|
Bu gün 20 Yanvar faciəsindən 26 il ötürBütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhunuz şad olsun! Vətən şəhidlərini heç vaxt unutmayacaq 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür Bu gün Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək. "Qanlı 20 Yanvar" faciəsindən 26 il ötür xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər,onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Vətən və torpaq şəhidləri ilə ucalır. 26 il öncə Azərbaycan xalqının taleyində də nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların tırtılları altına atılmışdı. 1990-cı il Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış SSRİ DTK-sı tərəfindən planlaşdırılıb və həyata keçirilib. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini göstərir) yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı,900 nəfərə yaxın insan həbs olundu. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi. O vaxt Azərbaycan xalqı adından Bakıdan verilən yegənə etiraz bəyanatı Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan Heydər Əliyev verdi. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu. Heç şübhəsiz ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə anılası gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq. Ən önəmlisi isə bu tarixi, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı məqsədli qırğın, soyqırımı kampaniyasının bir halqası olduğunu dünyaya tanıtdırmağı bacarmalıyıq. Bu aksiyanın Azərbaycan üçün, onun beynəlxalq imici üçün heç də formal olmayan əhəmiyyəti var... O gündən 26 il keçməsinə baxmayaraq, insanlar belə bir dəhşətli faciənin törədiləcəyini bilsəydilər, yenidən küçələrə axışardılarmı? Bunun cavabını elə o dövrdə - şəhidlərin dəfni zamanı bütün qoyulan qadağalara baxmayaraq, Azadlıq meydanından Dağüstü parka, indiki Şəhidlər xiyabanınadək uzanan insan axını, qorxu, hürkü bilməyən izdiham vermişdi. O gün "Azadlıq!" sədası ucaldı. Biz o azadlığı qanımız bahasına əldə etdik... Elə bir gün olmur ki, Şəhidlər xiyabanı adamsız, yalqız qalsın. Ölkəmizə gələn xarici qonaqlar da buranı ziyarət edir, şəhidlərin şərəfinə yandırılan əbədi məşəl qarşısında baş əyirlər. Ahlibeyt.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2016 10:38 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |