إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tbilisidə “Qurani-Kərim”in gürcü və Azərbaycan dillərinə tərcüməsinin təqdimatı keçirilib(Foto)

Gürcüstan paytaxtı Tbilisidə “Qurani-Kərim”in gürcü və Azərbaycan dillərinə tərcüməsinin təqdimatı keçirilib - 3000 tirajda 1212 səhifədən ibarət olan Allahın kitabı Gürcüstanda olan dini məkanlara, təhsil ocaqlarına, kitabxanalara, təşkilatlara, həbsxanalara və inanclı müsəlman əhaliyə verilməsi nəzərdə tutulub

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə,Tədbirdə Gürcüstanın baş nazirin köməkçisi, nazir müavinləri, İran İslam Respublikasının nümayəndələri, Diaspora üzrə Gürcüstanın Dövlət Komitəsinin rəsmisi, Türkiyədən gələn din xadimi, Gürcüstanda fəaliyyət göstərən müxtəlif dini icmaların nümayəndələri və Acarıstan və Kvemo Kartli bölgəsindən gələn müsəlmanlar iştirak ediblər.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov çıxış edərək “Qurani-Kərim”in haqqı batildən, əyriliyi dürüstlükdən ayıran bir kitab olduğunu bildirib: "Qurani-Kərimin növbəti adı Kitabdır. Quranda 32 yerdə bu göstərilib. Bəşəriyyət hələ də bu kitaba layiqli qiymətini verməyib. Bəzən müxtəlif hadisələrdə radikal qruplar əllərində tutduqları şüarlara Quran ayələrindən sözlər yazırlar və Qurani-Kərimi gözdən salırlar. Qurani-Kərim hələ də yas məclislərindən çıxa bilməyib. Quran Allahın kitabı olmaqla bərabər, digər səmavi kitablar olan "İncil", "Tövrat" kitablarını da öz səhifələrində təsdiq edir. Bu kitablarda verilən ayələr də Allah tərəfindən göndərilən sözlərdir.Bütün bunlar Allahın varlığını təsdiq edir. Mən bütün insanları Qurani-Kərimi oxumağa dəvət edirəm. Düşünürəm ki, insanlar arasında bununla sülh, əmin-amanlıq yarana bilər".

Daha sonra Gürcüstanın Dini Məsələlər üzrə Agentliyinin rəhbəri Zaza Vaşakmadze çıxış edərək “Qurani-Kərim”in iki dildə təqdimatının keçirilməsini vacib hadisə adlandırıb və yeni il münasibətilə bütün müsəlmanları təbrik edib. O, çıxışında Gürcüstanda yaşayan və fəaliyyət göstərən müsəlmanlar arasında birlik olduğunu qeyd edib: "İnanıram ki, insanlar Qurani-Kərimi oxuduqdan sonra İslamın sağlam din olduğunu biləcəklər. Mənim 15 dildə “Qurani-Kərim” kitabım var. Gürcüstan tolerantlığı qoruyub saxlayır və ölkəmizdə bütün dini nümayəndələr öz dillərində dini kitablar oxuyurlar. Mən də çalışacam ki, gələcəkdə “Qurani-Kərim”i öyrənim", deyə Z. Vaşakmadze bildirib.
O, çıxışında gələcəkdə Gürcüstanda iki dini ali məktəb üçün bina tikiləcəyini də bildirib.

“Qurani-Kərim”in təqdimatında GMİ-nin Acarıstan üzrə müftisi Beqlyar Kamaşidze, baş nazirin köməkçisi Savalan Mirzəyev, Şərqi Gürcüstan müftisi Yasin Əliyev, Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili, İran İslam Respublikasının Gürcüstandakı Mədəniyyət Mərkəzinin rəhbəri Mustafa Kamranfər, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev və başqaları çıxış edərək Gürcüstan dövlətinin tolerant bir ölkə olduğunu, “Qurani-Kərim”in Qanun kitabı və bu kitabın insanları sülhə dəvət etdiyini və kitabın tolerantlığı, şəffaflığı və saflığı öyrətdiyini bildiriblər.

Mərasimində qeyd olunub ki, Gürcüstanda “Qurani-Kərim” kitabı üç dəfə tərcümə olunub. Bu gün təqdimatı keçirilən kitabı Azərbaycan dilinə Ağabala Mehdiyev və Dürdanə Cəfərli tərcümə edib. Qurani Kərimi  gürcü dilinə görkəmli gürcü tərcüməçisi Rezo Mikeladze tərcümə edib.









Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Dekabr, 2015  12:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!