إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

AŞ PA prezidenti Dağlıq Qarabağın Azərbaycana aid olduğunu söyləyərək Ermənistan nümayəndəsini sərt tənqid etdi

Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin iclasında AŞ Parlament Assambleyasının yeni seçilmiş prezidenti Pedro Aqramunt Dağlıq Qarabağ problemi ilə bağlı müzakirə zamanı Ermənistan nümayəndə heyətini sərt tənqid edib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Dailykarabakh-ın Avropa Şurasındakı mənbədən əldə etdiyi məlumatda bildirilir ki, Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin 19 fevralda keçirilmiş iclasında AŞ Parlament Assambleyasının (AŞPA) yeni seçilmiş Prezidenti Pedro Aqramunt nümayəndələr qarşısında çıxış edib.

P.Aqramunt “Beynəlxalq terrorizmlə qarşı mübarizə", "Qorxusuz yaşamaq azadlığı", "Qaçqın və miqrasiya böhranı", "Ölkələr arasında mehriban qonşuluq münasibətlərinin təşviqi”ni dörd prioritet sahə kimi qeyd edib, bu mövzuda fikirlərini çatdırıb.

Məlumata görə, o, dördüncü prioritet sahə üzrə konkret təşəbbüslər kimi AŞ üzvü ölkələrinin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi, eləcə də Avropanın bir sıra regionlarında, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunda dondurulmuş münaqişələr məsələsinin müzakirəsinin davam etdirilməli olduğunu qeyd edib. AŞ PA Prezidenti keçmiş sovet respublikaları ərazisində mövcud olan münaqişələri, eləcə də Dağlıq Qarabağ münaqişəsini Avropanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.

Ermənistanın AŞ PA-dakı nümayəndəsi P.Aqramuntun çıxışında işlətdiyi “Azərbaycanın Dağlıq Qarabağ regionu” ifadəsini AŞ PA Prezidentinə irad tutaraq, o fikiri rədd etdiklərini bildirib, ATƏT-in Minsk Qrupunun səlahiyyətli olduğu münaqişənin AŞ PA-da müzakirəsinin düzgün olmadığını qeyd edib.

P.Aqramunt AŞ PA üzvlərinin məqsədə müvafiq hesab etdikləri istənilən məsələni müzakirə etməkdə sərbəst olduqlarını bildirib, illərdir davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməli olduğunu və bu xüsusda “dəvəquşu kimi başı qumda gizlətməyin” fayda vermədiyini qeyd edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Fevral, 2016  13:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!