إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Namaz insan həyatına ilahi dəstəkdir

Bütün məsumların (ə) vəzifəsi insanları Allaha ibadət etməyə dəvət etmək və səadət yolunu onlara göstərməkdir. Belə ki, ilahi övliyalar həmişə insanları dini göstərişlərin icrasına çağırmış və onları günah burulğanlarından xilas etməyə çalışmışlar. Bu vacib əməllər arasında, namaz məsumlar üçün böyük əhəmiyyətə malik olmuş və daim onun hamı tərəfindən həyata keçməsi naminə təlaş etmişlər.

Allah Quranda buyur

فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ

"Belə isə məni xatırlayın ki, mən də sizi xatırlayım. Mənə şükür edin və (mənim nemətlərimə qarşı) kafir olmayın”(Bəqərə”, 12.).

Ayədə qeyd olunur ki,Allahı daim yada salan şəxslər ona şükür edənlərdir. Çünki, malik olduqları hər bir şeyin Onun tərəfindən olduğunu anlay;rlar. Əks təqdirdə, bu xüsusiyyətdən məhrum olan insanlar nankor olub, Allahın nemətlərinin şükrünü etmir, uca Tanrını unudaraq kafir(Məlum mövzuda qeyd edilən kafir olmaqda məqsəd Allaha yox, onun nemətlərinə nankor olmaq anlamındadır.) olurlar.

Əgər Allahın bizə yardım etməsini və hər an Onun diqqətinə layiq olmağımızı istəyiriksə, hər zaman Onu xatırlamalı və yada salamlıyıq.

Həsən Bəzzazi deyir: İmam Sadiq (ə) mənə buyurdu: "İstəyirsənmi Allahın, bəndələri üçün vacib etdiyi ən çətin əməlləri sənə tanıtdırım?” Dedim: "Bəli”. Buyurdu: " Camaatla insafla davranmaq, qardaşa kömək etmək, hər yerdə Allahı yada salmaq. Agah ol, mən Allahı yada salmaq dedikdə "Əlhəmdulillah”, "Subhanəllah, "Allahu Əkbər” deməyi nəzərdə tutmuram. Doğrudur, bunlar da Allahı xatırlamaqdır, lakin, Allahı hər yerdə xatırlamaq Onun əmri və ya qadağası ilə qarşılaşdığın zamandır”("Kafi”, c. 2, səh.145.).

Allah bütün vaxtlarda, istər sübh olsun, istərsə də gecə, yada salınmalı, xatırlanmalıdır. Bu haqda Quran buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا

"Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şə’ninə tə’riflər deyin! "("Əhzab”, 41-42. )

Bu xüsusiyyət övliyaların tərk edilməz əxlaqlarından biridir. Allah-taala "Merac” hədisində buyurur: "Onlar dünyada üç şeyə sevinərlər: Allahın zikri, Allahın məhəbbəti, Allahın razılığı”("Dost diyarının yolçuları”, "Merac” hədisinin şərhi, Ayətuullah Misbah Yəzdi.). Allahı sevən insan onu xatırlayır və bu düşüncələrdən ləzzət alır. Vüsal dəmi yetənədək Allah aşiqlərini məşğul edən və sevindirən Allahın xatırlanması Onun zikridir.

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!

Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!

Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə inanın!" - deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !

Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə və’d etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz və’dinə xilaf çıxmazsan!"("Ali-imran”,190-194)

İslam dininin sütunu hesab edilən namaz uca Allahı xatırlamaq, onu zikr etmək üçün ən mühüm vasitələrədən biridir. Hər bir şəxs gün ərzində müxtəlif vaxtlarda Allaha namaz qılmaqla Onun əzəmətini, sonsuz qüdrət sahibi olduğunu yada salır. Bu haqda Qurani-Kərimdə oxuyuruq:

إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلوةَ

"Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”("Taha”, 14-cü ayə.)

Bu əmrə tabe olmayan şəxslər zaman ötdükcə Xaliqlərini unudacaq və şeytan bu fürsətdən istifadə edərək onları azğınlığa sürükləyəcəkdir.

