إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu gün İmam Hadinin(ə) mövlud günüdür

Bu gün noyabr ayının 12-i, Zil-hiccə ayının 15-i İmam Əli ən-Nəqinin(ə) mövlud günüdür. Bu mübarək mövlud münasibətilə başda Hz.Qaim(ə.f) olmaqla bütün Əhli-Beyt(ə) aşiqlərini təbrik edirik.

İmam Hz.Əbulhəsən Əli ən-Nəqi(ə) Hicri qəməri təqvimilə 212-ci ildə Mədinənin Surya adlı məhəlləsində dünyaya göz açıb. Hz.İmam Cavadın(ə) oğlu İmam Hadinin(ə) anası Səmanə adlı təqvalı bir xanımdır. İmam Hadi(ə) öz anası barədə buyurmuşdur: "Mənim anam mənim haqqımı tanıyıb və o Behişt əhlindəndir. Şeytan ona yaxın düşə bilmir. Allah onun qoruyucusudur. O sadiq və saleh anaların sırasındadır".

Künyəsi Əbul-Həsən olan imamın(ə) bir neçə ləqəbi olmuşdur ki, ən məşhurları Hadi və Nəqidir.

Atasının ölümündən sonra imamətə çatan İmam Hadinin(ə) həmin vaxt 8 yaşı olmuşdur. 33 il imamət edən İmam Hadi(ə) 41 yaşında Samirədə şəhid edilərək elə Samirədə də 20 il göz altında saxlandığı evində dəfn edilmişdir..

İmam Hadinin(ə) kəramətləri:

Mütəvəkkil zamanında bir qadın Hz.Fatimənin(s.ə) qızı Zeynəb olduğunu iddia edirdi. Mütəvəkkil ona «Zeynəb çoxdan ölübdür, halbuki sən isə cavan bir qızsan» - dedi.

Həmi qadın belə dedi: Doğrudur, amma Peyğəmbər(s) əlini mənim başıma sürtdü və dua etdi ki, həmişə cavan qalım. Buna görə də mən qırx ildən bir dəfə yenidən cavanlaşıram. Mütəvəkkil bütün böyük alimləri toplayıb onlardan bu «qadının iddiası barədə nə deyirsiniz» - deyə soruşdu.

Onlar hamısı «yalan deyir» - dedilər. Mütəvəkkil «yalan dediyini bilirəm. Lakin onu məhkum etmək üçün dəliliniz nədir?» - dedi. Onlar isə belə dedilər: Biz bilmirik, bu məsələni İmam Hadi(ə) həll etməlidir.

Mütəvəkkil dərhal imamı(ə) çağırtdırıb əhvalatı olduğu kimi ona danışdı. Həzrət belə buyurdu: «Әgər doğru deyirsə, onu qəfəsdə saxladığınız şirlərin yanına aparın. Çünki yırtıcı heyvanlar Fatimənin(s.ə) övladlarına toxunmazlar və onların ətini yeməzlər.» Mütəvəkkil həmin qadına «nə deyirsən» - dedi. Qadın dedi: Bu adam məni öldürtmək istəyir. Әgər düz deyirsə, özü bu işi görsün. Mütəvəkkil dedi: Doğru deyir, özün əvvəlcə bu işi gör. İmam(ə) buyurdu: «Eybi yoxdur» və qəfəsdəki şirlərin yanına gedib onların arasında əyləşdi. Hamı heyrətlə gördü ki, şirlər imamın(ə) qarşısında ehtiramla oturublar və bəzən özlərini ona sürtürlər, həzrət də mehribanlıqla şirlərin baş-qulağını oxşayır. Həzrət daha sonra şirlərə əmr etdi ki, qırağa çəkilib yol açsınlar. Şirlər də bir bucağa çəkildilər və İmam(ə) qəfəsdən çıxıb Mütəvəkkilin yanına gəlib belə buyurdu: «Ey qadın! Indi növbə sənindir». Həmin qadın ağlayıb yalvarmağa başladı və dedi: Mən filankəsin qızıyam, bir kələk qurmaq istədim, lakin kələyim baş tutmadı.

* * *

Mötəzinin katibi Fəzl bin Əhməd nəql edir ki, bir gün Mötəzinlə Mütəvvəkilin məclisinə daxil olduq. Gördük ki, Mütəvəkkil çox əsəbidir və Fəth bin Xaqana belə deyir: Mən onu öldürəcəyəm. Çünki o mənim dövlətimdə təfriqə salır.

Daha sonra qulamından dörd nəfər çağırdı və onları İmam Hadinin(ə) dalınca göndərdi. Bir neçə nəfər xəzəri qulamı isə hazır etdi ki, əllərində qılınc hazır dayansınlar.

Bir müddət sonra İmam Hadi(ə) heç nə olmamış kimi məclisə daxil oldu. İmam Hadini(ə) görən Mütəvəkkil əlindən qılıncını buraxaraq taxtdan düşərək ona tərəf tələsdi və onun əllərindən öpərək dedi: Bu vaxtı nə səbəblə bura təşrif buyurmusuz? İmam Hadi(ə) cavabında buyurdu ki, mənə məni çağırdığınızı bildirdilər. Mütəvəkkil cavabında dedi ki, yox mən sizi çağırtdırmamışam. Bu zinazadələr yalan deyirlər. Necə gəlmisiz elə də gedə bilərsiz. Sonra Fəth bin Xaqana və Mötəzinə əmr etdi ki, onu müşayiət etsinlər.

İmam Hadi(ə) məclisi tərk edən zaman gözü xəzəri qullara sataşdı. Qullar onu görçək onun qarşısında yerə yıxılaraq ona təzim etməyə başladılar.

İmam Hadi(ə) məclisi tərk etdikdən sonra Mütəvəkkil həmin qulları çağıraraq tərcüməçidən nəyə görə İmam Hadini(ə) öldürməmələrini və əksinə qarşısında təzim etmələrini soruşdu. Həmin qullar cavab verdilər ki, biz onu öldürmək istədiyimiz zaman onun ətrafında yüzdən artıq qılınclı şəxs gördük və ixtiyarsız olaraq qorxudan onun qarşısında yerə yıxıldıq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2011  04:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!