إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlmanları xristian edən qüvvə - İŞİD

Bu günlərdə dünyanın bütün informasiya  agentlikləri belə bir xəbər yaydılar: Almaniyaya pənah gətirən yüzlərlə müsəlman qaçqın kütləvi surətdə xristianlığı qəbul edirlər.

Əlbəttə, bu addımı atanları “qamçılamaq”, zəiflikdə ittiham etmək, buqələmun adlandırmaq asandır. Amma məsələyə bir qədər başqa aspektdən də yanaşmalıyıq.

Sözsüz ki, İslamdan rəsmi surətdə üz çevirən insanların arasında ancaq adı müsəlman, özü isə sözün əsl mənasında heç nə olanlar var. Bəlkə də belələri çoxluq təşkil edir. Yəni bu insanların həyat tərzində hələ Almaniyaya gəlməmişdən öncə də müsəlmanın həyat tərzinə bənzər bir əsər-əlamət yox idi. Nə vacibatları yerinə yetirir, nə haram bilir, nə də halallıq axtarırdı. Eyni zamanda bu insanların bir qismi dinindən imtina etmək bahasına olsa belə özünün və ailəsinin təhlükəsiz gələcəyini təmin etmək haqqında düşünüb. Ola bilsin ki, bir qism ümumiyyətlə elə əvvəldən İslam dininə mənfi mövqedə olub. Amma istənilən halda insanın dədə-baba dinindən üz döndərməsi üçün psixologiyasında ciddi dəyişikliklər baş verməlidir, o ciddi sədləri aşmalıdır, bunun üçün ciddi əsaslar olmalıdır.

Görünən budur ki, İŞİD-in üzdəniraq fəaliyyəti bu əsasları kifayət qədər çoxaldıb. Nə qədər baş kəsmək, qan tökmək, günahsız insanlara işgəncə vermək, axmaq xülyalara xidmət etmək olar? Özü də bütün bunlar İslam adı altında həyata keçirilir. Artıq bu qan dənizindən bəzi müsəlmanlar da qaçıb yaxasını dinlərini dəyişməkdə xilas axtarırlarsa, o zaman görün xristianlar, yəhudilər, hindular nə düşünürlər İslam haqqında?

Bütün bunlara nəzər saldıqdan sonra meydana belə bir sual gəlir: görəsən İŞİD fəaliyyətə başlayanda, qətlləri sıralayanda sonda İslamın bu dərəcədə nüfuzdan düşəcəyini bilmirdimi? Bu suala “yox” cavabı vermək sadəcə mümkün deyil. Burda “yox” demək üçün ya gərək son dərəcə təəssüb yükü götürəsən boynuna, ya da, üzr istəyirik, axmaq olasan. İŞİD terrorçularını ərsəyə gətirən, onları müsəlman ümmətinin üstünə qısqırdanlar, əlbəttə ki, bütün bunları əvvəlcədən hesablayıblar. Elə İŞİD-in yaranmasının bir məqsədi də İslamı gözdən salmaq idi. İŞİD də üzərinə düşənləri “vicdanla” yerinə yetirir. Bundan vəcdə gələn dünya KİV-i terrorçuların cinayətlərini “bəh-bəh”lə təqdim edir və onları bir qədər də qızışdırır. İŞİD-çilər də öz növbəsində dünya KİV-indən geri qalmır və vəcdə gəlir, daha da vəhşi edam üsulları düşünür, insanlıqdan daha da uzaqlaşırlar. Guya “kafirlərə” qarşı cihad edirlər, əslində isə şiə-sünni demədən bütün müsəlmanlara düşmənçiliklərini sürdürürlər.

Sonda isə qeyd etmək istərdik ki, yüzlərlə, hətta minlərlə insanın müsəlmanlıqdan xristianlığa və yaxud başqa dinlərə üz tutmaları heç də İslamın tezliklə süqut etməsi anlamına gəlmir. Allah Özü Quranda söz verib ki, bu dini ta Qiyamətə qədər mühafizə edəcək. Amma hər halda şahidi olduğumuz bu proseslər üzməyə, sarsıtmaya bilməz. İŞİD bu ümməti yalnız fiziki deyil, həm də mənəvi qətlə yetirir. Allah tezliklə bu bəladan müsəlmanları azad etsin!

Mənbə İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2015  12:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!