إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Mömin möminin güzgüsüdür”...

Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur bir hədisi vardır: “Mömin möminin güzgüsüdür”. Aşağıda bu hədis bəzi misallarla şərh olunur. Həqiqətən, güzgüdə olan bəzi xüsusiyyətlər mömində olsa, o, hər şeyi olduğu kimi əks etdirən bir güzgüyə dönər.

1. Güzgü hər şeyi olduğu kimi əks etdirir, heç nəyin eybini, nöqsanını gizlətmir, heç nəyin gözəlliyini əksiltmir. Onun üçün əks etdirdiyi hər şey eynidir. Güzgü heç kimə tərəfkeşlik etməz, heç kimlə şəxsi-qərəzlik saxlamaz. Onun qarşısında hamı bərabərdir. Güzgü üçün varlı-kasıb, qoca-cavan, gözəl-çirkin yoxdur. Onun vəzifəsi hamını eyni dəqiqiliklə əks etdirməkdir. Mömin də belə olmalıdır. İnsanlara münasibətdə ayrı-seçkiliyə yol verməməlidir. Hər kəslə düzgünlük, ədalət əsasında rəftar etməlidir.

2. Güzgü hər şeyi öz ölçüsündə göstərir. Heç nəyi böyüdüb-kiçiltmir. Güzgü böyüdücü şüşə deyil ki, kiçik bir zərrəni şişirdib böyütsün. Mömin də başqasının xüsusiyyətlərini olduğu kimi, öz ölçüsündə dəyərləndirməlidir. Özgəsinin eybini qabartmamalı, “milçəkdən fil düzəltməməlidir”. Bəzi əks böyüdücülər kimi böyüyü də kiçik göstərməməlidir, yəni insanların yaxşı cəhətlərini görməzliyə vurmamalı, dəyərsiz saymamalıdır.

3. Güzgü hər şeyin surətini, onunla üzbəüz durduğu zaman göstərir, onun arxasında iş görmür. İnsan güzgünün qarşısında durduğu zaman həqiqəti tam çılpaqlığı ilə görür. Mömin də öz mömin qardaşının eybini söyləmək istəyirsə, bunu onunla üzbəüz durduğu zaman etməlidir. Başqasının arxasınca qeybət edən kəs mömin sayılmaz.

4. Güzgü əşyanın surətini yadda saxlamaz. Əşya onun qarşısından çəkilən kimi güzgüdəki surət də itər. Güzgünün “yaddaşı” olmaz. Mömin də başqalarının eybinə və pis hərəkətinə qarşı bu cür davranış göstərməlidir. Özgəsinin əskikliyini, nöqsanını tez unutmalı, bir zaman başına qaxanc etmək məqsədi ilə yaddaşında saxlamamalıdır. Özgənin pis hərəkətini unutmaq, pisliyə pisliklə yox, yaxşılıqla cavab vermək möminin sifətlərindəndir.

5. Güzgü hər şeyin həm yaxşı, həm də pis tərəflərini göstərər. Güzgüdən bunu gözləmək əbəsdir ki, bir kəsin çirkinliyini gizlətsin, yalnız gözəlliyini əks etdirsin. Yaxud bir şeyin yaxşı cəhətlərini gizlətsin, ancaq pislikləri qabartsın. Mömin də hər şeyə obyektiv qiymət verməlidir. Kiminsə yaxşılığını ört-basdır edib, pisliklərini qabartmamalı, yaxud əksinə nöqsanlarına pərdə çəkib, onu layiq olmadığı üstün məqamda təqdim etməməlidir.

6. Güzgünü sındırsan da, hər parçası əşyanı əks etdirəcək. Güzgünün hər tikəsi eyni təsviri özündə daşıyar. Mömin də min cür əziyyətə düçar olsa belə, yolundan dönməz. Onu tikə-tikə etsələr belə, hər tikəsi həqiqəti söyləyər. Mömin çətinlik və sıxıntı anında belə, həqiqətdən, ədalətdən əl götürməz. Heç nəyə münasibətini dəyişməz, qorxu üzündən zülm etməz, başqasının haqqına təcavüz etməz.

7. Güzgü o zaman hər şeyi düzgün əks etdirər ki, üzəri tozlanmasın, səthi tam parlaq və hamar olsun. Üzərində cızığı, ləkəsi olan, toz basmış güzgü ya heç nəyi göstərməz, ya da əyri göstərər. Mömin də əgər öz daxilini təmizləsə, ətrafda baş verənlərə düzgün və obyektiv qiymət verər. Əgər nəfsindəki çirkinlikləri ləğv edə bilməsə, yanaşması səhv, dəyərləndirməsi qərəzli olar.

8. Güzgünü sındırandan sonra düzəltmək çox çətin, hətta qeyri-mümkündür. Sınmış zərrələr nə qədər ciddi-cəhdlə bir-birinə bitişdirilsə belə, əvvəlki kimi olmaz və güzgü əvvəlki bütövlüyünü bərpa etməz. Möminin qəlbi də bu cürdür. Onu sındırmaq böyük günah və əvəzi verilməz xətadır.

9. Güzgünü sındırmaqla əşyanın özü məhv olmaz. Sadəcə olaraq, əşyanın surəti itər. Amma o, yenə əvvəlki kimi öz yerində qalır. Yəni güzgünü “nöqsanı olduğu kimi göstərir” ittihamı ilə sındırmaqla həmin nöqsan aradan getməz. Ən azından, başqa bir güzgü yenə o nöqsanı göstərəcək. Mömini aradan götürməklə haqqı məhv etmək olmaz. Bir mömin aradan getdisə, başqa mömin onun yerini tutar.

Mənbə:islam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2015  12:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!