إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda "Dinlərdə qadın haqları" mövzusunda konfrans keçirilib (fotolent)

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təşkilatçılığı ilə Gürcüstanın paytarxıTbilisidə "Dinlərdə qadın haqları" mövzusunda konfrans keçirilib.


Ahlibeyt.az-ın apa-ya  istinadən verdiyi xəbərə görə konfransda Gürcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycanın, Türkiyə və İranın bu ölkədəki səfirliklərinin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının, dini icmaların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.


GMİ şeyxi Ramin İgidov, GMİ-nin müftisi Beqlyar Kamanidze, GMİ-nin Şərqi Gürcüstan müftisi Yasin Əliyev, Dini məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşadze, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, Türkiyənin Gürcüstandakı səfirliyinin dini məsələlər üzrə məsləhətçisi Nəbi Gümüş, İranın Gürcüstanda fəaliyyət göstərən Əl-Mustafa Universitetinin rektoru Davud Qəşəmli, Gürcüstan-Azərbaycan Qadınlar İttifaqının sədri Leyla Süleymanova, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva, Əl-Mustafa Universitetinin nümayəndəsi Elnarə Cəfərli çıxış edərək qadına zorakılığa qarşı fikirlər səsləndiriblər.

Çıxışlarda bildirilib ki, sosial bərabərlik cəmiyyətin inkişafını təmin edən əsas amildir. Gürcüstanda qadınlara qarşı zorakılıq hallarının artması ölkə ictimaiyyətini çox ciddi narahat edir. Gürcüstanın Avropaya inteqrasiyası, Avropa İttifaqı ilə Assosiativ Sazişin imzalandığı bir vaxtda belə bir tədbirin keçirilməsi olduqca vacibdir.


Qeyd olunub ki, müxtəlif dinlər, eləcə də İslam dini qadınlara qarşı zorakılığı pisləyir. Xüsusən İslamda qadına kişilərlə bərabər hüquq verilir. Bu gün dünyada qeyd olunan gender bərabərliyi məhz İslam dininin bizə miras qoyduğu əsas prinsiplərdən biridir.


Diqqətə çatdırılıb ki, bu gün erkən nikahlar və boşanmalar, qadınların təhsildən yayınması zərif cinsə qarşı zorakılığa yol açan amillərdəndir. Bunun qarşısının alınması üçün gənclər arasında maarifləndirici tədbirlər keçirilməlidir. Bu işdə dövlətlə qeyri-hökumət təşkilatları sıx əməkdaşlıq etməlidir.


Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili çıxışında GMİ-yə bu konfransı təşkil etdiyinə görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, müasir zamanda insanlar dini həlledici amil kimi görürlər. Dövlət naziri zorakılığa qarşı mübarizədə maarifləndirmə təbliğatının daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Dekabr, 2014  10:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!