Namaz İlahi dəstəkdir

Yaşadığımız dünya müxtəlif çətinliklərlə olan bir məkandır. Bütün bu çətinliklərə sinə gərmək, sıxıntılarla mübarizə aparmaq hər şəxsin ümdə vəzifələrindən biri sayılır. Lakin, hər bir problem maddi səylər nəticəsində öz həllini tapa bilmir. İnsan iki qütblu - həm cism və həm də ruhdan ibarət olduğu üçün mənəvi aləmə də diqqət yetirməli və bu vasitə ilə İlahi rəhmətə qovuşaraq özünü zamanın amansız fırtınalarından amanda saxlamalıdır. Quari-Kərimin buyuruğuna əsasən, insana dəstək verən ən əsaslı mənəvi qüvvələrədən biri də namazdır. Bu haqda "Bəqərə” sürəsinin 45-ci ayəsində oxuyururq:

وَاسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلوة

"Səbr və namazdan dəstək alın!”

Məlum sürənin 153-cü ayəsində yenə də iman sahiblərinə xitab olaraq belə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلوةِ

"Ey iman gətirənlər, səbr və namazdan dəstək alın”

Allah zikrindən güc alan şəxs yeni bir ruhiyyə ilə həyata qayıdır, süstlük, tənbəllik ondan uzaqlaşır və bu, onun daha da çevik olmasına səbəb olur. İlahi nur sayılan namazın insan həyatına təsir göstərir.

İslam peyğəməri (s) çətinliklərlə qarşılaşdığı zaman namaza sığınır və bu mənəviyyat kanının əzəmətindən faydalanırdı. Belə ki, İmam sadiq (ə) buyurur: "Allahın rəsulu narahat olduğu zaman namaz qılırdı”("Sünənun-Nəbi”.).

Böyük mütəfəkkir Əbu Əli Sina hər hansı bir elmi məsələni həll etməsində çətinlik çəkdiyi zaman namaz qılıb, Allaha dua edərdi. O, bu haqda deyir: "Zehnim hər hansı bir elmi məsələni həll edə bilmədiyimdə dəstəmaz alır, İmam Hüseynnin (ə) türbətini qarşıma qoyub, üzü qibləyə tərəf iki rükət namaz qılır əqlin, düşüncənin Allahına pənah apararaq ondan imdad diləyirdim. Namazdan sonra Allaha təvəssül edib, yenidən o səhifəni oxumağa başlayırdım. Bu zaman mənə fikri, elmi ilhamlar olur və mən ən dərin elmi məsələləri həll edirdim”("Gəncineyi-maarif”, səh.741.).

Əbu Əli Sina kimi bir şəxsi elm qüruru aldada bilməyib, Allaha səcdə edərək, razü-niyaz edibsə, biz bu məsələlərdə daha diqqətli olmalıyıq.

Allahı zikr etmək, mübarək adlarına sığınmaq, ona təvəkkül etmək və bütün bunlardan əldə edilən ruh yüksəkliyi ilə çalışmaq çətinliklərin həlli üçün ən böyük vasitədir.

Mütəal Allah hər an bizə yaxşılıq edir, hamıya saysız nemətlər təqdim edir, bizi kamala doğru aparır, dünya və axirət səadətimizi təmin edir. Belə olan halda biz Yaradanımızın etdiyi bu yaxşılıqlar qarşısında təzim edib, ona təşəkkür etməməliyikmi?

Allah Qurani-kərimdə buyurur:

مَّا يَفْعَلُ اللّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَآمَنتُمْ وَكَانَ اللّهُ شَاكِرًا عَلِيمًا

"Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!” ("Nisa”, 147.)

Şükr etmək neməti artırdığı kimi, nankorluğun aqibəti isə əzabla nəticələnir.Quran buyurur:

وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لأَزِيدَنَّكُمْ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ

"(Ey insanlar!) Yadınıza salın o zamanı ki, Rəbbiniz bunu buyurmuşdur: "Əgər (Mənə) şükür etsəniz, sizə (olan ne’mətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki,) Mənim əzabım, həqiqətən şiddətlidir!”("İbrahim”, 7.)

Aqil Niyamın "Quranda namaz" kitabından

Ahlibeyt.az

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Yanvar, 2016  09:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!