. Zalımlar sizi çalıb-çaparlar, sizin üçün çox az bir şey qoyarlar. Sizin cəmiyyətinizi qətlə yetirərlər. O vaxt düzgün rəhbərlik xəttindən ayrıldığınız üçün həsrət çəkərsiniz. Sizin qəlbləriniz kor olubdur".

 

Süveyl ibn Qüflə deyir ki, Fatimə(s.ə)-nin görüşünə gələnlər (qadınlar) həzrəti-Zəhra(s.ə)-nın sözlərini öz ərlərinə çatdırdılar.  Mühacir və ənsar böyüklərindən bəzisi üzr istəmək üçün Fatimə(s.ə)-nin hüzuruna gəlib belə ərz etdilər:

- Ey dünya qadınlarının Xanımı! Əgər Əli(ə) xilafət məqamını tez bildirsəydi, biz ona beyət edərdik və başqa heç kimin ardınca getməzdik.

- Fatimə(s.ə) onlara buyurdu: Məndən uzaqlaşın. Artıq sizin üçün üzr gətirməyə bir bəhanə qalmayıbdır. Göstərdiyiniz süstlük, laqeydlik və günahınızdın sonra üzrxahlığa yer yoxdur. Niyə əvvəldən aldandınız?..


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Mart, 2016  16:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!