إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Birinin qəlbini sözlə incitmək ən böyük günahlardandır - ilahiyyatçı

Son zamanlar, xüsusən də sosial şəbəkələrdə dindar insanların bir-birini ittiham və məzəmmət etməsinə rast gəlirik. Din və şəriət bu halı necə dəyərləndirir? Bu işlərdə Allahın razılığını qazanmaq üçün hansı mövqe daha doğrudur? Ahlibeyt.az-ın məlumatına görə,İslam.az bu suallarla “Qasımbəy” məscidinin imam-cüməsi Hacı Samir Ağayevə müraciət edib:

- Din və şəriətin bu məsələdə mövqeyi bəllidir. Həzrət Məhəmməd (s) heç vaxt kimisə haqsız yerə məzəmmət etməyib. Birinin qəlbini sözlə incitmək töhmət sayılır. Bu isə ən böyük günahlardandır. Çünki qul haqqıdır. Bu baxımdan da haqsızlığa yol vermək olmaz. Əlbəttə ki, zülm və haqsızlıq edən insana onun səhvini anlatmaq üçün əmr bi-məruf və nəhy əz-münkər prinsipi var. Onlardan istifadə edərək bu insanı islah etməyə çalışmaq lazımdır. Təbii ki, əvvəl o insana təklikdə demək lazımdır, onun abrını aparmaq, insanların gözündən salmaq olmaz. Bir sözlə, bütün ədəb qaydalarına riayət edərək həmən adamı zülmdən çəkindirmək lazımdır. Əgər bu bir fayda verməsə, o zaman digər üsulları tətbiq etmək olar. Əgər insanın zülmü ictimai xarakter daşıyırsa, o zaman bu zülmü ictimaiyyətdə açıq-aşkar bəyan edərək onu ittiham və məzəmmət etmək olar. Burda da bir günah yoxdur. Ancaq bütün bu mərhələlərə riayət etmədən, haqlı və ya haqsız yerə, hüdudlara məhəl qoymadan kimisə məzəmmət və ittiham etmək yolverilməzdir. Quranda da bu məsələ ilə bağlı ayələr var. Məsələn, Allah buyururu ki, bir-birinizi pis adlarla çağırmayın, ləqəblər qoymayın, “sən mömin deyilsən” ittihamını vurmayın. Peyğəmbərimizdən (s) də bu barədə çox sayda hədislər mövcuddur.
- Siz “zülm” kəlməsindən istifadə etdiniz. Amma bu çox ağır ittihamdır. Sosial şəbəkədə kimisə məzəmmət edən insana belə bir ağır ittiham?..
- “Zülm” sözü ümumi mənada işlənir. “Şura” surəsinin 42-ci ayəsində Rəbbimiz buyurur ki, "Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər". Gördüyünüz kimi, bu ayədə də “zülm” ifadəsinə rast gəlirik. Zülmün də dərəcələri var. Ən xırda haqsızlıqdan başlayaraq ən dəhşətli zülmlərə qədər. Yəni ədalətdən, haqdan kənar nə varsa, hamısı zülm sayılar. Məsələn, müdirin işçisinə, müəllimin şagirdinə haqsız yerə yönələn töhməti də zülmün müəyyən bir ölçüdə  təcəssümüdür.
- Siz müəllim-şagird münasibətlərinə toxundunuz. Bu kontekstdə son günlər sosial şəbəkələrdə  yayılan və Azərbaycanın müxtəlif  məktəblərində müəllimlərin şagirdləri döyməsini əks etdirən videogörüntüləri necə şərh edərdiniz? İslamda bu kimi hallara münasibət necədir?
- İslama görə döymək, vurmaq, təzyiq göstərmək təlim və tərbiyə metodu deyil, bu qətiyyən yolverilməzdir. Əlbəttə, əgər bütün vasitələrdən istifadə edilərsə, o zaman uşağı tənbeh etmək olar. Amma onun da hüdudları var. Bu, alçaltmadan, onu utandırmadan, təhqir etmədən olmalıdır. Bəzən yüngül, məsələn, barmaqların ucu ilə uşağı vurmaq olar. Amma bunu müəllimin etməsi üçün valideynin razılığı və icazəsi olmalıdır. Lakin istənilən halda müəllimin şagirdi digər uşaqların gözü qarşısında döyməsi, alçaltması yolverilməzdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2016  14:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!